Hər zaman qalib gələcəyimizə inanmışam

Zümrüd Dadaşova-İordaniyada Azərbaycan diasporunun rəhbəri və koordinatoru

Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan…
24 ildir ki mən İordaniyada daimi yaşayıram. İordaniyada Azərbaycan diasporunun rəhbəri və koordinatoruyam. Qeyd edim ki,diasporumuz azərbaycanlı, rus, ləzgi, tatar millətlərinin nümayəndələrindən ibarətdir.
Bir oğlum, bir qızım var. Övladlarımı Azərbaycana məhəbbət, dilimizə və adət ənənələrimizə böyük hörmət ruhunda tərbiyə etməyə çalışmışam. Həmişə fəxr edirəm ki Azərbaycanlıyam. Daima vətənimdə baş verən ictimai hadisələri yaxından izləyirəm.
44 günlük Vətən müharibəsi dövründə bütün ürəyimlə, dualarımla xalqımın, ordumuzun yanında olmuşam, ağır mənəvi sarsıntı keçirmişəm. Hər dəfə şəhid xəbəri eşidəndə sanki mən də ölürdüm, azad edilmiş kənd və şəhərlərimizin xəbərini eşidəndə isə yenidən həyata qayıdırdım. Hər zaman qalib gələcəyimizə inanmışam.
Yaxın günlərdə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin birinci ildönümünü qeyd edəcək. Bu qələbə xalqımızın birliyinin, Ali Baş komandan, cənab İlham Əliyevin apardığı düzgün və savadlı siyasətin və müzəffər ordumuzun yüksək peşəkarlığının nəticəsidir. Onlar bütün dünyaya və düşmənə «dəmir yumruğun» və gücün birlikdə olduğunu göstərdilər. Atalar sözündə deyildiyi kimi: El bir olsa dağ oynadar yerindən.
44 günlük Vətən müharibəsi ərzində və şanlı qəlbimizdə ötən bir il ərzində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz kimi,biz də yaşadığımız ölkədə insanlara Azərbaycan həqiqətlərini şəxsi söhbətimizdə, sosial şəbəkələrdə, yerli mediada çatdırmağa çalışırdıq. Bu işdə Azərbaycan Respublikasının İordaniyadakı səfirliyi mütəmadi olaraq yerli mətbuatda məqalələrlə çıxış edirdi. Bu yazarlar oxucuların böyük marağına səbəb olurdu.
Diaspor fəalları da məqalələrlə yerli mediada çıxış edirdi.Şəhidlərin xatirəsinə diaspor fəalları ehsan verirdilər.Övladlarım 6 dildə sosial mediada Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışırdılar. Torpaqlarımızın azad edilməsində canından keçən şəhidlərimizin əziz xatirəsini diaspor fəalları tərəfindən hörmətlə yad edilmişdir. Diaspor üzvləri maddi yardım toplayıb, müdafiə fonduna köçürüblər.
Azərbaycanda, işğaldan azad edilmiş torpaqlarımızda gedən bərpa və yenidənqurma işləri bizi sevindirir. Əvvəlkindən də gözəl, müasir tələblərə uyğun yollar, infrastruktur, aeroportlar və s. tikilir.
Vətənim Azərbaycana sülh, əminamanlıq və gözəl gələcək arzu edirəm.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin.
#Qarabağ Azərbaycandır!
#Bizbirlikdəgüclüyük