Mingəçevirdə iki yaşlı bacısını qoruyan 12 yaşlı oğlan özünü körpə bacısına hücum edən itin qarşısına atıb.
Kanal32.az xəbər verir ki, hadisə şəhərin Müşfiq Rəhimov küçəsinin fərdi təsərrüfatlar yerləşən 1 saylı döngəsində baş verib. İki yaşlı bacısı Fatimə ilə küçədə yol gedən 2009 cü il təvəllüdlü şəhər sakini Osmanlı Novruz Qadir oğlu gözlənilməz hadisə qarşısında əsl fədakarlıq göstərib.
Zəncirdən açılan qonşunun iti açıq darvazadan qəfil yola çıxaraq iki yaşlı Fatimənin üzərinə şığıyıb.Yaşının azlığına rəğmən cəsarətli qardaş bacısını tez qucağına alıb özünü irəli verərək itlə əlbəyaxa olub.
Hadisə nəticəsində sağ diz nayihəsindən yaralanan 12 yaşlı oğlan ətrafdakıların köməyi ilə özünü və qoruduğu bacısını itin hücumundan qurtara bilib. Mingəçevir Şəhər Mərkəzi xəstəxanasına çatdırılan yaralı uşağa zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
Ehtiram Muradov