Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür.
- Şirinov müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarıb. Aİİ rektoru 44 günlük Vətən müharibəsinə diqqət çəkərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məğlubedilməz Ordumuzun qələbəsinə diqqət çəkib. Vurğulayıb ki, bu qələbə xalqımızın qəlbində və zehniyyətində qəhrəmanlıq salnaməsinə çevrilib.
Sonra İlahiyyat fakültəsi İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa çıxış edib. O, dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs edib.