Budapeştdəki Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunda (IFAT) “Türk dövlətləri – müstəqilliyin və əməkdaşlığın 30-cu ildönümü: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda beynəlxalq konfrans başa çatıb. Konfrans Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – Türk Şurası tərəfindən təşkil edilmişdi.
AZƏRTAC xəbər verir ki, IFAT-ın direktoru Marton Uqroşdi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik məsələləri üzrə dövlət katibi Peter Staray və Türk Şurasının baş katibinin müavini Qismət Gözəlov konfrans iştirakçılarını salamlayıblar.
Tədbirin fəxri qonaqları arasında Türk Şurasının Ağsaqqallar Şurasının üzvləri – Türkiyə hökumətinin keçmiş rəhbəri və Türkiyənin sabiq nəqliyyat naziri Binəli Yıldırım, Azərbaycanın sabiq Baş naziri və ölkəmizin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Həsən Həsənov da tədbir iştirakçıları qarşısında çıxış ediblər.
Konfransın əsas məruzəçisi – Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə öz nitqində keçən ilin payızında 44 günlük müharibədə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi ilə çox böyük rol oynadığını qeyd edib. T.Tağızadə vurğulayıb ki, müharibədən sonrakı dövrdə də, xüsusən işğaldan azad edilmiş ərazilərin bərpası və regionda arası kəsilmiş nəqliyyat kommunikasiyalarının reabilitasiyası məsələlərində qardaş ölkənin Azərbaycana köməyi əvvəlki kimi böyük rol oynayır. Səfir qeyd edib ki, Zəngəzur dəhlizi həm ikitərəfli Azərbaycan-Türkiyə əlaqələri üçün, həm də bütün regionun inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Səfir 44 günlük müharibə dövründə Macarıstanın Azərbaycana siyasi dəstək verməsini, həmçinin müharibədən sonrakı dövrə aid layihələrdə fəal praktiki iştirakını vurğulayaraq, bu ölkəyə təşəkkürünü bildirib, bununla paralel olaraq Aİ ölkələrinin, o cümlədən Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın xüsusi rolunu qeyd edib. Diplomat çoxtərəfli əməkdaşlıq formatında əlaqələndirici element olan Türk Şurasının rolunun artmasına diqqəti cəlb edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Şuşa Bəyannaməsinin taleyüklü sənəd olması məsələsinə toxunub. O qeyd edib ki, Türk Şurasının üzvü olan ölkələr müstəqilliyin 30 ili ərzində çətin yol keçiblər. İndi onların qarşısında yeni perspektivlər açılır. Azadlıq müharibəsində Azərbaycanın Qələbəsi təkcə bu ölkənin özü üçün deyil, bütün region üçün böyük imkanlar yaradır. Natiq Bakı ilə Aİ üzvü olan digər ölkələr arasında dialoqda Macarıstanın mühüm rol oynamasını qeyd edib.
Sonra çıxış edən məruzəçilər Türk Şurası dövlətləri arasında əlaqələrin inkişafının əsas aspektlərinə və əməkdaşlığın daha da dərinləşməsi üçün onların qarşısında açılan yeni imkanlara toxunublar.
Konfrans jurnalistlər və Macarıstanın ekspertləri arasında böyük marağa səbəb olub.