İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq elmi konfransda çıxış edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradov Əlcəzair Xalq Demokratik Respublikasının Biskərə, Vəhran 1, Sidi Bilabbas universitetləri və Səudiyyə Ərəbistanı Krallığı Virtual Ədəbiyyat Məclisinin təşkilatçılığı ilə “Kombinativ praqmatika və onun ərəb dilinin tədrisində tətbiqi” mövzusunda onlayn formatda keçirilən beynəlxalq elmi konfransda çıxış edib.

Bu barədə  institutdan məlumat verilib. Bildirilib ki, konfransda dosent İ.Əlimuradov “Azərbaycanda ərəb dilinin tədrisi: Azərbaycan İlahiyyat İnstitutunun nümunəsində” mövzusunda məruzə ilə çıxış edib. O, ərəb dilinin beynəlxalq dil, İslamın ana dili olması ilə yanaşı, milli irsimizi, xüsusilə orta əsrlərdən başlayan tarixini araşdırmaqda mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Məruzəçi ölkəmizdə müxtəlif orta və ali təhsil müəssisələrində ərəb dilinin tədrisi ilə bağlı əldə olunan nailiyyət və təcrübələrdən bəhs edib. İ.Əlimuradov konfrans iştirakçılarının diqqətini ərəb dilinin dini elmlərin, xüsusilə də İslam ilahiyyatının öyrənilməsindəki müstəsna roluna yönəldib, Azərbaycan İlahiyyat İnstitutunda bu dilin tədrisinə xüsusi əhəmiyyət verildiyini bildirib.

Kafedra müdiri, eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutu və onun uğurlu fəaliyyəti haqqında ətraflı məlumat verib.