Şərqşünas Həşim Məmmədov
Jurnalist Əli Zülfüqaroğlu
Dahi Azərbaycan şairi İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) təkcə Azərbaycanın deyil, bütün ilsam dünyasının qürur duyacaı dahi şəxsiyyətdir. Nəsimi islamı və bəşəri ideyaları təbliğ edən heyrətamiz zəkaya sahib bir folosofdur.
Nəsimi 1369cu ildə Şamaxıda andan olub, 1417-ci ildə Suriyanın Hələb şəhərində vəfat edib və orada dəfn edilib. İlk təhsilini Şamaxıda alan Nəsimi dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib.
Nəsimi dünya çapında bir filosofdur və onun bütün dünyada daha çox tanıdılmasına, təbliğ edilməsinə ehtiyac var. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 noyabr 2018-ci ildə sərəncam imzalayaraq 2019-cu ili “Nəsimi ili” elan edib. Sərəncama əsasən böyük şairin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd edilib.
Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev deyirdi: “Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinətanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqda danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur”.
Prezident İlham Əliyev bildiridb ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır: “O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir…”.
Qeyd edək ki, Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirir. Bu mərhələdə şair öz əsərlərini “Hüseyni”, “Seyid Hüseyni”, “Seyid” təxəllüsləri ilə yazır.
Filosof Zümrüd Quluzadə yazır: “Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-Allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər. ” Daha sonra oxuyuruq: “Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan etibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı təlimin eynilə təkrarı deyil”.
Akademik Rafael Hüseynovun sözlərinə görə, Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi də dahi sənətkarın sənətinə verilən böyük qiymətin ifadəsidir: “Nəsimi insan düşüncələrinə çox dərindən vaqif olub və özündən sonrakı ədəbiyyata böyük təsir göstərib. Nəsimi düşüncə modelləri yaradan mütəfəkkir idi…Orta əsrlərdə etiraz hərəkatları daha çox şəhərlərdə olurdu. Bu hərəkatlarda hürufilik bir vasitə idi. Nəsimiyə qarşı hökmdarların sərt mövqeyinin arxasında ciddi siyasi səbəblər də dayanırdı. Çünki onun arxasınca gedən insanlar vardı.
Nəsimi irsi, həmçinin təriqətlərlə bağlı insanların düşüncələrinə təsir göstərib. Məsələn, Nəsimi ənənəsi Anadoluda XX əsrin əvvəllərinə qədər davam edib…”.
Rus şərqşünas Lev Ozerov Nəsimini “Kainatda günəş” adlandırıb: Ozerov hələ sovet dönəmində yazırdı: “Nəsimi poeziyası 600 ilin qaranlığını işıq şüası kimi yırtaraq bizə gəlib çatıb. Ən qiymətli cəhət də budur ki, o, indi də əvvəlki kimi parlayır! Mən Nəsimini dünya lirikasının Koperniki adlandırmaq istəyirəm. Nəsimidən yüz il kiçik olan Kopernik təsdiq edirdi ki, kainatın mərkəzi Yer deyil, Günəşdir. Böyük astronomun Günəş haqqında dediklərini Nəsimi ondan yüz il əvvəl insan haqqında demişdir. Günəş kimi insan da kainatın mərkəzində durur. Nəsiminin poetik sisteminin əsas müddəası məhz budur”.
Amerikalı publisist Cozef Nort isə deyir: “Dahi Nəsimi şahlar, sultanlar, xaqanlar dövründə, cəhalət zülmətində, ictimai ədalətsizlik hökm sürən bir zamanda Prometey kimi canını, qəlbini məşələ döndərib qaranlıqlara ildırım tək şəfəq saçıb. Buna görə də onun müdrik və hikmətli sözləri dünya durduqca zülmətləri parçalayıb nəsillərdən-nəsillərə keçə-keçə örnək olacaq. Nəsiminin dərin mənalı, diqqətəşayan sözlərini oxuduqda heyrətlənməmək, qürur, fərəh duymamaq olmur…”.
Mərhum professor Hüseyn Həşimli yazırdı: “Mütəfəkkir ədibimiz İmadəddin Nəsimi qədim və zəngin tarixə malik Azərbaycan ədəbiyyatının ən məşhur nümayəndələrindən biridir. Onun yaradıcılığı mövzu-ideya dolğunluğu, bədii mükəmməlliyi ilə səciyyələnir. Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması haqqında” 15 noyabr 2018-ci il tarixli Sərəncamında deyildiyi kimi: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır”. Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi də dahi sənətkarın sənətinə verilən böyük qiymətin ifadəsidir”.
Onun sözlərinə görə, Nəsimi şeirlərində dəfələrlə vurğulayırdı ki, insanı mənəvi kamilliyə çatdıran haqq yoludur, ona görə də əsl sadiq aşiqlərin ən böyük sevgisi də bu haqqa bəslənilən hüdudsuz eşqdır: “İnsan bu hüsni-lütf ilə gövhər dеgilmidir?”- deyən şair insanı ali varlığın bir zərrəsi sayır, onun qüdrət və əzəmətinə böyük inam və ehtiram bəsləyirdi. Şairin fikrincə, kamil insan elə bir mənəvi zənginliyə malikdir ki, onda hər iki cahan – maddi və mənəvi aləm sığışa bilər, belə insan elə ilahi dəyərə malikdir, məkansız gövhərdir:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.
Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün,
Kəs sözünüvü əbsəm ol, şərhi-bəyana sığmazam.
Arif insanların könlünü “ərşi-həqq” sayan İmadəddin Nəsimi şeirlərində dəfələrlə nəzərə çatdırırdı ki, mənəvi cəhətdən naqis olanlar bəlalara, nöqsanlara tuş gələrlər, ona görə də hər bir şəxs idrakın gücü ilə kamilliyə qovuşmağa can atmalıdır:
Naqis vücuda çün kim, nöqsan gəlir həmişə,
Cəhd eylə, kamil ol kim, gəlməz kəmalə nöqsan.
Nəsimi şəxsiyyət azadlığına xüsusi önəm verir, obrazlı şəkildə “müqəddəs bülbül” adlandırdığı insanın qəflətdə qalıbqəfəsə giriftar olmasını məqbul saymır, onu buxovlardan çıxmağa, azadlığa, sərbəstlik məkanı kimi yeni gülüstana səsləyirdi:
Ey bülbülü-qüdsi, nə giriftari-qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə.
Humanist sənətkar olan Nəsimi insanlarda düzlüyü, doğruçuluğu vacib şərt sayırdı. Hər cür saxtakarlığın, süniliyin əleyhinə çıxan şair əyri dil sahiblərini, yəni könlündəki düşüncələri ilə danışığındakı sözləri bir-biri ilə uyğun gəlməyən riyakarları “dil bazarçısı” adlandıraraq tənqid edirdi…”.