Moskva İslam İnstitutunun rektoru Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib

Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun (Mİİ) rektoru, professor Demir Muxetdinov Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Aİİ rektoru, dosent Aqil Şirinov D.Muxetdinovu  salamlayaraq, qonağı ikinci dəfə ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Daha sonra İnstitutun  hazırkı fəaliyyəti, tədris prosesi, təhsilalanlar barədə geniş məlumat verib.

A.Şirinov bildirib ki, artıq doktorantura səviyyəsi üzrə də qəbul həyata keçirilir – dinşünaslıq və dinin tarixi və fəlsəfəsi istiqamətləri üzrə hazırda üç tələbə təhsil alır.

Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, professor Demir Muxetdinov çıxış edərək, 44 günlük Vətən müharibəsində qazanılan zəfər münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, müharibə zamanı ünvanladıqları rəsmi məktubla Azərbaycan xalqına dəstəklərini nümayiş etdiriblər.

Daha sonra Aqil Şirinov Vətən müharibəsi zamanı göstərdikləri mənəvi dəstəyə görə rusiyalı qonağa dərin minnətdarlığını bildirib.

Professor Demir Muxetdinov Moskva İslam İnstitutunda aparılan elmi tədqiqatlar haqqında geniş məlumat verib. O, əməkdaşlıq memorandumu çərçivəsində tələbə mübadiləsi, bir sıra digər layihələrin həyata keçirilməsinin mümkünlüyünü ifadə edib. Qonaq, həmçinin azərbaycanlı ictimai xadimlərin və ziyalıların Rusiyada olan fəaliyyətləri barədə də söhbət açıb. Bildirib ki, hazırda tatarların Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın əsası ictimai xadim Şəmsi Əsədullayev tərəfindən qoyulub.

Görüşdən sonra “Müasir İslam düşüncəsi” mövzusunda  seminar təşkil olunub. Aİİ əməkdaşlarının iştirakı ilə baş tutan tədbirdə Aİİ rektoru Aqil Şirinov və Mİİ rektoru Demir Muxetdinov çıxış ediblər.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.