İordaniyalı jurnalist Əbdülhəmid əl-Kəbi İraqın “Əcnədin” portalında Azərbaycan Prezidenti İlham Əliyevin siyasi liderlik və sərkərdəlik məharətindən bəhs edən məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 ilə yaxın müddətdə ölkə həyatının bütün sahələrində böyük uğurlar əldə olunduğu diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin müdrik siyasətini davam etdirən dövlət başçısının ən böyük uğuru Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpasıdır. O qeyd edir: “Təxminən 30 il düşmən tapdağı altında qalan torpaqları azad edən, orada Azərbaycan bayrağını ucaldan Prezident İlham Əliyev siyasi lider və sərkərdə kimi adını əbədi olaraq tarix səhifəsinə yazıb. O, eyni zamanda, ölkənin iqtisadi gücünü və hərbi qüdrətini artırıb, xalqını öz ətrafında birləşdirib. Sosial islahatlar, demokratiyanın inkişafı, plüralizm və ən əsası insan hüquq və azadlıqlarının təmin edilməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin bəhrəsidir”.
Məqalədə qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük müharibədə qazanılan Qələbə təkcə Azərbaycana deyil, bütün Qafqaz regionuna davamlı sülh və sabitlik, habelə iqtisadi inkişaf vəd edir. Müəllif, həmçinin Azərbaycanın artan beynəlxalq nüfuzundan, İslam ölkələri, o cümlədən İordaniya ilə əlaqələrinin perspektivlərindən də ətraflı bəhs edib.