Azərbaycan və azadlıq müharibəsindən sonra yeni reallıq

Azərbaycan geosiyasi baxımdan mürəkkəb və həssas regionda yerləşir, bu isə rəsmi Bakını beynəlxalq münasibətlərdə daha korrekt və balanslı siyasət yürütməyə vadar edir.

Yerləşdiyi coğrafiyanın mürəkkəbliyinə nəzər salaq: Azərbaycan şimaldan Rusiya, cənubdan İran və Türkiyə ilə sərhəddir. Hər üç dövlət regional oyunçulardır və Moskva təşəbbüsləri ələ almaq yönündə çalışır.

Azəraycanın digər qonşuları Gürcüstan və Ermənistandır, Bakı ilə Tbilisini iqtisadi tellər bir-birinə daha yaxınlaşdırır və Bakının strateji önəmi artır.

Toqquşan maraqlara baxmayaraq Ermənistan istisna olmaqla (işğalçılıq siyasətinə görə) bütün qonşuları ilə texniki olaraq bərabərtərəfli münasibətlər qurub, Ankara ilə əlaqələr isə strateji və dostluq səviyyəsinə yüksəlib.

Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə çox diqqətlidir, iti ağlı, diplomatik baxış tərzi praqmatikdir, bu isə ölkəni təhdidlərdən sığortalaya bilir.

Təbii ki, zamanla Azərbaycanın Moskva ilə, Tehranla, Tbilisi ilə problemləri yaranıb, lakin qarşılıqlı maraq doğuran məsələlər bu problemləri “unutdurub”.

İlham Əliyev Qərblə də isti münasibətlər qurulması üçün hərəkətə keçib və bu effektiv nəticələr hasil edir.

Azərbaycan bununla Rusiyanın təsirini neytrallaşdırır və yeni strateji tərəfdaşlar qazanır. Təsadüfi deyil ki, Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanmaq ərəfəsindədir.

Bakı bütün ölkələrlə əlaqələr qurulmasında maraqlıdır, bunu təşviq etmək üçün isə addımlar atmaqdadır.

Azərbaycanın bu gün dünyanın dörd bir yanında səfirlikləri fəaliyyət göstərir. Siyasi əməkdaşlığın zəif olduğu dövlətlərlə isə iqtisadi əməkdaşlıq ön plana çıxarılır.

Azərbaycan ABŞ, Rusiya, Avropa İttifaqı ilə yanaşı, digər qlobal güc – Çinlə də əməkdaşlığı dərinləşdirir, Bakı Vətən müharibəsində İrəvan üzərində qələbə qazandıqdan sonra isə Pekinin regiona marağı artıb.

Bunun səbəbi Zəngəzur dəhlizidir, Çin Zəngəzur dəhlizini Asiya ilə Avropa arasında yeni bir logistika mərkəzi və orta dəhliz kimi dəyərləndirir.

Azərbaycanın digər dərin əməkdaşlıq etdiyi ölkə İsraildir, digəri isə dünya siyasətinin “susqun həmləsi” Böyük Britaniyadır.

Əməkdaşlıq miqyasının genişlənməsi Bakının əlini gücləndirir və bu, İlham Əliyevin düşünülmüş xarici siyasətinin nəticəsidir.

Azərbaycan Vətən müharibəsində zəfər çaldıqdan sonra regionda yeni reallıq yaranıb, bu isə ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsini zəruri edir.

Nəticə: Azərbaycan bundan sonra da əməkdaşlığın dərinləşdirilməsi istiqamətində addımlar atacaq, bu, həm də yeni geosiyasi reallığın tələbindən irəli gəlir.

Şərqşünas Həşim Məmmədov