Macarıstandakı səfirliyimizdə bu ölkədə təhsil alan tələbələrimizlə görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində bu ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrimizlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tələbələrimizi salamlayan səfir Tahir Tağızadə Macarıstanda pandemiya ilə əlaqədar məhdudiyyətlərin yumşaldılması fürsətindən istifadə edərək, tələbələrimizlə yeni dərs ilinin başlanğıcında və Anım Günü ərəfəsində görüşdən məmnunluğunu bildirib və tələbələrimizə dərs ilində uğurlar arzulayıb. Tədbir Azərbaycan Respublikasının dövlət himni və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə Anım Günü ilə bağlı çıxışlar edilib və Vətən müharibəsindən bəhs edən videoçarx izlənilib. Bununla yanaşı, tələbələrimizin təşkilatlanması ilə bağlı müzakirələr aparılıb, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 24 sentyabr tarixində baş tutmuş BMT Baş Assambleyasının 76-cı sesiyasındakı tarixi çıxışında, eləcə də 44 günlük müharibə dövründə və 10 noyabr Bəyanatından sonrakı dövrdəki çıxışlarında səsləndirilmiş tezislər təhlil edilib və gənclərimizin bu tezislərə əsaslanaraq Vətən müharibəsinin ildönümü günlərində və gələcək dövrlərdə təbliğati işlərdə fəallıq nümayiş etdirməsi üçün çağırış edilib. Görüş sual-cavab formatında davam etdirilib, tələbələrimiz tərəfindən təkliflər səsləndirilib və qarşılıqlı müzakirələr aparılıb.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsüsi müxbiri

Budapeşt