Nə qədər xoşbəxtik ki, biz bu böyük və şanlı tarixi hadisənin – əzəli və müqəddəs torpaqlarımızın erməni hərbi birləşmələrinin tapdağından azad edilməsinin, 30 illik işğala son qoyulmasının, hərbçilərimizin misilsiz qəhrəmanlıqlarının, əsgərlərimizin hər addımda göstərdikləri igidlik və şücaətlərin şahidi olduq.
Nə qədər xoşbəxtik ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində möhtəşəm qələbəsi nəticəsində əzəli torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilən, doğma insanlara qovuşan, rahat nəfəs alan torpaqlarımıza təkcə üçrəngli Azərbaycan bayrağı sancılmır, həm də bu torpaqlara həyat qayıdır, bu torpağın əsl sahibinin, onun köklü əhalisinin nəfəsi qayıdır, bu torpaqlar sözün birbaşa mənasında nura bürünür, bu torpaqlar ağ günə çıxır, bu torpaqlar yenidən cənnətə çevrilir.
Kanal32.az AzərTac-a istinadla xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynovanın “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri” kitabında yer alıb.
27 sentyabr – Anım Günü ərəfəsində oxuculara təqdim edilən kitab Prezident İlham Əliyevin çıxışından gətirilən bu sitatla açılır: “Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”.
Geniş oxucu auditoriyasının müzakirəsinə təqdim edilən kitab 44 gün davam edən və Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun əks-hücumları nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən, Ermənistanın 30 illik işğalına son qoyulmasından bəhs edir.
Professor İradə Hüseynova kitabın “Ermənilər Qafqazın allohton əhalisidir – tarixə qısa ekskurs” sərlövhəli bölümündə Herodot, M.Kalankatuqlu, İvan Şopen, İqor Dyakonov, Aleksandr Anninski, eyni zamanda, erməni müəlliflər Q.Kapantsyan, B.İşxanyan və başqa mənbələrə istinadla ermənilərin regiona gəlmə olduqları haqqında mükəmməl təsəvvür yaradır.
Kitabda ermənilərin Cənubi Qafqazda əsassız ərazi iddiaları və “erməni sindromu”, eləcə də Azərbaycana aid toponimlərin dəyişdirilməsi, hələ XIX əsrin sonlarından başlayaraq Şərqi Anadolu və Qafqazda türk-müsəlman əhalini məhv etmək məqsədilə terror təşkilatlarının yaradıldığı qeyd olunur, XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımı oxucuların diqqətinə çatdırılır. Tarixçi-alim yazır: “Həqiqətən də erməni terrorizminin hədəfi Azərbaycandır və bu dağıdıcı zəlzələnin dalğaları bütün dünyaya yayıldığından, o, mahiyyətcə beynəlxalq terrorizmdir: beynəlxalq erməni terrorizmi dünyanın bir çox ölkələrində şəbəkələnmiş, başlıca olaraq, dünyanın türk dövlətlərinə (əsasən, Azərbaycan və Türkiyəyə) qarşı funksiyalaşdırılmış cinayətkar bir qurumun təhlükəli ideologiyasıdır”.
Oxucular kitabda, həmçinin sovet dövründə azərbaycanlıların Ermənistandan deportasiyasına dair faktlarla tanış ola bilər.
Müəllif vurğulayır ki, müstəqillik illərində dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı silahlı təcavüzə cavab olaraq xalqımızın mübarizəsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlayıb. Bu gərgin və hərtərəfli iş, Ermənistanın törətdiyi dəhşətli cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyətin reallaşdırılması ilə bağlı strategiya Prezident İlham Əliyev tərəfindən bu gün siyasi iradə və böyük əzmkarlıqla davam etdirilir.
Kitabda 2003-cü ildən başlayaraq müvafiq istiqamətdə, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda ardıcıl işlər görüldüyü diqqətə çatdırılır, həm Ulu Öndər tərəfindən, həm də Prezident İlham Əliyev tərəfindən ordu quruculuğuna xüsusi önəm verildiyi və bu işin uğurla nəticələndiyi bildirilir: “Azərbaycan Ordusu Vətənin ərazi bütövlüyünün bərpa edilməsi naminə döyüşə atılmaq üçün böyük ruh yüksəkliyinə malikdir və bunu 2016-cı il Aprel döyüşləri də, 2020-ci il Tovuz döyüşləri də, həmin il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsi – uğurlu döyüş əməliyyatları da sübut etdi”.
Nəşrin “İkinci Qarabağ müharibəsi zəfər tariximizin şanlı səhifəsidir” bölümündə professor İradə Hüseynova yazır: “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əks-hücum əməliyyatının başladığı vaxtdan bir an belə hadisələri diqqətdən kənarda qoymadı, gecə-gündüz cəbhə xətti ilə əlaqə saxladı, ordumuza, komandirlərə bütün lazımi göstəriş və əmrləri verdi – bir sözlə, igid sərkərdə kimi əsgər və zabitləri öz ətrafında səfərbər etdi”.
Dövlətimizin başçısının müharibə dövründə Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya, İspaniya, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ı təmsil edən KİV nümayəndələrinə üç dildə – rus, türk və ingilis dillərində 30-dək müsahibə verdiyini və bu müsahibələr zamanı 600-dən çox sualı cavablandırdığını, beynəlxalq aləmdə formalaşmış yanlış təsəvvürləri dağıtmağa nail olduğunu diqqətə çatdıran professor İradə Hüseynova vurğulayır: “Prezidentin bütün bu müsahibələri, verdiyi sərrast, dəqiq, tutarlı, məntiqi, yeri gələndə lakonik, bəzənsə ətraflı cavablarının hər biri ayrı-ayrılıqda öyrənilməyə, araşdırılmağa layiq cavablardır”. Alim qeyd edir ki, Türkiyənin “A Haber”, ABŞ-ın “Fox News”, İtaliyanın Rai-1, Almaniyanın ARD və s. telekanallarına, Rusiyanın TASS və Interfaks, İspaniyanın EFE informasiya agentliklərinə, Yaponiyanın “Nikkei”, Fransanın “Figaro”, İtaliyanın “La Repubblica” qəzetlərinə və s. müsahibələr zamanı Prezident İlham Əliyev erməni faşizminin əsl simasını açıb-göstərdi, erməni vandallığının ağlasığmaz cinayətlərini faktlarla sübut etdi. Azərbaycan Prezidenti bəzi xarici müxbirlərin ittiham xarakterli, böhtan səpkili, qərəzli mövqe nümayiş etdirən qeyri-obyektiv və dezinformasiya səciyyəli suallarını da güclü məntiq, tutarlı fakt və dəlillərlə cavablandırdı, onları dəmir məntiqli arqumentləri əsasında susdurdu.
Tarixçi-alim, həmçinin Azərbaycan Prezidentinin 2021-ci il fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı üzərində xüsusi dayanıb. Bu mətbuat konfransında Ermənistana və onun himayədarlarına aydın mesajlar verildiyini vurğulayıb.
Müəllif kitabda işğaldan azad edilmiş ərazilərə dövlətimizin başçısının səfərlərindən, burada həyata keçirilən bərpa-quruculuq işlərindən də danışıb, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan rəhbərliyinin həm hərbi, həm də diplomatik sahədə mühüm əhəmiyyət kəsb edən qələbə qazandığını bildirən tarixçi-alim 10 noyabr Bəyanatı ilə Ermənistanın kapitulyasiyasını tarixi ədalətin qələbəsi kimi dəyərləndirir.
Kitabda, müharibənin başladığı ilk gündən qardaş Türkiyənin Azərbaycanın yanında olduğuna xüsusi diqqət çəkilir. Professor yazır: “İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən Ermənistanın kapitulyasiyasına qədər olan 44 gün ərzində Azərbaycanın yanında olan qardaş Türkiyə postmüharibə dövründə də dövlətimizi və xalqımızı siyasi və mənəvi cəhətdən dəstəkləməkdə davam edir”. Alimin fikrincə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün başlanması deməkdir: “Bəyannamədə təsbit edilmiş mühüm müddəaların həyata keçirilməsinə başlanması iki ölkə arasında əbədi dost və qardaşlıq münasibətlərinin bütün dünyada alternativi olmadığının ən bariz nümunəsidir”.
Oxucu kitabda müharibədən sonrakı dövrdə aparılan quruculuq işləri haqqında zəngin məlumatla da tanış ola bilər.
“İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri” kitabı tarixçi-alimlər, konfliktoloqlar, beynəlxalq münasibətlər və müxtəlif sahələrdə işləyən tədqiqatçılar, mütəxəssislər, ali məktəblərin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulur. Müəllif bu dəyərli nəşrin ərsəyə gəlməsində Azərbaycan və rus dillərində 100-dən çox mənbədən istifadə edib.
Kitabın elmi redaktoru tarix elmləri doktoru Qasım Hacıyev, rəyçilər tarix elmləri doktoru, professor Şikar Qasımov, tarix elmləri doktoru Həcər Verdiyevadır.