Ali və orta məktəblərdə tədrisin təşkili qaydaları TƏSDİQLƏNDİ

2021/2022-ci tədris ilində təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycanın Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli Qərarı ilə tənzimlənəcək.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar Azərbaycanın baş dövlət sanitariya həkiminin və ya ölkənin Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin sanitar-epidemioloji vəziyyətlə bağlı müvafiq rəyi əsasında Təhsil Nazirliyi tərəfindən qəbul edilir. Ayrı-ayrı təhsil müəssisələrində əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və yenidən bərpası barədə qərar isə həmin təhsil müəssisəsində yaranmış sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında aşağıdakı orqanlar (qurumlar) tərəfindən qəbul edilir:

– Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

– digər icra hakimiyyəti orqanlarının tabeliyindəki təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanları;

– qeyd edilənlər istisna olmaqla dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan digər təhsil müəssisələrində, habelə özəl və bələdiyyə təhsil müəssisələrinə münasibətdə – Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla həmin təhsil müəssisələrinin təsisçiləri..

Təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir.

Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək.