Bir həyat hekayəsi

Sən düz adamsan!

(real həyat  hadisəsi)

İki mininci ilin əvvəli idi. O zaman mən  altıncı mikrorayonda yasayırdim. Günəşin yenicə şəfəq sacdığı bir səhərdə işə tələsirdim. Avtobus dayanacağına getmək üçün yolun sağ tərəfinə keçməli idim.

Yəqin həmin mikrorayonda yaşayanlar yaxşı xatırlayarlar, hələ Nəsimi metro stansiyası istifadəyə verilməzdən əvvəl , o zamankı şosse yolunun kənarı boyunca kiçik mağazalar , yeməkxanalar, çayxanalar və s. var  idi. Yolun sağa dönən hissəsində avtobus dayanacağı qoyulmuşdu  və mən həmin dayanacağa kecməli, elə oradan da marşuruta minərək işlədiyim yerə getməliydim.

Deyim ki, artıq uzun müddət bu marşurut xəttiylə işə gedirdim. Adəti üzrə həmin bu dayanacaqda əyninə  pambıq materialdan hazırlanmış  qalın köynək, onun da üstündən qara meşin jilet geymiş qarayanız, enli sifət, bir qədər də bənizi  solmuş, hərdənbir sanki xəyallara dalan, orta yaşlı  bir kişi  tum satardı. Gördüyümə əsasən  deyə bilərəm ki, arabir  tumqabını əlinə götürüb daha çox tum satmaq üçün ətrafı gəzərdi.

Yuxarıda qeyd etdiyim kimi günlərin bir günü səhərcağı yenə də işə gedirdim.Yolu keçmək məqamında  uzaqdan bir cavan oglanın dayanacağa bitişik siqaret mağazasina daxil olaraq siqaret almasını gördüm . O, mağazaya girər-girməz alacağı siqaretin pulunu vermək üçün  əlini şalvarının arxa cibinə saldı və bu zaman onun cibindən çıxardığı siqaret pulundan savayı  böyük məbləğdə pul      ( əlli manat)  yerə düşdü. Deyim ki, dayanacaqda tumsatan kişidən başqa heç kəs yox idi və  mən də uzaqda idim. Bəlkə də mənim bu hadisəni görməyimi o kişi bilmirdi  və görmürdü. Bunu görən kişi cəldliklə pulu yerdən götürüb mağazaya daxil oldu və onu cavan oğlana  uzadaraq “bu sizin pulunuzdu, arxa cibinizdən düşdü” deyib ona verdi. Kişi pulu cavan oğlana verəndə mən  artıq dayanacaqda  idim və o sözləri deyərkən özüm eşidirdim. Cavan oğlan pulu alıb, siqaretini satıcıdan götürüb, kişiyə  təşəkkür edərək mağazanı tərk etdi və  kişi də öz növbəsində yenidən oturduğu  yerinə qayıdıb tumqabının yanında qoyduğu balaca stulunda oturdu.

Bu vəziyyəti görəndə sözün əsl mənasında çox təsirləndim.  Sanki urəyim fərəh hissindən dağa döndü. İstədim kişiyə öz dərin minnətdarlığımı bildirim və deyim ki, “sənə halal olsun, nə dürüst adamsan!”  “sən nə düz adamsan!”. Lakin tərəddüd elədim, elə bil kişinin zəhmi məni qoymadıki hisslərimi biruzə verim. Fikirləşdim, bəlkə də yaxşı düşməz və ya bəlkə də hissə qapılmışam, deyər burda nə varki adamın pulu düşmüşdü götürüb verdim. Ancaq bu cür ehtiyac içində ola-ola, heç kimin görmədiyi halda pulu götürüb yiyəsinə vermək məni cox təsirləndirmişdi. Bəlkə də başqa birisi olsaydı pulu gotürüb çıxıb gedərdi və heç kim də görməzdi. Lakin o yazıq görünüşlü ehtiyac içində olan adam, düz yolu seçdi, pulu sahibinə qaytardı.

Uzun müddət bu hadisə yadımdan çıxmadı, yəni ki, hələ “insanlıq ölməyib” və  şair demiş  “ hələ yaşamağına dəyər” deyə fikirləşirdim.

Bu hadisədən uzun müddət  keçmişdi. Mən yaşayış yerimi təxminən 9 il idiki dəyişmişdim və köhnə yaşayış yerinə getməyə bir əsasım olmadığı üçün çoxdandı oralara yolum düşmürdü. Bütün bunlara baxmayaraq oralarda olduğum günlər, tanıdığım adamlar, eləcə də qeydə aldığım hadisə yaddaşımda həkk olub qalmışdı.

Həftənin iş günlərindən biri günortadan sonra işimi başa vurub  evə qayıdırdım.  Yolum adətən 3-cü mikrorayon dairəsindən keçirdi və mən orada yaşadığım yerə getmək üçün marşurut avtobusunu dəyişməli olurdum. Öz-özlüyümdə belə hesab elədim ki, həmin günün bazarlığını yaxınlıqda olan “ Kənd təsərrüfatı bazarı “na gedim və oradan bazarlıq eləyim. Amma bir qədər piyada getməli idim. Yolüstü xırda satış obyektləri–ət mağazası, ərzaq mağazası, şirniyyat mağazası var ki  elə indi də fəaliyyət göstərirlər. Onlardan çox da aralıda olmayan “1001 xırdavat” mağazasının yanından keçərkən,  qeyri-ixtiyari şəkildə bir neçə xırdavat məhsulları almaq fikriylə həmin magazaya daxil oldum. Oraya daxil olarkən bir-biriylə mübahisə edən adamların uca səslərini eşitdim. İstər-istəməz bu adamlara yaxınlaşanda vaxtilə tanıdığım tumsatan kişini gördüm. Zamanın hökmü onun simasını çox dəyişdirmişdi. Əvvəlki vaxtlara nisbətən üzü, gözünün altı şişmişdi, bəlkə də hansısa bir xəstəliyin nəticəsi olaraq belə olmuşdu. Amma paltarları həmin paltarlar idi…həmin köynək, həmin jilet…. O, nədənsə satıcı oğlanla mübahisə edirdi. Onlara yaxınlaşanda belə məlum oldu ki, tumsatan kişi bu mağazadan  spiral formasında su qizdırıcısı alıb və  onu  evdə işlədib baxdıqda işləmədiyini görüb və  onu qaytarmağı qərara alıb və nə qədər israr etməsinə rəğmən, “mən düz deyirəm, səni aldatmıram” desə də,  satıcı  onunla razılaşmayaraq:

-Sən düz danışmırsan, a kişi, aparıb xarab eləyib gətirmisən!

Satıcının sözlərini eşidən zaman mən dözə bilmədim, heç də tərəddüd etmədən məsələyə müdaxilə edərək uca səslə satıcıya dedim:

-Sən düz danışmırsan, cavan oğlan, mən o kişini tanıyıram, o, düz deyir! O, yalan danışan adam deyil! Tez kişinin pulunu qaytar!

Mənim uca səsimi eşidən satıcı kişinin pulunu sakitcə sayib qaytardı.(Hardasa səkkiz manat pul idi.)Amma deyim ki, kişi mat-məətəl olub  mənə baxa-baxa  qalmışdı, görünür məni tanımağa calışırdı. Yəqin fikirləşirdi ki, “bu kimdi belə görəsən bu qədər mənim üçün canfəşanlıq edir”.

Kişi pulunu alıb çölə çıxanda mən də onunla çölə çıxdım. O, mənə hələ də təəccüblə baxırdı. Sanki uzun müddətdən sonra, o zaman cürət eləyib deyə bilmədiyim sözün deyilmə vaxtı gəlib çatmışdı. Daha doğrusu o vaxtdan bəri axtarırdım ki, urəyimdə olan xoş sözlərimi ona çatdırım.

Hər şeydən qabaq əvvəldə baş vermiş hadisəni ona xatırlatmasaydım heç də söhbətimin mənası olmazdı, odur ki, onu sorğu-suala tutaraq soruşdum:

-Dayı, adın nədir?

-Zakir(ad şərtidir)

-Hansı bölgədənsən?

-Ağdam köçkünüyəm.

-Dayı, yadındadırsa de görüm, sən o vaxtlar altıncı mikrorayonda avtobus dayanacağında oturub günəbaxan tumu satmırdın ki?

-Hə,satırdim….

Hər şeyi dəqiqləşdirəndən sonra mən vaxtilə baş vermiş hadisəni ona danışdım. O, mənə gözlərini zilləyəyərək, kipriklərini qırpmadan heyrət içərisində diqqətlə qulaq asırdı. Nəhayət, hər sey  ona aydın oldu. Elə bil Allah-təala məni arzuma çatdırmışdı, çünki o vaxt bu gözəl insana əsl insan, gözütox bir insan və nəhayət düz bir insan olduğunu deyə bilməmişdim.

Gözləri dolmuş Zakir kişi başını aşağı salanda dedim:

-Dayıcan, başını dikəlt …sən həmişə düz danışırsan!…sən dürüst insansan!….sən düz adamsan!….halal olsun sənə!….

-Bu sözləri deyərkən sanki məni qəhər bürümüşdü və elə bil qarşımda zamanın insanlıq sınağından çıxmış bir qəhrəman  dayanmışdı. Onun da gözləri dolmuşdu, bəlkə də dili tutulmuşdu, heç bir söz deyə bilmirdi. Bir müddət sonra özünü bir balaca ələ alaraq dili-dodağı əsə-əsə mənə təşəkkür edəndən sonra “mənim heç nədə gözüm yoxdu, bir doğulduğum torpağımdan başqa”— sözlərini deyib ağır-ağır addımlarla uzaqlaşdı…..

 

Mirsadiq Cəfərov

Bakı şəhəri

Kanal32.az