Üçüncü Qarabağ savaşı olacaqmı?

İkinci Qarabağ Müharibəsinin hələ o başlamamışdan əvvəl hədəflərini göstərib müharibənin qaçılmaz olduğunu demişdik. Həmin hədəfləri bir daha qeyd edək:

 

– Rusiyaya Yaxın Şərqə çıxmaq və Şərq-Qərb marşrutu üzrə daşımalara nəzarət və ya heç olmazsa təsir etmək üçün Azərbaycan ərazisindəki nəqliyyat kommunikasiyaları və dəhlizlər lazım idi;

 

– Hərbi yüklərin və kontingentin daşınması üçün nəzərdə tutulan həmin kommunikasiya və dəhlizlərə nəzarət üçün isə ölkə ərazisizinə sülhməramlı adı altında Rusiya qoşunlarının yeridilməsi;

 

– Ermənistanda hakimiyyətin Rusiyaya loyal komandanın xeyrinə dəyişdirilməsi.
Amma bu hədəflərdən demək olar ki, heç birinə tam çata bilməyən Moskva 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla prosesi fazalara bölməyə məcbur oldu. Belə ki, Ermənistan ordusu Tərtər-Goranboy istiqamətində (Gəncə dəhlizi) nəinki uğur qazana bilmədi, hətta işğal altında saxladığı ərazilərin bir hissəsini də itirdi.
Ermənistan ordusunun Cənub cəbhəsində ağır məğlubiyyəti və Azərbaycan ordusunun Azərbaycan-İran sərhəddi boyu zolağı işğaldan tam azad etməsi isə ikinci mühüm bir dəhlizin – Xudafərin nəqliyyat-kommunikasiya qovşağının ölkəmizin tam nəzarətinə keçməsilə nəticələndi.

 

Beləliklə də Moskva bölgənin yalnız bir hissəsinə “sülhməramlı” qüvvələrini yerləşdirməklə ikinci faza üçün baza yaratmağa məcbur oldu. İkinci faza üçün məlum bəyanatda kommunikasiyaların açılması və o cümlədən də Zəngəzur dəhlizinin işə salınması da nəzərdə tutulmuşdu. Rusiyanın hesablamasına görə bu, ona iki istiqamətdən manevr etməyə imkan yaradacaqdı.

 

Birinci: Rusiya Azərbaycan ərazisindən keçməklə Zəngəzura, ordan da Naxçıvan vasitəsilə İrana çıxış əldə etməli idi. Amma müharibədən bir qədər sonra keçirilən seçkilərdə inamlı qələbə qazanan Paşinyan hökuməti bu layihəni açıq şəkildə sabotaj etməkdədir və çox güman ki, belə də davam edəcək.

 

İkinci: digər tərəfdən isə Azərbaycan işğaldan azad etdiyi ərazilərdə strateji təyinatlı yollar, hava limanları və digər kommunikasiyalar qurmaqla Moskvanın planlarının qarşısına sipər çəkməkdədir. Bakı həm də Rusiya “sülhməramlılarının” statusunu müəyyənləşdirmək məsələsində tələsmir.

 

Belə olduğu halda Rusiyanın əsas vasitə kimi “sülhməramlılarla” bağlı təxribatçı planlar qurmaqla bölgədə pozuculuq yaradıb öz təsir dairəsini genişləndirməyə çalışmaqdan başqa yolu qalmır. Məsələn, 2008-ci ildə Cənubi Osetiyada olduğu kimi və bu kontekstdə rus “ekspertlərin” son günlər Azərbaycanı “Gürcüstan ssenarisi” ilə hədələməsi heç də təsadüfi deyil.
Həm Ermənistan, həm də Azərbaycan tərəfindən yaradılan maneələr və üstəlik də zaman məhdudiyyəti Moskvanı daha da aqressivləşdirir. “Sülhməramlılara” daha mürtəce yeni komandanın təyin olunması, Qarabağdakı Rusiya hərbçilərinin davamlı pozuculuğu, Rusiya siyasətçilərinin və ekspertlərinin Bakının ünvanına sərt ittihamları həmin aqressiyanın yalnız görünən əlamətləridir.

 

Digər tərəfdən də Azərbaycan ordusunun müttəfiq dövlətlərin silahlı qüvvələrilə birlikdə keçirdiyi daimi təlimlər və onların coğrafiyasının Qarabağa doğru genişləndirilməsi yeni müharibəyə hazırlıq təəssüratı yaradır. Belə şəraitdə müharibə riskinin nə dərəcədə yüksək olması ilə bağlı təbii suallar yaranır.
Amma “müharibə olacaqmı?” sualının cavabı “O, (Rusiyaya) nə verəcək?” sualının cavabında axtarılmalıdır. Bu mənada Azərbaycanın Türkiyə və Pakistanla sıx hərbi əməkdaşlığı Moskvanı öz aqressiv planlarına bir qədər soyuq ağılla yanaşmağa sövq edir. Belə ki, mümkün müharibədə məğlubiyyət Rusiya üçün çox şey və bəlkə də hər şey demək olardı.

 

Çünki Azərbaycanda məğlub olmaq Rusiya üçün təkcə Cənubi Qafqazı itirmək demək olmazdı. Məğlubedilməz imicinin sarsılması Moskvanın aqressiv siyasət yürütdüyü bütün postsovet bölgələrdə bumeranq effekti doğura bilər. Rusiyanın isə eyni zamanda ən azı Ukraynada, Gürcüstanda və Moldovada həmin effektlə üzləşməsi ölkənin siyasi sistemini də laxlada bilər. Bunun da əsas nəticələrindən biri mərkəzdənqaçma tendensiyalarının və etnik, dini zəmində separatizmin güclənməsi olardı.

 

Amma məsələ bununla da məhdudlaşmır. Rusiyanın Yaxın Şərqdə böyük hərbi güclə təmsil olunması heç Tehranın da marağında deyil. Çinin “Bir kəmər – bir yol” proqramında Pakistan və Türkiyə ilə birlikdə mühüm yer alan İran Rusiya ilə yalnız üzdə mehriban münasibətlər saxlayır. Məntiqlə də İranın özünün nəzarət və iştirak etdiyi geosiyasətdə yerini Rusiyaya güzəştə getmək üçün heç bir motivi olmamalıdır.
Üstəlik də həmin proqramda birgə iştirak üç dövlətin üçünün də Yaxın Şərqdəki mövqelərini gücləndirir və deməli, onları yeni geosiyasətdə tərəfdaşa çevirir. Görünür, bu mənada Tehranın Zəngəzur dəhlizinə qarşı çıxması da təsadüfi deyil. Zəngəzur dəhlizinin daha çox hansı ölkənin marağında olmasını İranda yaxşı anlayırlar.

 

Açıq şəkildə olmasa da, antirusiya koalisiyasında yer almaq Tehranın Vaşinqtonla münasibətlərinın normallaşdırılmasına da müsbət təsir edə bilər. İran üçün isə bu gün üzərindəki sanksiyaların götürülməsi həyati əhəmiyyət kəsb edir. Vaşinqtonda da İranı küncə sıxmağın onu ABŞ-ın əsas geosiyasi rəqibləri olan Moskvaya və Pekinə daha da yaxınlaşdırmaq demək olduğunu anlamamış deyillər.

 

Gördüyümüz kimi, mənzərə heç də ilk baxışdan nəzərə çarpdığı qədər sadə və birmənalı deyil. Amma aydındır ki, bu gün baş verənlər yeni geosiyasi konstruksiyanın qurulmasının ancaq bağlanğıcıdır. Bu başlanğıcda isə ən mürəkkəb vəziyyətdə olan Rusiyadır. Onun nə yetərincə iqtisadi qüdrəti, nə də maliyyə imkanları nə də müttəfiqləri var.

 

Hərbi gücdən istifadə isə geosiyasi mübarizədə sonuncu vasitədir. Ona görə də hərbi təhdidlər gözlənilən effekti verməyəndə mübarizə birmənalı uduzulmuş olur. Bu isə Rusiya üçün ən yaxşı halda SSRİ-nin aqibətini təkrarlamaq demək olardı.

 

Ərəstun Oruclu
Politoloq