28 ildən sonra doğulduğu torpağa ayaq basan gənc şair Səxavət Kəlbəcərli qovuşduğu doğma Vətəni ilə görüşünü nəzmə çəkib…
Kanal32.az həmin şeirləri oxuculara təqdim edir:
Bulaqlar ağladılar,
Yaşından öpüb gəldim.
Gün batanda dağların,
Qaşından öpüb gəldim.
*****
Dili yandı qələmin ,
Dərdi artdı sinəmin.
Yurd yerində nənəmin,
Sacından öpüb gəldim.
*****
Üzü güldü bağların,
Dindi ötən çağlarım.
O sevgilim dağların,
Saçından öpüb gəldim.
*****
Bu gün susmayın ,
dinin Arzularım sevinin.
Viran qalmış evimin,
Daşından öpüb gəldim.
Otuz il həsrətdən göz yaşı tökdük,
Başı qarlı dağlar, biz qayıtmışıq.
Qalıb yaddaşımda hər qayan, daşın,
Xatirəli çağlar, biz qayıtmışıq.
============
Sizə qovuşmağa yanır ürəklər,
Əsin ürəyimə əsən kuləklər.
Yarpızlı dərələr, güllər, çiçəklər,
Lilparlı bulaqlar biz qayıtmışıq.
=============
Sizinlə qoşadı şöhrətim, şanım,
Zərrə torpağına qurbandı canım.
Elə coşa gəlib damarda qanım,
Tərtər kimi çağlar, biz qayıtmışıq.
=============
Dumanda çəkildi saxlamadı sədd,
Gəzdim zirvə-zirvə, dolandım kənd-kənd.
Kədərdən, qəmdəm yox, şair Səxavət,
Sevincindən ağlar, biz qayıtmışıq.
Doğma kəndim qucaqlaşaq doyunca ,
Sıx məni bağrına mən qayıtmışam.
Səndən körpəikən ayrı düşmüşəm
İndi saçlarımda dən qayıtmışam.
+++++
Burda uşaqlığım üzümə baxdı,
Varlığım yaş olub gözümdən axdı.
İtkginiydi arzularım nə vaxdı,
Yığılıb başıma cəm qayıtmışam.
+++++
Səxavətəm bulud kimi dolmuşam,
Hərdən çiçək açıb ,hərdən solmuşam.
Sənin həsrətindən şair olmuşam,
Təpədən dırnağa qəm qayıtmışam.
Müəllif: Səxavət Kəlbəcərli