Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir.
Məlum olduğu kimi, antropogen faktor kimi insanın ətraf mühitə, ekologiyaya təsiri ta qədim zamanlardan mövcud olub. Dahi Nizami Gəncəvinin bütün əsərlərində təbiət- insan münasibətlərinə xüsusi diqqət yetirmişdir. Məsələn, onun “Yeddi gözəl” poemasında ətraf mühitə münasibətlə bağlı çoxlu fikilər vardır. O, insanın təbiətə mənfi münasibətini kəskin şəkildə tənqid edir.
Bu vəhşi, yırtıcı, divxislət insan
Səmimi dost deyil uzaq ol ondan!
Hər maral ovçunun zülmündən qaçar,
Yırtıcı, vəhşidir hələ insanlar.
Çöldə şux bir ceyran düşməyir ələ,
İnsandan sığınır dağa, köhülə.
Bu gündə hələ bu münasibətlər tam formasına düşməmişdir. Belə ki, son iki əsrdə insanın antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahəngi tamamilə pozulmuş və çox ciddi ekoloji disbalans yaranmışdır. Müharibələr, etnik münaqişələr, terrorizm, kosmik tədqiqatlar, sənaye və nəqliyyat tullantıları, kənd təsərrüfatında işlədilən zəhərli kimyəvi maddələr atmosferi, hidrosferi və litosferi çirkləndirməklə ekoloji tarazlığın ritmini tamamilə öz məhvərindən çıxarmış, onu kollaps və aqoniya vəziyyətinə salmışdır. Bəşəriyyəti narahat edən ən qlobal problemlər siyahısında isə ən birinci iqlim dəyişmələridir desək yanılmarıq. İqlim dəyişmələri üzrə ekspertlərin məlumatına görə son 100 ildə antrapogen amillərin təsiri ilə yer kürəsində orta temperatur 0.8 dərəcə artmışdır. Artmaya səbəb isə istilik effekti yaradan qazlardır(karbon, metan qazı, azot oksidi və.s).
Elmi araşdırmalar onu göstərir ki, əgər insanlar, dövlətlər təbii fəlakətlərin (tufan, sel, qasırğa, isti külək, daşqınlar, yanğınlar və. s)yaranmasına səbəb olan qaz emissiyalarının azaldılması ilə bağlı lazımi və effektiv tədbirlər görməsə 21-ci yüzillikdə dünyanın illik orta temperaturu ən azı 3 dərəcə yüksələ bilər. Bunun ağır nəticələrini təsəvvür etmək isə o qədər də cətin deyil. Bu gün Çin dövləti emissiya üzrə dünya lideridir. istərdim ki, sizi bu sahə üzrə bir statistika ilə tanış edim. Belə ki, 2019-cu ilin məlumatlarına görə karbon dioksid ekvivalentində qlobal istixana emissiyalarında ilk 5 ölkə liderdir. Çin- 28%, ABŞ- 15%, Hindistan- 7%, Rusiya- 5%, Yaponiya – 3%. Hesablamalara görə Azərbaycanın payı 0.15%-dır.
Bəs nə etməli? Axı bütün bunlar dünyanın inkişafı prosesində yaranır. Bu prosesi necə tənzimləməli?
Sadəcə hər kəs dərk etməlidir ki, dünyanın sabahının necə olacağı yalnız bizdən asılıdır. Düşünürəm ki, bu prosesi ləngitmək, yavaşlatmaq, durdurmaq mümkündür, bunun üçün ilk növbədə həm cəmiyyət olaraq, həm də fərd olaraq ekoloji mədəniyyətə yiyələnmək lazımdır. Bəs ekoloji mədəniyyət özü nədir? Hər şeydən əvvəl “mədəniyyət” anlayışının birmənalı olmaması ilə fərqlənən bir çox şərh var. Vikipediya tərifin mahiyyətini çox yaxşı əks etdirir: “ ekoloji mədəniyyət- ümumbəşəri insan mədəniyyətinin bir hissəsi, ictimai münasibətlər sistemi, insan və təbiət arasındakı əlaqəyə dair sosial və fərdi əxlaqi və etik normalar, baxışlar, münasibət və dəyərlər; insan cəmiyyəti ilə təbii mühitin birlikdə yaşamasının harmoniyası; insan cəmiyyətinin təbii mühitə və ümumiyyətlə ekoloji problemlərə münasibəti ilə həyata keçirilən insan və təbiətin ayrılmaz bir birləşmə mexanizmidir. “Sadə dillə desək, bunlar cəmiyyətin hər bir üzvünün düşüncələrində və hərəkətlərində əks olunan ətraf aləmə hörmətlə bağlı köklü fikirlərdir. Eyni zamanda ekoloji mədəniyyət insanların təbiəti, ətraf aləmi və onların kainatdakı mövqeyini, bir insanın dünyaya münasibətini qiymətləndirmə səviyyəsidir.
Fərdin ekoloji mədəniyyəti isə – sözün əsl mənasında “ana südü ilə udma”, təbii sərvətlərdən rasional istifadə, ətraf mühitin qorunması üçün fərdi olan ekoloji qaydaların və tələblərin şüurlu şəkildə yerinə yetirilməsi mənasını verən mürəkkəb və uzun bir prosesdir. Bu prosesin əvvəli tərbiyəyə, sonrası isə elmi biliklərə və elmi yaradıcılığa söykənməlidir.
Müasir dövrdə ekologiya elminin öyrənilməsi, təbliğ edilməsi, inkişafı, onun əsas müddəalarının yerinə yetirilməsi, ekoloji cəhətdən təmiz, saf ərzaq məhsullarının istehsalı, ekoloji kənd təsərrüfatına geniş yer verilməsi, bəşəriyyətin sivilizasiya yolu ilə inkişafının ən vacib, ümdə porblemi hesab olunur. Bütün bəşəriyyət ekologiyanın qorunması üçün səfərbərliyə cəlb edilməli, təbiətə, torpağa, havaya, suya, heyvanlara, bitkilərə, balıqlara, quşlara qəddar münasibət göstərənlərə, beynəlxalq, ekoloji və bioloji terrorizmə qarşı müharibə elan olunmalıdır. Akademik Həsən Əliyevin ibarəsi ilə desək, təbiətin keşiyini çəkməyə söz silahının gücü ilə geniş kütləni ayağa qaldırmaq lazımdır. Müasir dövrdə elmi-texniki tərəqqinin sürətli və dinamik inkişafı, İKT, internet, robot, nano-texnologiyanın insan həyatının bütün sahələrinə inteqrasiyası cəmiyyətin şüurunda təbiətə, onun sərvətlərinə, floraya, faunaya yaradıcı münasibətin formalaşmasını tələb edir.
Hazırda beynəlxalq aləmdə hamı belə bir fikirlə razılaşır ki, insanlarda mədəniyyətin, sivilizasiyanın yeni növü – ekoloji mədəniyyət formalaşmalıdır. Əks təqdirdə, insanların təbiətə, onun sərvətlərinə mənfi münasibəti dəyişilməyəcək, əksinə, daha da dərinləşəcəkdir. Bu gün insanlarda ekoloji mədəniyyətin, sivilizasiyanın, təfəkkürün, şüurun, tərbiyənin və təhsilin formalaşması artıq günün, dövrün tələbinə çevrilmişdir. Ekoloji mədəniyyət təkcə təbiətə müəyyən baxışlar, onun sisteminin işlənib hazırlanması demək deyildir. O, həm də konkret insan fəaliyyəti ilə əlaqədardır. Cəmiyyətdə ekoloji mədəniyyət səviyyəsinin yüksəlməsi gələcək nəslin ekoloji tərbiyəsindən və ekoloji biliklərə necə yiyələnməsindən asılıdır. Bu isə bütün insanlarda bəşəri mədəniyyəti təcəssüm etdirən mədəniyyətin sivil inkişaf forması və təhsil mühitinin formalaşmasını, eyni zamanda bütün xalqlardan mədəni inkişafın əsas istiqaməti kimi ekoloji təhsilin fasiləsiz inkişaf strategiyasını, konsepsiyasını, proqramını hazırlamağı və həyata keçirməyini tələb edir. Ekoloji təhsilin ardıcıl və sistemli olması üçün bu prosesə şəxsiyyətin formalaşmasının ilk anlarından, uşaqlıqdan başlamaq lazımdır ki, onun da təməli məhz ailədə, məktəbəqədər tərbiyə ocaqlarında, ibtidai siniflərdə qoyulmalı, orta, orta ixtisas və ali məktəblərdə isə tamamilə formalaşmalıdır.
İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər. Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır. Təsadüfi deyil ki, bir çox alimlər ekoloji təhsili uşaqlarda ekoloji mədəniyyətin inkişafına yönəlmiş sistemli bir pedaqoji fəaliyyət hesab edir. Ekoloji mədəniyyətin formalaşması, pedaqoji prosesdə onunla gündəlik ünsiyyətdə ekoloji şüurun, təbiətə ekoloji həssaslığın inkişafıdır. Ekoloji təhsil isə bir insanın ekologiya sahəsində biliklərə sahib olmasını və təbii mühitin qorunması üçün mənəvi məsuliyyətinin formalaşdırılmasını əhatə edir. Ekoloji təhsil sistemi insanın həyatında heç bir epizod ola bilməz, çünki bu insan mədəniyyətinin ayrılmaz hissəsidir.
Bu fikirlərimizin və arzu etdiklərimizin həyata keçməsi uzun bir prosesdir. Ekoloji maarifləndirmə və ekoloji mədəniyyətin dünyamızda formalaşdırılması proseslərinin uğuru nəticələr verməsi üçün hər bir dövlət öz qanunvericiliyində mütərəqqi addımlar atmalıdır. Bu eyni zamanda ölkələrin yerli hakimiyyət və idarəçilik orqanlarının fəaliyət və əməli işindən də xeyli asılıdır.
Hazırkı dövrdə bizim ölkədə və bir çox ölkələrdə baş verən təbii fəlakətlər, meşə yanğınları, bəzi hallarda qəsdən törədilən yanğınlar onu göstərir ki, əhali və ictimaiyyət arasında ekoloji təbliğatın aparılmasına çox böyük ehtiyac var. Əgər əhali bilsə ki, meşələrin, ağacların qırılması, yaşıllıqların məhv edilməsi hansı neqativ ekoloji böhranlarla nəticələnir, zənnimizcə, onda heç kim əlinə balta, mişar alıb meşəyə qənim kəsilməz. Həmin ekoloji “terrorçular” mərhum akademik Həsən Əliyevin qiymətli kəlamını eşitsələr, bəlkə də bəd əməllərindən çəkinərlər: “Meşə sərvətimiz, var-dövlətimiz, məişətimizin bir hissəsidir. Meşə olan yerdə məhsulu yığmaqla qurtarmaz, xəstəlik olmaz. Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur”. Meşə habelə atmosferin oksigen “fabrik”idir, onun qırılması havada oksigen aclığı – hipoksiya törədir, nəticədə ozon təbəqəsi zədələnir, torpaq eroziyaya, deflyasiyaya, deqradasiyaya uğrayır, nəmliyini itirir, sürüşmələr, uçqunlar, kəskin iqlim dəyişkənlikləri, güclü küləklər, qasırğalar, tufanlar, quraqlıq, səhralaşma, təbii və ekoloji fəlakətlər baş verir. Bir hektar meşə, kol və yaşıllıq sahəsi ildə 4,6-6,5 ton karbon qazı udur, 3,5-5,0 ton oksigen ixrac edir. Bitkilər havanı oksigenlə zənginləşdirir və karbon qazını udur. Ağaclar əkilən sahənin hər hektarından bir ildə insan üçün xeyirli olan 30 kiloqrama qədər efir yağı buraxılır. Bir hektar sahədə antropogen fəaliyyət nəticəsində bir saat ərzində 200 kiloqram buraxılan karbon qazını ağac və kollar udur. Yaşıl massivlərdə hər ağac orta miqdarla bir il ərzində 30-40 kiloqram, böyük çətiri olan ağac isə 68 kiloqrama qədər toz və digər bərk hissəciklər udur. Orta ölçülü bir ağac gün ərzində üç adamın tənəffüsü üçün lazım olan miqdarda sərbəst oksigen sintez edir. Ağac və kol bitkiləri havanı tullantı qazlardan təmizləyir, həm də səs və küy udma xüsusiyyətinə malik olduğundan insan üçün ziyanlı səsləri tənzimləyir. Heç şübhəsiz ki, əhaliyə bu barədə vaxtaşırı məlumatlar verilsə, güman ki, meşə “terrorçuları” həmin ekoloji cinayətdən əl çəkər, ibrət dərsi götürər.
Sonda, hər kəsi, bütün insanları sağlam dünyamızın olması naminə ekoloji mədəniyyətin formalaşması prosesində aktiv iştirak etməyə çağırıram!
Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri