Millət vəkili BDU-nu belə təbrik etdi

Millət vəkilli, Milli Məclisin Ekologiya və təbii ehtiyatlar komitəsinin sədri Sadiq Qurbanov Bakı Dövlət Universitetinə təbrik ünvanlayıb.

Bu gün Bakı Dövlət Universitetinin yaradılması günüdür.Bu münasibətlə BDU-nun bütün kollektivini səmimi qəlbdən təbrik edirəm!

Kiçik məlumat:

1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ilk universitetin açılması haqqında qanun qəbul etdi. “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.
Qanunun onuncu maddəsində, Bakı şəhərində Dövlət Universitetinin 1919-cu il sentyabrın 1-dən açılması , qanunun II maddəsinin 2-ci bəndində isə bütün fakültələrdə türk dili məcburi fənn olması qeyd olunurdu. Lakin universitet ilk tədris ilini 2 fakültə ilə — tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı.
Cəmi 44 əməkdaşla fəaliyyətə başlayan universitetdə, bu gün 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyaları var və 3000-dən çox əməkdaş bu sahələrdə çalışır.
Yarandığı gündən milli ruhun formalaşmasında və yeni nəsillərə ötrülməsində universitet ziyalılarının mühüm rolu olmuşdur. Milli ruhu özündə ehtiva edən kollektiv 30-cu illərin amansız repressiyaları yan keçə bilmədi. Bu dövrdə yüzlərlə professor, müəllim, işçi və tələbəyə “xalq düşməni”, türkçü, turançı, pantürkçü, panislamçı damğaları vuruldu. O illərdə amansız Stalin repressiyalarının qurbanı olmuş, Sibirin həbs düşərgələrinə sürgün olunmuş və ya güllələnmiş Ə.Nazim, A.Bukşpan, Ə.Qubaydullin, V.Xuluflu, B.Çobanzadə, T.Şahbazi, H.Şahtaxtinski, M.Ələkbərli kimi unudulmaz ziyalılarımız olmuşdur.
1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin Universitetin rektoru olmuş xalqımızın 4 görkəmli ziyalısı, Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Bala bəy Həsənbəyov güllələnməyə məhkum edildi.
Bu gün Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin flaqmanı funksiyasını yerinə yetirir. Eyni zamanda onu da xüsusi ilə qeyd etməliyik ki, universitetin əsas göstəricilərindən biri də onun Azərbaycan tarixi üçün dəyərli kadrlar yetirməsidir. Ulu Öndər Heydər Əliyevin adını çəkmək kifayətdir ki, bu universitetin Azərbaycan tarixi üçün nə qədər önəmli kadrlar yetirdiyini əsaslandıraq. Heydər Əliyevin “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” ifadəsi isə universitetin dəyər göstəricisidir.
1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illiyi münasibəti ilə yubiley tədbiri keçirilirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin tədbirdə iştirak edir, öz ana dilində, azərbaycan dilində nitq söyləyir. O deyir: “Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi”.
Təkcə bu fikri təhlil etsək görərik ki, Ulu Öndər hələ sovetlər zamanında universitetin yaradılmasında iştirak edənləri “Azərbaycanın ən yaxşı oğulları” adlandırmaqla bu günkü müstəqilliyimizin təməlini qoymuşdur desək yanılmarıq.
Prezident İlham Əliyev BDU-nun 100 illiyi münasibətilə keçirilən mərasimdə “Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi…” söyləməklə 1969-cu ilin iyun ayında H.Əliyev tərəfindən başlanan müstəqillik yolunun daima ardıcıl və məntiqi əsaslarla davam etdirilməsini bir daha təsdiq etmiş oldu.
Mən də fəxr edirəm ki, bu ali məktəbin iki fakültəsinin məzunu və əməkdaşı olmuşam.

Bu gün münasibəti ilə bir daha Bakı Dövlət Universitetinin bütün kollektivini və bütün xalqımızı təbrik edirəm!