Ali Baş komandan İlham Əliyev Füzuli Hava Limanında-FOTOLAR

Avqustun 29-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşaya növbəti səfərləri zamanı yolüstü Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olublar.

“Füzuli beynəlxalq hava limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir. Qabaqda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində artıq hava limanı demək olar, açılışa hazırlaşır. Hava limanının inşası bu il başlayıb və mən demişdim ki, bu il Füzuli beynəlxalq hava limanı istifadəyə veriləcək. Bəlkə də dünyada heç bir hava limanı bu cür sürətli templə tikilməmişdir. Uçuş-enmə zolağı da artıq hazırdır. Burada son tamamlanma işləri aparılır. Bir də qeyd etmək istəyirəm – bu il mən hava limanının təməlini qoydum. İndi isə artıq gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”, – prezident bildirib.

Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.

Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub. Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yolun tikintisi, həmçinin aeroportun ərazisində yaşıllaşdırma işləri aparılır.

Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidən qurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.