Azərbaycan İlahiyyat İnstitutunda islamşünaslıq ixtisasına müsahibə mərhələsi başa çatıb

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III ixtisas qrupu üzrə bakalavriat pilləsinin islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi başa çatıb.

Bildirilib ki, müsahibə mərhələsi avqustun 17-dən 19-dək keçirilib. Abituriyentlərin dünyagörüşü səviyyəsinin və islamşünaslıq ixtisasına marağının müəyyənləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiya ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və DİM-in əməkdaşlarından ibarət olub.

Müsahibədən “məqbul” qiymət alan abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə biləcəklər.

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini avqustun 20-dən 30-dək keçirəcək.

DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq fəaliyyət göstərib. Mövcud vəziyyətlə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası, Qəbələ və Şəki rayonlarından qeydiyyatdan keçən abituriyentlərlə müsahibə distant (məsafədən) formada keçirilib.

Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Aİİ Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında islamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər tədris olunur.