Prezident Kəlbəcərdə çay süfrəsində -VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Kanal32.az xəbər verir ki, dövlət başçısı və birinci xanım  Kəlbəcərdə çay kənarında əyləşiblər.

Lev çayının sahilində çay süfrəsi arxasında söhbət edən Prezident İlham Əliyev deyib:

– Kəlbəcər rayon yarımstansiyasının açılışını etdik. Çox əlamətdar hadisədir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və deyə bilərəm ki, cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi. Özü də çox çətin bir hava şəraitində, çətin relyefdən, dağlardan keçərək, bu önəmli infrastruktur obyektini istifadəyə verdik. Yeni dirəkləri də görürsünüz. Dirəklərin ən hündür olan yeri 3400 metrdir. Doğrudan da böyük peşəkarlıq və məharət tələb edən layihədir və onu göstərir ki, bizim daxili resurslarımız o qədər güclüdür ki, biz qısa müddət ərzində bu işləri görə bilərik. Beləliklə, bu yarımstansiya Kəlbəcər rayonunu elektrik enerjisi ilə təchiz edəcək. Bu tədbirə qədər Lev çayı üzərində su elektrik stansiyasının tikintisi ilə tanış oldum. Orada generasiya gücü 4,4 meqavatdır. Biz artıq Güləbird Su Elektrik Stansiyasını işə saldıq, orada 8 meqavatdır, o, Laçın rayonundadır. Suqovşan Su Elektrik Stansiyası da təmir olundu, yenidən quruldu, orada da 7,8 meqavatdır. Yəni, görün, biz artıq 20 meqavatdan çox elektrik enerjisini alternativ mənbələrdən hasil etməyə başlayırıq və bu hələ başlanğıcdır. Ermənilər bu bölgələri tərk edərkən bütün su elektrik stansiyalarını məhv etdilər, dağıtdılar. Biz onları bərpa edəcəyik. Güləbird, indi isə Lev çayı üzərində və digər su elektrik stansiyaları və onların sayını tədricən təxminən 20-yə çatdıracağıq, bəlkə də 30-a çatdıracağıq, amma tədricən. Beləliklə, bizim enerji potensialımız da güclənəcək. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası kimi yaşayacaq və bizim bütün planlarımız yerinə yetiriləcək. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir.

Bu gün biz Lev çayının kənarında çay içəcəyik armudu stəkanda. Bu, onu bir daha göstərir ki, nə qədər ermənilər çalışsalar da bizim xalqımızın iradəsini qıra bilmədilər. Biz buraya qayıtmalı idik və qayıtdıq. Onlar buradan getməli idilər və getdilər. Tarixi ədalət bərpa olundu və biz ölkəmizin bəlkə də ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, Kəlbəcərin inkişafı ilə bağlı artıq planlarımızı reallaşdırırıq. Bundan sonra da tədbirlər olacaq. Hələlik isə çayımızı içək və təbiətdən zövq alaq. Yaşasın Azərbaycan!

Kanal32.az