Hulusi Kılıç: “Soyadım Kılıç qılıncım kəskindir, yalnız duşməni kəsirəm, dostlarımı qılıncımla qoruyuram. Bizim qılıncımız özümüzü kəsməz!”
Türkiyənin Azərbaycanda sabiq səfiri xalqımızın sevimli dostu Hulusi Kılıç fəaliyəti dönəmində özünü bizlərdən biri olduğunu sübut etmiş böyük diplomat.
Gəlin dostmuzu yaxından tanıyaq.
Hulusi Durmuş oğlu Kılıç 1 yanvar 1956-cı ildə Türkiyə Cümhuriyyətinin Rəşdiyyə Tokat bölgəsində doğulub. Rəşadiyyə liseyini bitirdikdən sonra Hacettepe Universitetində fransız dili və ədəbiyyatı ixtisası üzrə əvvəlcə bakalavr sonra isə magistr təhsil alıb. Sonra isə Fransanın Strasburq Universiteti Siyasi Elmlər fakültəsinində Xarici əlaqələr ixtisasını bitirib. Təhsilini bitirdikdən sonra 1975-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışıb. 1978/1982-cı illərdə Türkiyənin Strasburq Baş konsulluğunda dəftərxana məmuru, 1982-1985-cı illərdə Çoxtərəfli Münasibətlər Müdirlüyü Avropa Şurası Şöbəsində məmur, 1985-ci ildə Əlcəzair səfirliyində III katib, və II katib, 1988/1990-cı illərdə Bolqarıstan səfirliyində II katib və baş katib vəzifələrdə çalışıb. 1990/1992-ci illərdə Xarici İşlər Nazirliyində Yunanıstan şöbəsində, şöbə müdiri vəzifəsini icra edib. 1992/1996-cı illərdə Beynəlxalq Havaçılıq Təşkilatında (Kanada/Montreal) Türkiyə Cümhuriyyəti daimi nümayəndəliyinin baş katibi kimi çalışıb. 1996/1998-cı illərdə Türkiyənin Gürcüstandakı səfirliyində müşavir və səfir müavini olub. 1998/2000-ci illərdə Xarici İşlər Nazirliyində Havacılık Şöbəsinin rəisi vəzifəsində çalışıb. 2000/2005-ci illərdə Türkiyə Respublikasının Hələbdəki baş konsulu təyin olunub. 2005/2008-ci illərdə Xarici İşlər Nazirliyində Protokol Xidmətinin rəis müavini. Eyni zamanda hazırki Prezident Rəcəp Tayyib Ərdoğanın protokol xidmətinin rəisi olub.
2008-ci ilin martından 2012-ci ilin sentyabr ayına kimi Türkiyə Respublikasının Azərbaycandakı səfiri olub. Azərbaycana səfir olmaq təklifi şəxsi arzusu olmuşdur. Azərbaycandakı vəzifəsi başa çatdıqdan sonra Hulusi Kılıca Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında önəmli rol oynamsı ilə əlaqədar Azərbaycanın ən yüksək ordenlərindən olan “Dostluk ordeni” ilə mükafatlandırılmışdır. Qeyd edək ki, Hulusi Kılıç bu ordeni alan ilk səfir və Türk vətandaşı olmuşdur. 2012/2016-cı illərdə Türkiyə Xarici İşlər Nazirliyində Afrika Məsələləri Ümumi Müdiri kimi çalışmışdır. Qeyd edək ki, 2013-2016-cı illərdə diplomatik xidmətlə eyni zamanda boyük hissəsi Azərbaycan dövlətinə məxsus olan Petkim Şirkətinin İdarə Heyətinin üzvü kimidə fəaliyyət göstərmişdir.
2016–2018-ci illərdə Moldovada Türkiyənin səfiri olub. Bu xidmətini başa vurduqdan sonra 22.02.2018-ci il tarixdə Moldova Prezidenti İqor Dodon tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir. Bundan başqa 23.02.2018-ci il tarixdə Moldova Respublikasının Qaqauz Yerli Muxtar Ərazinin başçısı İrina Vlah tərəfindən Başkanlık ordeni ilə təltif edilmişdir.
Hulusi Kılıç 06.11.2018-ci il tarixdə Moldova Komrat Üniversitesinin “Honaris Causa” fəxri doktoru adına layiq görülmüştür. Okan Universiteti İdarə Heyətinin üzvüdür. Həmçinin 2018-ci ilindən Türk Dünyası Parlementlər Birliyi Xarici Əlaqələr Baş Kordinatoru vəzifəsində çalışır. Fransız və ingilis dillərini bilir.
Yuxarıda yazılanlar böyük diplomatın rəsmi tərcümeyi halıdır. Lakin onu səciyyələndirən xarakterik xüsusiyyətlərinin məziyyətlərini anlamaq üçün onun həyat fəlsəfəsini anlamaq və vətənsevərliyini dərk etmək lazımdır. Bir çoxları üçün səfir vəzifəsi imtiyazlar, konfort həyat deməkdir. Lakin Hulusi Kılıc kimi vətənsevər şəxslər üçün vətənə xidmət, bir tutqu, bir sevdadır. Diplomatik fəaliyyətə başladığı 15 oktyabr 1975-ci il tarixi çox gərgin bir dönəmlər idi. “Asala” terrorçularının ən azğınlaşdığı bir dövr idi. Hulusi Kılıç işə başladığından 10 gün sonra erməni “Asala” terror təşkilatı Türkiyənin Fransadakı səfirliyində səfir İsmail Erez ve sürücüsü Talip Yeneri şəhid edirlər. Bütün Türkiyənin həyacanla qarşıladığı bu terror olayı Hulusi Kılıc üçün daha da ağrılı olur, həm diplomatik fəaliyyətə yeni başlamanın həyacanı, həm də qohumu, səfir İsmail Erezin sürücüsü Talip Yenerin şəhid edilməsi ona çox ağır təsir edir. Bu terrorun ardınca 3 gün sonra “Asala” tərəfindən Vyanadakı türk səfiri Danış Tunalıgilişəhid edilir. Həmin dönəmlərdə türk diplomatlarına yönəldilmiş terror aktları hər bir diplomatın həyatının sonu ola bilərdi. Lakin Hulusi Kılıçın Vətəninə və dipolomatik xidmətə olan sevgisi fəaliyyəti dönəmində onun iş həyatına sirayət edib və uğurlu fəaliyyətinin təməli olub.
44 günlük müqəddəs Vətən müharibəsi dönəmində sabiq səfir özünü Azərbaycan xalqının yanında olduğunu bir daha nümayiş etdirdi. Hulusi Kılıçın 44 günlük müharibə dönəmində göstərdiyi fəaliyyətlə bağlı “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabı işıq üzü gördü. Kitabda 44 günlük müharibənin həyacanını yaşamaqla bərabər ayrı-ayrı agentliklərə verdiyi açıqlamalar və müsahibələrdə bir nüans diqqətimi cəlb etdi. Jurnalist Günel Yazın təşəbüsü ilə Hulusi Kılıçın bu həyacanlı dönəmlərdə verdiyi müsahibələri açıqlamaları toplayaraq kitab şəkilində çap olunması təşəbbüsü Azərbaycan oxucusu tərəfindən rəğbətlə qarşılandı. Hulusi Kılıç Azərbaycanda vəzifəyə başladığı gündən bu günə özünü tam bir Azərbaycan mənsubu, bir diplomat və vətənsevər bir ziyalı kimi göstərdi.
Daha bir nəcib təşəbbüs kitabın satışında gələn gəlirin “YAŞAT Fondu”na hədiyyə etməklə həm də gözəl bir nümunə göstərdi. Şübhəsiz ki, Türkiyə-Azərbaycan qardaşlığının ən yüksək zirvədə olduğu bu dönəmlərin zövqünü hamımız yaşamaqdayıq. Lakin bu qardaşlığın qorunmasında Hulusi Kılıç bəyin müstəsna rolu var.
Fəaliyyət dönəmində 2009 ilində xarici qüvələrin dəstəyi və təzyiqi ilə Ermənistan-Türkiyə sərhəddini açmaqla iki qardaş ölkənin arasına nifaq salınmağa çalışıldığı bir dönəmlərdə ən müdrik siyasi gedişləri ilə qardaşlıq münasibətlərini qorumağa nail oldu. Bakıda keçirdiyi bir mətbuat konfransında işlətdiyi isə “Biz bir daha özümüzü kəsən kılınc olmayacayıq” fikirini tarixi, diplomatik konteksdə ən dərin mənalar ifadə etdiyini başa düşmək çox da çətin deyil. Azərbaycan xalqının oğlu və dostu Hulusi Kılıç bəy səfir kimi dünyanın harasında olursa olsun o həm də Azərbaycanı təmsil edir. Yaxasındakı Dostluq ordeni və Xarı Bülbül onun Azərbaycan sevdasının simvoludur.
Səməd Vəkilov