Ermənistan ordusunun 44 günlük müharibə zamanı əsas hədəflərindən biri Mingəçevir su bəndi və eləcə də oradakı istilik elektrik stansiyasının yanacaq çənləri idi. Bu məqsədlə düşmən Mingəçevirə böyük dağıdıcı gücə malik olan 3 “Elbrus” (NATO klassifikasiyasına görə “Skad”) raketi atdı. Lakin həmin raketlərin hamısı Azərbaycanın Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub, nəticədə düşmənin su bəndini dağıtmaq və mülki əhali arasında böyük tələfata səbəb olaraq müharibənin gedişini dəyişdirmək planı baş tutmayıb.
Kanal32.az xəbər verir ki, Azərbaycanın Hava Hücumundan Müdafiə qüvvələrinin zabiti, Mingəçevirin düşmən raketlərindən qorunmasına görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Səfər Qurbanov bu döyüşlər haqda ilk dəfə danışıb. musavat.com-a müsahibəsində o, Mingəçevirə atılan düşmən ballistik raketlərinin havada S-300 zenit-raket kompleksləri ilə vurulduğunu deyib.
Qeyd: Səfər Qurban oğlu Qurbanov 1982-ci il mayın 9-da Salyan rayonunda anadan olub. Salyanda 27 nömrəli dəmir yol orta məktəbini bitirib. 1999-cü ildə Azərbaycan Ali Hərbi məktəbinə daxil olub. 2003-cü ildə həmin ali məktəbi zenit-raket qoşunları ixtisasını bitirib, 2004-cü ildə Təlim-Tədris Mərkəzinə daxil olub. Həmin ildən Hərbi Hava Qüvvələrinin zabiti olaraq xidmətə başlayıb. Havadan müdafiə – zenit-raket komplekslərində xidmət aparıb. Heyət rəisi, tağım komandiri vəzifələrini daşıyıb. 2010-cu ildə Sankt-Peterburqda 3 aylıq kursda “S-300″ zenit-raket komplekslərindən istifadəni mənimsəyib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə Səfər Qurbanov xüsusi tapşırıq verilməklə tağım komandiri olaraq Mingəçevirə göndərilib.
Düşmənin “Elbrus” kompleksi start mövqeyində
Səfər Qurbanov deyir:
-Yuxarı komandanlıqdan tapşırıq verildi, xüsusi önəm kəsb edən Mingəçevir şəhərinin havadan müdafiəsi bizə tapşırıldı. Ora 1 raket belə düşməli deyildi. Əks halda, mülki əhali arasında çox böyük itkilər ola bilərdi. Düşmənin olduqca hiyləgər və rəzil olması da deməyə əsas verirdi ki, Mingəçeviri, hava hücumundan müdafiəsi bizə tapşırılan İstilik Elektrik Stansiyasını və Su Elektrik Stansiyasının bəndini hədəf alacaqlar. Biz öz döyüş tapşırığımızı, fəaliyyətimizi yerinə yetirmək üçün Mingəçevirdə döyüş mövqeyimizi tutduq. Cəbhədən bir-birinin ardınca sevincli xəbərlər alırdıq. Bilirdik ki, ermənilər qarşımızda çox da tab gətirməyəcəklər, qaçacaqlar. Eyni zamanda hücumu dayandırmaq üçün həmin günlərdə mülki əhalini hədəf alırdılar, Bərdəni raket atəşinə tutmuşdular.
Oktyabrın 9-da 14:31 radələrində düşmən Mingəçevirə istiqamətlənən “Elbrus” operativ taktiki raketi atdı. Bu, olduqca qorxulu, məhvedici bir raketdir. Sonradan Gəncə şəhərinə, dinc əhalini hədəf alan zaman da məhz “Elbrus”dan istifadə etmişdilər. Oktyabrın 9-da Mingəçevirə atdıqları “Elbrus”u izləyib qoruduğumuz şəhərin üzərində, 23 kilometr hündürlükdə “S300″ zenit-raket kompleksi ilə havada məhv etdik. Həmin günlərdə sayıqlığımızı 1 saniyə belə itirmədik, yuxarı komandanlığın tapşırığının icrası üçün gecə-gündüz bilmədən xidmət apardıq.
Vətən Müharibəsi Qəhrəmanı bildirir ki, düşmənin məqsədi əsasən Mingəçevir şəhərindəki çox böyük strateji əhəmiyyətli su bəndini dağıtmaq, İstilik Elektrik Stansiyasının yanacaq ehtiyatı olan anbarın məhvi idi.
“Oradakı minlərlə ton yanacaq anbarına bir qığılcım düşməsinin nəticəsini düşünmək belə ağırdır. Əgər atılan raketlərdən biri o əraziyə düşsəydi, Mingəçevirdə yanğın aylarla davam edərdi. Bəndin dağılması ilə ölkəmizin Aran zonası su altında qalar, digər hissəsi isə elektrik enerjisindən məhrum olardı. Bütün Kür çayı ətrafı rayonların əksəriyyətinin su altında qalma ehtimalı var idi. Düşmən istəyirdi ki, Azərbaycanın daxilində böyük problemlər yaratsın, böyük bir tələfata yol açıb Qarabağda döyüşlərin gedişinə bu şəkildə təsir etsin. Şükür Allaha, məqsədinə çatmadı. Biz yuxarı komandanlıqdan qoyulmuş tapşırığa əsasən, bilik və bacarığımızdan istifadə etməklə, yaradılmış texniki imkanların hesabına, təlimlərdə bizə verilmiş texniki biliyin nəticəsində buna nail olduq”,-Səfər Qurbanov bildirir.
Vardenisdə məhv edilmiş “Elbrus” kompleksi
O, deyir ki, oktyabrın 9-da baş tutmayan hücumdan sonra Ermənistan ordusu Mingəçevirə daha iki “Elbrus” raketi atıb, lakin həmin raketlər də havada məhv edilib.
Səfər Qurbanov 22 ildir ki, xidmətdədir. Deyir ki, xidmət müddəti bitəndən sonra bilik və bacarıqlarını gələcək nəsillərə öyrətməyə hazırdır. O, yüksək ada layiq görülməsi xəbərini müharibə bitəndən 1 ay sonra alıb:
– Cənab Prezidentin 9 dekabr 2020-ci il sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” medalına layiq görüldüyüm xəbərini aldım. Evdə övladlarımın yanında idim. Yoldaşlar zəng etdi ki, adım Prezident sərəncamda var. Özümə yer tapmadım. Gördüyümüz işə böyük bir dəyər verilmişdi. Bundan sonra həyatımı daha məsuliyyətli yaşamaq, daha diqqətli yaşamaq və öz sənətimdə, öz işimdə daha çox perspektiv əldə etmək, daha çox oxuyub-öyrənməyə çalışacağam. Bizə Qarabağı qaytarmaqla böyük sevinc hissi yaşadan Ali Baş Komandanımıza, cənab Prezidentimizə böyük təşəkkür edirəm. Cənab nazirimizə, Hərbi Hava Qüvvələri komandanlığına məni bu ada uyğun görmələri üçün təşəkkür edirəm. Azərbaycanımla fəxr edirəm. Canım Vətənə qurban olsun. Allah bütün şəhidlərə rəhmət etsin, qazilərimizə cansağlığı versin.
Səfər Qurbanov 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində göstərdiyi şücaətə görə polkovnik-leytenant rütbəsinə qədər yüksəlib, divizion komandiri vəzifəsinə təyinat alıb. “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə yanaşı “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə” , “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.