DİQQƏT-Azərbaycana «Lüsifer» yaxınlaşır!

Müəllif: Ceyhun Nəcəfov

Bu ilin avqustu iyuldan daha bürkü olacağını vəd edir, baxmayaraq ki, Avropa orta müddətli proqnozlar mərkəzinin məlumatına görə, 2021-ci ilin iyulu Avropada indiyədək qeydə alınan illər ərzində ikinci ən isti iyuldur. İsti hava dalğaları Baltikyanıdan Aralıq dənizinə qədər bütün Avropanı dolaşır.

“Lüsifer” irəliləyir…

İndi isə italyan sinoptiklərinin proqnozuna görə, Cənubi Avropaya doğru Afrika subtropik antisiklonu yaxınlaşmaqdadır. Onu odlu xarakterinə görə “Lüsifer” adlandırırlar. “Lüsifer” İtaliyanın cənub əyalətlərini yandırıcı istiyə məruz qoymaqla ardınca Yunanıstana və Türkiyəyə hərarət gətirəcək və öz qızmar ovcunu Cənubu Qafqazadək uzadacaq. Qızmar həftə səbəbindən İtaliyanın 8 şəhərində ən yüksək, “qırmızı” təhlükə səviyyəsi elan olunub. Yerli meteoroloqlar görünməmiş isti proqnozlaşdırır – termometrin sütunu 47-48 dərəcəyə qədər yüksələcək.

Yer əhalisinin dəfələrlə artan meşə yanğınları, çayların quruması, taxıl məhsuldarlığının azalması və s. ilə müşayiət olunan rekord qızmar yayı yaşadığından BMT yanında iqlimin dəyişmələri üzrə ekspertlərin Hökumətlərarası qrupunun (İDEHQ, The Intergovernmental Panel on Climate Change) altıncı hesabatında da bəhs edilir.

Hesabatda bildirilir ki, planetdə iqlim dəyişiklikləri prosesi sürətlənir və yeni miqyas alır. İqlim Yerin bütün bölgələrində sürətlə və getdikcə daha çox ekstremal təzahürlərlə dəyişir, – hesabatda deyilir.

Meşə yanğınları da qlobal istiləşmədən qaynaqlanır

Anomal isti təkcə Avropada yox, həm də Şimali Amerikada və Uzaq Şərqdə davam edir. Tokio Olimpiadasında müxtəlif idman növündə çıxış edən bir neçə idmançı günvurma səbəbindən yarışları dayandırmalı olub. Ekstremal istiyə görə Çinin şərq əyalətlərində fabriklər bağlanıb, Koreyada yüz minlərlə iribuynuzlu mal-qara tələf olub. Bütün bunlar iqlim dəyişikliyinin nəticəsidir və əgər dünya hökumətləri təbiəti çirkləndirən yanacaq növlərindən külək və Günəş enerjisi kimi təmiz enerji mənbələrinə keçid etməyəcək, bu dəyişikliklər də daha tez-tez təkrarlanacaq, – Qrinpisin Şərqi Asiya bürosunun rəhbəri Miken Kim jurnalistlərə bildirib.

Bəs bizim bölgəni nə gözləyir?

Milli hidrometeorologiya xidmətinin rəhbəri Umayra Tağıyeva haqqin.az-a bildirib ki, Ümumdünya meteorologiya təşkilatının (ÜMT) tövsiyələrinə uyğun olaraq Azərbaycanda havanın hərarəti beş gün ərzində +35 və daha yuxarı davam edərsə, anomal istilik dövrü hesab olunur.

Ölkəmizdə qlobal iqlim dəyişikliyi fonunda yay boyu temperatur anomaliyaları, Abşeron yarımadasında istilik dalğaları öyrənilir, bu göstəricilərin dəyişmə meylləri analiz olunur. Beləliklə müəyyənləşib ki, son 25 ildə Abşeron yarımadasında müsbət temperatur anomaliyaları üstünlük təşkil edir. Bakıda orta maksimal temperatur, xüsusən də avqustda xeyli yüksəlib, istilik dalğalarının həm təkrarlanması, həm də müddəti müşahidə olunur, – meteoroloq bildirib.

Umayra Tağıyeva narahatdır

Abşeronda tez-tez baş verən temperatur sıçramaları ətraf mühitdə müxtəlif neqativ nəticələrə və insanların bu anomaliyalara həssaslığının artmasına aparıb çıxarır.

Umayra Tağıyevanın fikrincə, iqlim dəyişikliyinin təzahürlərindən biri bürkü dalğalarının tezləşən təkrarlanması və müddətidir. Bu problem xüsusilə Avropadakı 2002-ci il anomal istilərdən sonra özünü aydın göstərir.

1960-1990-cı illərdə tədqiqatçı sinoptiklər “istilik dalğaları” terminini hələ işlətmirdilər. Hazırda isə dünyadakı qlobal iqlim dəyişiklikləri elmi dairələrdə yeni anlayışların formalaşmasına səbəb olub. ÜMT-in hesabatına görə, son 20 il tarixə yüzilliyin ən qızmar illəri kimi daxil olub. Tədqiqatlar göstərir ki, baza dövründə (1960-1990-cı illər) 30 il ərzində Bakıda cəmisi 2 istilik dalğası qeydə alınıb və onların davametmə müddəti 6 günü ötməyib. Sonrakı 25 ildə isə artıq 17 bu cür dalğa baş verib. Onlardan 14-ü son 14 ilə təsadüf edir. 2002, 2012, 2014, 2015-ci illərdə bir yay mövsümünə hətta 2 dalğa düşüb. Bürkünün orta davametmə müddəti maksimal 5,5 gün, maksimal – 6 gün, 1991-2015-ci illərdə isə artıq 7,3 gün olub. Bürkünün maksimal müddəti 2010-cu ildə qeydə alınıb – 24 gün.

Son onillikdə Azərbaycanda hər il istinin rekordu qeydə alınır. İndiki iyun da istisna deyil və ildən ilə yayda havanın hərarəti daha da yüksəlir. Ölkədə çox isti dövrlər əvvəllər də olub, ancaq ovaxtkı və indiki orta temperatur kəskin fərqlənir – o vaxtdan temperatur bir neçə dərəcə qalxıb. Azərbaycanda +40 dərəcə artıq nadir hadisə deyil, halbuki keçmişdə bu temperatura ən çoxu 1-2 gün rast gəlinirdi. Hazırda isti dalğaların sayı daima artır və bu, bütün dünya üçün xarakterikdir. Tədqiqatlar göstərir: əgər möcüzə baş versə və bütün dünyada karbon qazının atmosferi çirkləndirməsi tamamilə dayandırılsa belə, təəssüf ki, parnik qazları havada uzun illər qalacaq, havanın temperaturunun yüksəlməsi davam edəcək, – Umayra Tağıyeva xoş olmayan proqnoz verir.

/virtualaz/