Avropa İttifaqı, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə təlim proqramını yekunlaşdırıb
Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (PTDA) peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə icra edilən 9 həftəlik intensiv təlim proqramı başa çatıb.
Təlim proqramı, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq üçün Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə dəstək olmaqdır.
May ayından etibarən başlayan “Peşə təhsilində Liderlik və İdarəetmə” proqramı onlayın və əyani sessiyalar olmaqla həftəlik 14 saatlıq tədrisi əhatə edib. Əyani təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Burada iştirakçılar peşə təhsil müəssisəsinin cari maddi-texniki bazası və xidmətləri ilə yerində tanış olma və birbaşa öyrənmə imkanı əldə ediblər. Proqramın son həftəsi iştirakçılar İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə, o cümlədən bölgədə turizm sahəsi üzrə fəaliyyət göstərən özəl müəssisəyə səfər edib, peşə təhsili istiqamətində yenilikləri müzakirə ediblər.
Proqramın bağlanış tədbiri sözügedən peşə təhsil müəssisəsində baş tutub və əlaqədar tərəfləri bir araya gətirib.
Tədbirdə proqramı uğurla başa vuran 20 iştirakçı, o cümlədən 10-u qadın olmaqla təlim sessiyalarında öyrəndikləri mövzular istiqamətində təqdimatlarla çıxış ediblər. Təqdimatlar keyfiyyət təminatı və monitorinq sistemlərinin qurulması, özəl sektorla əlaqələrin gücləndirilməsi, səmərəli idarəetmə və kommunikasiya sistemlərinin inteqrasiyası, həmçinin peşə təhsil müəssisələrində maliyyə mexanizmləri və peşə təhsilində əmək bazarının tələblərinə uyğun məzmununun formalaşdırılması kimi mövzuları əhatə edib.
Proqramı uğurla tamamlayan iştirakçıların peşə təhsil müəssisələrində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə işə qəbul zamanı üstünlüyə malik olması nəzərdə tutulurdu. Nəticə olaraq vurğulanmalıdır ki, təlim proqramının iki iştirakçısı son keçirilən direktor müavinlərinin işə qəbul müsabiqəsində uğurlu nəticə göstərərək Şirvan Peşə Liseyi və Mingəçevir Peşə Məktəbinin direktor müavini vəzifəsinə təyinat alıblar.
Qeyd edilməlidir ki, “Peşə təhsilində Liderlik və İdarəetmə” təlim proqramında iştirak üçün 300 müraciət daxil olmuşdu.