Özəlləşdirmə çeklərinə ikinci həyat veriləcəkmi?-Deputat açıqladı-VİDEO

Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də özəlləşdirmə çeklərinin yenidən aktivləşdirilməsi ilə bağlıdır. Sadə vətəndaşlar bu çeklərin yenidən aktivləşdirilməsini istəyirlər. Çünki əllərdə xeyli sayda özəlləşdirmə çekləri qalıb. Ona görə də onun dövriyyədə olma müddətinin yenidən uzadılmasını arzulayırlar.

Bəs özəlləşdirmə çeklərinə yenidən ikinci həyat verilə bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov publika.az-a açıqlamasında deyib ki, özəlləşdirmə paylarının dövriyyəsinin yenidən aktivləşməsi üçün ölkə Prezidentinin müvafiq sərəncamı olmalıdır:

“Əllərdə çeklər çoxdur. Əhali ondan istifadə edə bilmədi. İnsanlar istəyirlər ki, həmin özəlləşdirmə payları, çeklər aktivləşsin və istifadə edilsin. Ona görə də özəlləşdirmə prosesləri getməlidir ki, o çeklərdən istifadə olunsun. Çeklərdən istifadə edilməsinə dair yalnız dövlət başçısı sərəncam verə bilər. Belə bir sərəncam verilərsə, o zaman çeklərdən istifadə mümkündür”.

Vahid Əhmədov düşünür ki, əhalinin əllərində qalmış çeklərdən istifadəsinə müəyyən qədər icazə vermək olar:

“Daha doğrusu, həmin özəlləşdirmə paylarının əhalinin əlində qalmaması üçün iri müəssisələrin, şirkətlərin özəlləşdirilməsində istifadə edilməsi mümkündür. Bu məsələnin gündəmə gətirilməsi Milli Məclislik deyil. Parlament özəlləşmə ilə bağlı qanunlar qəbul edir. İndi söhbət gedir ki, bəzi şirkətlər, xidmət sahələri özəlləşdirilməlidir. Biz də bunun tərəfdarıyıq. Bu prosesdə çeklərdən istifadə olunma məsələsinə dövlət başçısı baxa bilər”.

Qeyd edək ki, çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvar ayının 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb.

Belə ki, müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.