“Qarşıda erməniləri daha da məhv edən rəsmi mövqelərin olacağı şübhəsizdir”

İlham İsmayıl: “Prezident İlham Əliyevin Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanı Azərbaycanın mühüm diplomatik gedişidir”

Prezident İlham Əliyev iyulun 7-də Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb. Əvvəlki iqtisadi bölgüdən fərqli olaraq yeni sənəddə Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) yaradılıb.

Bu bölgüdə başqa bir sıra dəyişikliklər də var. Bunlardan ən mühümü Qarabağ iqtisadi rayonunun (Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər) yaradılmasıdır.

Bundan əvvəl mövcud olan və Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli və Xankəndini əhatə edən Yuxarı Qarabağ iqtisadi rayonu isə ləğv edilib.

Fərmanı “AzPolitika.info”-ya şərh edən təhlükəsizilik məslələri üzrə ekspert İlham İsmayıl bildirib ki, İkinci Qarabağ müharibəsinin bitməsindən 8 ay keçir və bu müddət ərzində cəmiyyətimizi narahat edən məsələlərdən biri məhz hələ də nəzarət edə bilmədiyimiz Xankəndi və ətrafı haqqında Azərbaycan rəsmilərinin heç bir mövqe bildirməməsi idi.

“Hətta 10 noyabr bəyanatından irəli gələn müddəaların reallaşdırılması barədə də rəsmi açıqlamalar olmamışdı. Nəhayət, imzalanan Fərmanda Xankəndi və ətrafında yerləşən rayonların Azərbaycan iqtisadi bölgəsinin tərkib hissəsinin olması elan edildi. Bu Fərmanın imzalanması indiki situasiyada ciddi diplomatik gedişdir. Ermənistan baş baziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşməsinin nəticəsindən asılı olmayaraq bizim mövqe rəsmən ortadadır”, -deyə ekspert vurğulayıb.

İ. İsmayılın sözlərinə görə, məsələnin başqa simvolik tərəflərindən biri də 7 iyul tarixi ilə bağlıdır. 

O, xatırladıb ki, 98 il əvvəl-1923-cü il iyulun 7-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb: “98 ildə başımıza gələn bəlaların önündə bu hadisə gəlir. Əgər o vaxt ermənilər muxtariyyət almasaydılar, heç vaxt Qarabağın Ermənistana birləşdirilməsi və ya müstəqil subyekt olması kimi erməni iddiaları baş qaldırmaz və məlum problemlər yaşanmazdı. Məhz bu günü “Qarabağın dövlətçilik tarixinin davamı” kimi danışan qondarma rejimin məmuru David Babayan və cəmi ermənilər üçün Fərman soyuq duş effekti yaradıb. Qarşıda erməniləri daha da məhv edən rəsmi mövqelərin olacağı şübhəsizdir”.

 

 

Ekspert qeyd edib ki, ermənilər ağır məğlubiyyətdən sonra belə “Artsaxın müstəqilliyi” barədə düşünür, 98 il əvvəl onlara verilən muxtariyyatı da qəbul etmədiklərini söyləyirlər: “Guya, onlara bu statusu verən var. Həmin bədnam Babayan bu gün verdiyi müsahibədə “ Azərbaycanın tərkibində olsaq, bir erməni də Artsaxda qalmayacaq” deyir. Lap yaxşı, biz tezliklə bu mənzərənin şahidi omaq istəyirik”.

İlham İsmayıl hesab edir ki, Azərbaycan artıq sərt hücum diplomatiyasına keçməlidir.

“Fərmanın reallaşması üçün tezliklə uyğun addımlar atılmalı, düşmənin manevr imkanlarını tamam sıradan çıxarmalıyıq. Azərbaycanın bu gün o potensialı mövcuddur”,-deyə o vurğulayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “Turan”a bildirilib ki, Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirir: “Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Onun üçün Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Ümumilikdə, iqtisadi rayonların sayı 10-dan 14-ə çatır, çünki Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib. Habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb”.

 

 

Qurumdan qeyd olunub ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpasıdır: “…Uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının (Hazırda keçmiş qəzanın böyük bir hissəsi Ermənistanın ərazisi sayılır) tərkibində olmaları, ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Həmçinin, sözügedən fərmanda Qarabağa vahid yanaşma var, yəni, dağlıq və aran Qarabağ bir götürülür”.

Vurğulanıb ki, Gəncə–Qazax və Aran iqtisadi rayonlarının tərkibinə yenidən baxılması da günün tələbidir: “Fərmanda azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax, Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və həmin iqtisadi rayonların tərkibinə yenidən baxılmasını zəruri edir”.

Mərkəzdən hesab edirlər ki, yeni bölgü Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institusional islahatlar aparılmasına xidmət edəcək: “Regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda, Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq”.

“AzPolitika.info”