İşğaldan azad olunmuş ərazilərin mina xəritələri ardıcıllıqla Azərbaycana veriləcək
44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizə qələbələr qazandırmaqda davam edir. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi zəfərini diplomatiya meydanında təkrarlayır. Bu dəfə də Azərbaycan liderinin prinsipial siyasəti öz bəhrəsini verdi və Ermənistan indiyədək gizli saxladığı mina xəritələrinin bir hissəsini üzə çıxarmağa məcbur qaldı. 30 il ərzində Ağdam, Füzuli və digər ərazilərdə xüsusi müdafiə sədləri quran erməni silahları qüvvələri demək olar ki, bütün ərazilərimizi minalamışdılar. Ermənistan bununla maksimum insan itkisinə nail olmağı, həmçinin Azərbaycanın Qarabağda başlatdığı yenidənqurma, bərpa işlərinə, xarici şirkətlərlə birgə həyata keçiriləcək meqalayihələrə süni əngəllər törətməyi qarşısına hədəf qoymuşdu. Lakin işğalçı Ermənistan anlamır ki, bu gün Azərbacan Hərbi və siyasi şərtləri indi…
Qaliblər diktə edir
Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanın diktəsi ilə hərəkət etməkdən başqa bir çarəsi yoxdur, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik”. Çünki Prezident İlham Əliyev nə vaxt, nəyi, necə etmək lazımdır, bunu bilir: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır. Regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına baxmayaraq, İrəvan kapitulyasiya aktından sonra sülhə can atmadı və bu ölkənin hərbi-siyasi rəhbərliyi geridə qalan səkkiz ay ərzində Azərbaycandan fərqli olaraq, heç bir humanistlik nümayiş etdirmədi. Bu amil daha çox mina xəritələrinin təhvil verilməməsində özünü göstərdi. Təəssüflər olsun ki, Ermənistanın mina təxribatları müharibədən sonra onlarla dinc sakin və hərbçinin həlak olmasına, ya da sağlamlığını itirməsinə səbəb oldu.
Ermənistanın dediyi yox, məhz Azərbaycanın istədiyi oldu
Yenə də Ermənistan “ağ bayraq” qaldırdı. Ermənistanın dediyi yox, məhz Azərbaycanın istədiyi oldu. Ağdam, onun ardınca iyulun 3-də Füzuli və Zəngilanın mina xəritələri ölkəmizə verildi. Bu, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının qətiyyətli iradəsinin məntiqi nəticəsi və “Dəmir Yumruq” siyasətinin növbəti qələbəsi, zəfəridir. Ermənilər tərəfindən basdırılmış çoxsaylı minalar yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaradır. Müharibə dayanandan sonra Ermənistanın mina xəritələrini verməməsi səbəbindən yeddi ayda 100-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Mina xəritələrinin əldə edilməsi ilə Ermənistanın bir vaxtlar Ağdam rayonu ərazisində basdırdığı 100 mindən çox minanın yerini müəyyən etmək mümkün olacaq. Bu isə minlərlə insanın təhlükəsizliyinin təmin edilməsinə, həmçinin, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün daha əlverişli zəminin yaradılmasına imkan verəcək. Bu, 30 il işğal altında saxlanılan Qarabağın azad olunması ilə nəticələnmiş Zəfərdən sonra Qalib Liderimizin növbəti qələbəsi, siyasi-diplomatik uğurdur. Azərbaycan Prezidenti İlham Əliyevin “Dəmir yumruq” siyasəti ilə digər işğaldan azad olunmuş rayonlarımızın da mina xəritələrini alacağıq. Ermənistan həmin xəritələri də ölkəmizə təhvil verməlidir. Bu, beynəlxalq hüququn tələbi olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin təminatı baxımından da olduqca vacibdir. Əldə olunan bu nailiyyət bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev işğal altındakı torpaqların düşməndən azad olunması, bərpa işlərinin sistemli görülməsi və böyük qayıdış üçün geniş bir konsepsiya həyata keçirməyə qadirdir.
Göründüyü kimi, Azərbaycan Prezidenti böyük Qələbə ilə Ermənistanı təhdid etmədi, əksinə, təcavüzkar tərəfə mehriban qonşuluğun yeganə düzgün birgəyaşayış yolu olduğunu anlatdı. Əgər Ermənistan xalqı düzgün siyasi qərar qəbul edərsə, bu ölkədəki seçkilərdən sonra region xalqları qarşılıqlı etimad yolunda birgə hərəkət edə bilərlər. Azərbaycan tərəfi mina xəritəsi müqabilində 15 erməni vətəndaşını təqdim etməklə həm humanistlik, həm də mina təhlükəsi ilə üzləşə biləcək hər bir vətəndaşımızın təhlükəsizliyinin və həyatının bizim üçün dəyərli olmasını nümayiş etdirdi.
Göründüyü kimi, bu gün Azərbaycan bir daha göstərdi ki, döyüş meydanında qalib olduğu kimi diplomatiya platformalarında da qalibdir. Çünki ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bütün bu proseslərdə ölkə başçısı birmənalı şəkildə öz xarici siyasəti ilə insan haqlarının tapdanmasının qarşısını almaq və Ağdama böyük köçün başlaması üçün minalardan təmizlənməyin mühüm mərhələ olduğunu dünyaya göstərdi. Heç kimə sirr deyil ki, ermənilər indiyədək müxtəlif bəhanələr gətirərək, həmin xəritələri bir müddətdir Azərbaycana verməkdən imtina edirdilər. Məqsəd isə bəllidir; daha çox azərbaycanlı həyatını itirsin. Çünki cənab prezidentin sərəncam və tapşırıqları ilə Qarabağ indi böyük bir tikinti meydançasını xatırladır. Təsəvvür edin, yollar tikilir, körpülər salınır, bu və ya digər dövlət qurumları infrastruktur layihələri həyata keçirirlər. Bu gün Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin Füzulidə həyata keçirilməsi, Füzulinin strateji əhəmiyyət kəsb etməsi, bütün yol-nəqliyyat infrastrukturunun bu ərazidən keçməsini nəzərə alsaq, Azərbaycanın bu xəritələri əldə etməsinin hansı səviyyədə uğurlu olması heç kimdə şübhə doğurmamalıdır. Reallıq budur ki, xəritələrin verilməsindən sonra bölgədə işlər daha sürətli görüləcək və əhali tez bir müddətdə öz torpaqlarına geri qayıdacaq. Artıq bölgədə ciddi quruculuq işlərinə başlanılıb. Füzulidə beynəlxalq aeroport tikilir, Şuşaya, Qubadlı-Laçın istiqamətində yollar çəkilir. Bir sözlə, Füzuli strateji əhəmiyyət kəsb edir, bütün yol-nəqliyyat infrastrukturu bu ərazidən keçir. Bu baxımdan, Qarabağda aparılacaq quruculuq işlərində Füzuli rayonun xüsusi yer tutacaq. Bundan başqa Zəngəzur koridorunun fəaliyyətə başlamasına hazırlıq üçün Füzuli və Zəngilan rayonlarında avtomobil və dəmir yolları infrastrukturu yenidən qurulmalıdır. Bunun üçün isə ərazilərin minalardan təmizlənməsi vacibdir. Bu baxımdan mina xəritələrinin təqdim olunması bu prosesi də sürətləndirəcək.
Bir sözlə, Paşinyan anlamır ki, bu günə kimi Ermənistanın dediyi yox, məhz Azərbaycanın istədiyi olub və olacaq. Çünki Azərbaycan haqq yolundadır. Mina xəritələrini verilməsində də Ermənistan yenə “ağ bayraq” qaldırdı, Ermənistanın dediyi yox, məhz Azərbaycanın istədiyi oldu. Prezident İlham Əliyevin diplomatik məharəti və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan buna da nail olmağı bacarır və bundan sonra da istəyinə nail olacaq.
ZƏRİFƏ QULİYEVA,
YAP üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri