İgid, qeyrətli oğullar böyüdən analar ən yüksək ehtirama layiqdirlər

Bu il 26 İyun–Silahlı Qüvvələr Günü ölkəmizdə xüsusi bir ovqatda, əsl bayram əhvali-ruhiyyəsində qeyd olunur. Səbəbi hər birimizə yaxşı bəllidir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ilk dəfədir ki, bu şanlı bayramı öz ərazi bütövlüyünü bərpa edərək qeyd edir.

Bəli, ötən il 44 günlük Vətən müharibəsi günlərində xalqımızın igid, qeyrətli oğulları yağı düşmən üzərində parlaq qələbə qazandılar. Bu tarixi zəfər bir xalq olaraq, əlbəttə, başımızı uca, alnımızı açıq edibdir. Zərrə qədər şübhə etmirəm ki, qədirbilən xalqımız bu möhtəşəm qələbəni öz qanları və canları bahasına qazananları heç vaxt unutmayacaq!

Bu anlar qəlbim müzəffər Ali Baş Ko­mandan, Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinə sonsuz minnətdarlıq duyğuları ilə doludur. Azərbaycan əsgəri XXI əsrdə elə bir hünər dastanı yazıb ki, bu zəfər ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda belə heyrət və heyranlıq doğurur!

Vətən bizim üçün hər şeydən ucadır, müqəddəsdir. Vətənin şərəfi hər birimi­zin şanı və şərəfidir. Müdriklərdən birinin sözüdür: “İnsan yalnız özünü azad və şərəfli ölkənin vətəndaşı olduğunu hiss edən za­man, sözün həqiqi mənasında xoşbəxt olur”. Prezident İlham Əliyevin lideri olduğu, sürətlə inkişaf və tərəqqi edən, torpağını, milli ləyaqətini qorumağı bacaran bir dövlətin– müstəqil Azərbaycanın vətəndaşı olmaq, həqiqətən, böyük şərəfdir!

Bu günlərdə Azərbaycan Respublikası­nın Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsində fərqənən minlərlə əsgər və zabitimizi Vətənin orden və medalları ilə təltif edibdir. Mən rəsmi qəzetlərdə həmin siya­hıya diqqətlə göz gəzdirəndə ölümlərindən sonra təltif olunanların da adlarını gördüm. Əlbəttə, belə anlarda insan kövrəlir. La­kin müharibə itkisiz olmur. Bu məqamda şəhidlərimizin hər birinə uca Allahdan bir dah rəhmət diləyir, qazilərimizə isə tezliklə sağal­malarını arzulayıram.

Mən “Əsgər Anaları Şurası” İctimai Birliyinin sədriyəm. Bu sətirləri yazarkən qəlbimdən bir nida qopur: Vətənə qəhrəman oğullar yetişdirən analara eşq olsun! Belə çıxır ki, 26 İyun –Silahlı Qüvvələr Günü həm də əsgər analarının bayramıdır. Əlbəttə, belədir! Bu gün həm də igid əsgərlərimizə könül verən namuslu qız və gəlinlərin bay­ramıdır! Bu, əslində böyükdən-kiçiyə bütün xalqımızın bayramıdır!

Mən möhtərəm Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş ərazlilərə səfərlərini diqqətlə izləyirəm. Ali Baş Ko­mandanı əsgər və zabitlərimizin əhatəsində görəndə qəlbim xüsusilə çox sevinir. Hər dəfə möhtərəm Prezidentimizin simasında, nurlu gözlərində sonsuz qürur və xoşbəxtlik duyğularını müşahidə edirəm.

Düşünürəm ki, öz xalqından güc və qüvvət alan, Vətəninin başını uca edən lider qüdrətli və yenilməzdir. Xalqımızın sevimli rəhbəri Prezident İlham Əliyev, məhz belə liderdir! Bir Azərbaycan vətəndaşı, ziyalı xanım kimi ürəkdən deyirəm: Yaşa, əziz Prezidentim, yaşa, var ol! Siz bu gün bizim Böyük Qəlbəmizin, daha böyük miqyasda götürsək, Azərbaycanımızın rəmzisiniz! Biz sizinlə sonsuz qürur duyuruq!

Bu gün Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu bu insanlara hər cür yardım göstərir. Bütün bunlar Vətən üçün igid, qeyrətli oğullar böyüdən əsgər analarını çox sevindirir.

Leyla GƏRAYZADƏ,

“Əsgər Anaları Şurası” İctimai Birliyinin sədri,

BDU-nun professoru, filologiya elmləri doktoru