Eldar Həsənovun işi yeni mərhələdə

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan hüquqşünas, dövlət xadimi, diplomat, alim Eldar Həsənovun cinayət işi üzrə yenilik var.

Kanal32.az-ın əldə etdiyi məlumata görə, hazırda Eldar Həsənov və vəkilləri istintaq materialları ilə tanış olurlar.

İstintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparıb.

Eldar Həsənov 2020-ci il avqustun 13-dən həbsdədir. Onun hüquqlarını bir neçə vəkil müdafiə edir.

1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.

İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov xarici işlər naziri təyin olunub.

Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.

Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə görə, vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

308-1.1-ci maddəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə xeyli miqdarda (50 min manatdan 250 min manatadək) törədildikdə 9 min manatdan 13 min manatadək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.

Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.

Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

Eldar Həsənov bir çox xəstəlikdən əziyyət çəkir. Həbsdə onun səhhəti ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb. Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci ilin mayında onun vəkillərinin müraciəti əsasında qərar qəbul edib. Qərara əsasən, Eldar Həsənov təcili olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına (bu tibb ocağı Bakının Səbail rayonundadır) yerləşdirilməli, zəruri müayinələrdən keçirilməli, müalicə olunmalı, onunla bağlı tibbi əməliyyatlar aparılmasına şərait yaradılmalıdır. Ancaq qərar icra edilmir.

Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.

/novator/