bu Universitetlərin pedaqoji fakültələrində dördüncü kurs tələbələrinin qış semestri bitəndən sonra onların dörd il ərzində öyrəndikləri nəzəri biliklərini praktikada həyata keçirmək üçün onlar pedaqoji təcrübəyə göndərilirlər. Mən də adətən onların təcrübələrinin doğrulanmasına görə onlarla birlikdə müəyyən olunmuş məktəbdə oluram. Həftəiçi hər gün məktəbə gedib gələr və tələbələrin gələcəkdə peşəkar müəllim olmalarına, müasir metodların formalaşması üçün üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə calışıram.
Pedaqoji təcrübə dövründə adətən günorta saatlarında praktikada olduğum məktəbdən evə qayıdarkən 28 May metro stansiyasından istifadə edirdim və yolum Səməd Vurğun bağından keçirdi. Məktəb Dəniz vağzalına yaxın idi və həmin istiqamətdən gələrək metro stansiyasına getməli idim. Həmişə olduğu kimi yolun kənarında dayanan sarı rəngli taksilər sıra ilə dayanaraq öz müştərilərini gözləyirdilər.
Günlərin bir günü onların yanınıdan kecərkən lap uzaqdan seyr edən taksi sürücüsünün birbaşa mənə sarı yönəlmiş baxışları məni çox təəccübləndirdi. Fikirləşdim ki,yəqin hara gedəcəyimi soruşacaq, amma eləki heç bir taksiyə minməyərək yoluma davam edərək keçib gedəndə o, məni adımla arxadan çağırdı.
Onun cağırışına dərhal cavab vermədim, lakin o, çağırışında davam edirdi. Ona görə yox ki, etinasızlıq edirdim, sadəcə olaraq ətrafdakı səs-küy mənə adımın dəqiq eşidilməsinə mane olurdu. Arxaya çevrilıb baxanda həmin yaşlı taksi sürücüsü məni çağırmaqda davam edirdi.
Mən ona yaxınlaşanda, səmimi formada gülümsəyərək salamladıqdan sonra müraciətlə soruşdu:
—Məni tanımadın?
Bir qədər də ona diqqətlə baxdım, onun nəinki saçları, hətta qaşları da ağarmışdı, alnındakı qırışlar dərinləşmişdi və əlbəttə onu tanımağa çalışirdım…
—Yox, tanıya bilmədim.
—Necə yəni məni tanıya bilmədin, hə…
—Qardaş , mən səni bir adama oxşadıram, amma qorxuram yanılım.
—De görüm, bəlkə düz çıxdı…(gülümsəyərək)
—Sən bizim kənddə küçəmizdən təxminən iki yüz metr aralıda yaşayan Hüseyn deyilsən?
Mən Hüseyn deyəndə o, nədənsə azca duruxdu, qaşları çatıldı və elə bildim mənə yanılırsan cavabını verəcək , amma…
-Həə, düz deyirsən…
Mən doğurdan çaşıb qalmışdım, bir anlıq səs tembrindən və gülərkən gözlərinin qıyılmasından bildim ki, bu mənim uşaqlıq vaxtında tanıdığım adamdı, amma neynəmək olardı, mən onu qara qaş, qara saç, gülərüz, zarafatcıl bir oğlan kimi tanıyırdım.
O, orta məktəbi bitirdikdən sonra , yetmişinci illərdə Bakı şəhərinə gələndən qırx il keçib və o vaxtdan bəri onu görməmişəm. O, məni bağrına basaraq, çox böyük həvəslə söhbətə başladı:
-Xatırlayıram ki, kənddəyəm, axşamcağıdı, əlimə para təndir çörəyi götürmüşəm, üstünə şor və nehrə yağını yaxib küçənin başındakı darvazanın yanında oturub ləzzətlə yeyə-yeyə inəklərimizin naxırdan gəlməsini gözləyirəm. O vaxtlar həmişə elə edərdim….
O, danışdıqca mənim də xəyalımı usaqlıq illərimə aparırdı. Başını qaldırıb açıq səmaya baxaraq elə bil ürəyinin sözünü deməyə bir sirdaş tapmışdı və dayanmadan nə vaxtsa baş rolda olduğu filmin qəhrəmanı kimi danışırdı. Sanki ətrafdakı səs-küyü– avtomobillərin hərəkətini, avtobusların siqnallarını , adamların danışıq səslərini dəf eləmək üçün ucadan danışırdı. Birdən danışığını dayandıraraq soruşdu:
-Hə qardaş, de görüm, nə var nə yox, hardan gəlib hara gedirsən?
-Bilirsən, mən tələbələri praktikaya aparmışam, elə burada, yaxindakı məktəb Elitar Gimnaziya adlanır…..ordan gəlirəm. Hər gün 28 May metro stansiyasından çıxıb bir az piyada gedirəm və demək olar ki, beş-altı dəqiqəyə məktəbə çatıram.
Mən ona iş yerimi, hansı sənətin sahibi olduğumu dedim. Sonra ondan şəhərin harasında yaşadığını soruşdum:
-Qardaş, əvvəla sənin burda işləməyinə çox sevindim, orta məktəbdə necə oxumağından bilirdim ki, sən əvvəl-axır ali savadlı bir ziyalı olacaqsan. Usaq vaxtı biz səni nə qədər çağırırdıq ki, gəl futbol oynayaq, sən deyirdin dərsimi oxuyum qurtarım sonra gələrəm. İndi masallah ali savadlısan, amma mənə gəldikdə isə özümdən danışsam mənim söhbətim qurtarmaz…
-Necə yəni, nə baş verib ki, Hüseyn?
-Sən mənə “Hüseyn”- deyə cağırırsan, amma mənim sənəddə adım- Əlixandı. Sadəcə, o vaxt mənim adımı kənddə “Hüseyn” deyə çağırırdılar və mənə bu adı nənəm qoymuşdu və bu addan xoşu gəlirdi və deyirdiki mən ölənə kimi səni “Hüseyn” deyə çağiracam…
-Eləmi, həə… başa düşdüm…
-Şəhərə gələndə, adımı sorusanda dedim — Əlixandı . Sən əvvəlki adımı deyəndə düzü azca duruxdum və deyim ki, köhnə adim məni keçmiş vaxtlarıma apardı. Nə gözəl günlərim olub mənim birinci adımla…onsuzda yuxumda, xəyallarımda tez-tez o günlərimə səyahət edirəm…köhnə evimizi görürəm…bağımızı görürəm , ordan meyvələr yeyirəm. Bizim bağımızda üzüm, armud, şaftalı çox olardı…ən çoxda gavalı var idi ona “xatunı gavalı” deyirdik. O gavalıdan heç kimin bağında yox idi. Məktəbə gedəndə mənə sinif yoldaşlarım deyirdilər — “sən Allah o gavalıdan bizə yığ gətir”– mən də sumkamı gavalıyla doldurub aparırdım onlara, dərsarası yeyirdik. İndi sanki onun bihuşedici qohusu burnuma gəlir və özümü kənddə hiss eliyirəm…
Bu zaman o, bir anlığa üzünü yana çevirdi və gözünün yaşını silmək üçün cibindən dəsmalını çixardı. Mən onun uşaq vaxtı heç vaxt gözünün yaşardığını görməmişdim və deyim ki, uşaq vaxtlarımızda bizim nə isə xoşumuza gəlməyəndə bizi kimsə danlayanda ağlamaq tez tuturdu, amma onun usaq vaxtı qürurlu olması yadımdadır, heç vaxt ağlamazdı, indi bilmirəm nədənsə gözləri yaşarmışdı. Öz-özümə fikirləşdim ki, ötən günlərdən mən də danışsam onun halı lap pisləşəcək. Odur ki, mən susmağı qərara aldım. O isə mənə olub- keçənlərdən danışmağı hava su kimi istəyirdi. Bu zaman dedi:
—Yadındadır, məktəbdən bizi pambıq yığmağa aparırdılar. Mən 45-50 kilo pambıq yığirdım. Sən məndən çox yığırdın. Bizə pambıqpulu verirdilər və hətta o pulla özümə cins şalvar da almışdım və deyilənə görə mənə çox yaraşırdı …
Birdən gözüm taksinin arxa oturacağının küncündə qoyulmuş yorğan –döşəyə sataşdı və soruşdum:
-Əlixan , bu nə üçündür, soruşmaq eyib olmasın?
-O, mənim yatmağım üçündür.
-Necə yəni, evin- eşiyin yoxdur ki?
-Var, bir təhər birini tikmişəm…
-Bəs sən neçə vaxtdır şəhərdəsən hələ indi ev-eşik tikirsən?
Bu sualı soruşanda onun üzündəki təbəssüm sanki yoxa çıxdı və bir qədər ciddiləşmiş səkildə cavab verdi:
—Mən uzun müddət kirayələrdə qalmışam. Desənki yeyib-içən, siqaret çəkən olmuşam, yox! Sadəcə olaraq mən şəhərə ona görə gəldim ki, özümə gözəl həyat quraram. Usaqlarım usaq bağçasina gedərlər, yaxşı məktəblərdə oxutduraram, amma hər şey mənim istədiyim kimi olmadı. İndi evlənmək vaxtlarıdır, bilmirəm nə edim. Kaş elə kənddə qalaydım, onların ehtiyaclarını yerinə yetirərdim. Mən belə fikrləşirəm ki, hər adam şəhərə gəlib ev –eşik qura bilməz. Gördüyün o yorğan döşək ondan ötrüdür ki, gecə səhərə kimi burada növbə ilə kliyent gözləyirik. Mənim növbəm çatana qədər yatıram, elə ki növbəm çatdı, durub gözümü ovuşdurub kliyenti istədiyi ünvana çatdırıram. Gündəlik öz yemək- içməyim , ailənin yemək- içməyi imkan vermir ki, lazım olan ehtiyaclarımı yerinə yetirə bilim. Odur ki, bir təhər borc-hərc edib Bakının kəndində torpaq sahəsi alıb öz əlimlə ev tikmişəm, hələ içərisini tam təmir edib qurtarmamışam. İndi də gecəmi gündüzümə qatıb borclarımı vermək üçün çalışıram. Əgər mən kənddə olsaydım elə dədə-baba evimizi təmir edib orada yaşayırdım, indi heç bir borcum-hərcim də yox idi. Bağım- bağatım var idi və bol-bol meyvə yeyirdik, təmiz nəfəs alırdıq, sakit yaşayırdıq…
—Bura bax, niyə kəndə gayıtmırsan?
—Yox , mən kəndə qayıda bilmərəm , mənə nə deyərlər. Deməzlər ki, getmisən saç-saqqal ağartmısan, amma heç bir şey əldə edə bilməmisən. Məni qınayarlar, əzizim, amma bilirsən necə darıxıram kənd üçün….( bu zaman kövrəlir)
—Niyə qınayarlar ki, gedib köhnə evinizi camaatın köməyi ilə təmir edərsən. Qalan ömrünü ailənlə birlikdə orada yaşayarsan. Mən özüm şəhərdə işləməyimə baxmayaraq kənddəki evimi atmadım, əksinə oranın bütün yarımçıq qalan yerlərini daha da düzəltdim, gül-çiçək əkib gözəlləşdirdim və ayda iki-üç dəfə həftəsonu ora baş çəkirəm, daha sonra bayramlarda, tətil günlərində gedirəm və orada qalıram, sakitlikdə istirahət edirəm…
—Yox, əziz qardaşım, indi bu yaşda mən oranı necə məskunlaşdırım… uşaqlarım da şəhər mühitində böyüyüblər, inanmıram o işləri görə bilsinlər.
—Əzizim, belə bir atalar sözü var: “İgid odur atdan düşüb atlana, igid odur hər əzaba qatlana”. Sən gayıtsan əlimdən gələn köməyi etməyə hazıram…
—Çox sağ ol, səni gördüm , elə bildim kəndimi gəzib gəldim. Onda mənə vaxtını de burdan gəlib keçəndə səninlə beləcə qarşılaşım və heç olmasa beş- on dəqiqə söhbət edək. Mənim ürəyimdəki nisgilimi heç nə apara bilməz, bəlkə belə-belə danışmaqla onu azaltdım…
—Bura bax, Əlixan, görürəm sən çox darıxmısan. Kənd sən gördüyün kənd deyil, indi şəhərdə yaşadın, ya kənddə yaşadın heç bir fərqi yoxdur, işıq, qaz, su, telefon, internet, asfalt yolu… Gəl belə edək, mən kəndə gedəndə sən də mənimlə birlikdə gedək, kənddəki qohum əqrəbanla görüş, köhnə baxımsız qalmış dədə -baba yurduna bax və bir-iki gün qalaq sonra gələrsən…
—Düz deyirsən, amma neynim bu taksini icarəyə götürmüşəm və hər gün plan verirəm, borc verirəm, ailənin gündəlik xərci….
—Onda nə vaxt boş olsan mənə xəbər elə, bu da mənim telefon nömrəm…
—Bəs bu vaxta qədər kəndə getməmisən?
—Getmişəm, düzün axtarsan səkkiz il bundan qabaq, dayım rəhmətə gedəndə. Bir günə qaçhaqaçla gedib başsağlığı verib gəldim…
—Mən görürəm sən çətin vəziyyətdə qalmısan və sənin qarşında iki yol var: ya qalıb yaşamaq üçün hər gün gecəni gündüzünə qatmalısan, ya da gedib ata-baba yurdunu gec də olsa abadlaşdırmalısan, oranı kol-kosdan təmizləməlisən, evi təmir eləməlisən. Çox təəssüf ki, biz əvvələr qarşılaşmamışıq, birlikdə söhbətləşib götür –qoy edərdik. Eybi yox, hər şey mümkündür. Sənə kömək edərəm. Birlikdə oraları düzəldərik, kənddə ürəyi təmiz, xeyriyyəçi ruhunda olan adamları da köməyə çağırarıq, sənin bütün yaşamaq üçün zəruri şeylərini təşkil eliyərik. Buradakı evini də verərsən uşaqların birinə evlənib yaşayar və istədiyn vaxt gəlib baş çəkərsən. Yavaş-yavaş yer belləyib göy-göyərti, pamidor –xiyar, kartof əkib- becərərsən. Torpağının bir hissəsinə taxıl əkərsən və toyuq-cücə saxlayarsan. Bir qədər sonra imkan olduqca bir inək alarsan ki, süd, qatıq və yağın olsun. Narahat olma, şəhər
yerinə baxma, kənddə hamı bir-birini tanıyır, kömək əlini uzadan çox olur…
Mən bu sözləri dedikcə onun gələcəyə olan ümidinin artdığını hiss edirdim. Dediyim sözlərimi başı ilə təsdiqləyirdi. Fikrə dalmışdı. Gözləri yol çəkirmiş kimi kipriklərini qırpmadan uzaqlara baxırdı. Onu bir müddət fikrindən ayırmaq istəmədim, nəhayət soruşdum:
— Hə, nə fikirləşirsən, mən də təqaüdə çıxıb birdəfəlik kəndə qayıdacam. Söz yox, burada ev –eşiyə sahib olmuşam, bilirsən, bir müddət işlədim, xalqın balalarına dərs dedim, əlimdən gələni etdim, daha bu qarışıqlıqda nə işim var…
—Sən deyirsən, mən də artıq o fikrə gəlirəm. Mənim az miqdarda borcum qalıb, onu ödəyim, deməsinlər ki, qaçıb getdi, mənim əslim nəslim var, axı! Ondan sonra sən dediyin kimi edəcəm insallah.
—Əlbəttə, sən kişi oğlu kişisən, sözü dedin qurtardı getdi…
Bu zaman taksi xidmətindən istifadə üçün müraciət edənlər növbə əsasında onun avtomobilində getməli idilər. Odur ki, o, mənimlə mütləq əlaqə saxlayacağını bildirdi və sağollaşıb sərnişinləri lazım olan ünvana aparmaq üçün yola düşdü…
Görüşümüzdən təxminən üç ay keçmişdi. Mən elə bildim hər şey elə oradaca qaldı və ötəri hislər kimi söhbətimiz oldu qurtardı, amma o, zəng edib mənimlə görüşməyimizi xahiş etdi. Mən məmnuniyyətlə onunla yenidən görüşdüm və sözləşib birlikdə kəndə getdik. Onun ata-baba həyətinə daxil olduq. Qonşu onun bir daha kəndə qayitmayacağını düşünüb oranı özü üçün mal-qaranın örüş yeri etmişdi. Köhnə evinin üstünü külək qoparmışdı və yağan yağış, qar birbaşa evin içərisinə yağırdı, divarları quzulamışdı. Həyətdəki ağacların əksəriyyəti quruduğundan kəsilib götürülmüşdü. Həyətin ətrafları, yəni qonşu ilə sərhədləri təxminən on beş metr kol-kosla örtülmüşdü. Çox güman ki, kolluqların arasında çaqqal, tülkü və bu kimi başqa vəhşi heyvanlar yaşayirdılar. Həmin heyvanlar qaranlıq düşən kimi oralardakı adamların toyuq cücəsinə hücum edərək xeyli ziyan vururdular.
Həyəti qaydaya salmaq üçün birinci növbədə, kolları təmizləyərək qonşularla olan sərhəddi əvvəlki vəziyyətə salmaq lazım idi. Bunun üçün yaxınlıqda yaşayan və bu cür işlərdə xüsusi təcrübəsi olan Etibar kişini bu işə cəlb etdik. O, özünün kol təmizləmə texnikası ilə işə başladı.
Vaxt itirməmək üçün öz halal zəhmətilə özünə iş qurmuş, neçə-neçə imkansız adamlara xeyriyyəçilik etmiş iş adamı, dostum Nadir bəyə zəng edib hal-hazırkı vəziyyəti ona izah etdim və mənim başladığım təşəbbüsü yüksək qiymətləndirərək bu işə böyük məmnuniyyətlə kömək edəcəyini bildirdi. O, səhərisi gün iki mütəxəssis göndərdi və onlar evin vəziyyətini öyrəndilər. Tezlikə bütün lazımi materiallar gətirildi. Əlixan da öz növbəsində ustalıq işini bacardığından evin quzulayıb tökülən divarlarını təmir eləməyə başladı. Qonşular da kömək əllərini uzadaraq şiferləri evin üstünə qaldırılmasına və vurulmasına kömək etdilər. Eyvanın və otaqların qopan taxtaları, evin tavanı bərpa olundu və rəngləndi, mantyor Rəhim dostumuz təmənnasız olaraq elektriklə bağlı hər bir işi bərpa etdi və üç gün sonra yeni suvanan yerlər quruyandan sonra divarları icəri hissədən ağ, çöldən isə Əlixanın zövqünə uyğun olaraq yaşıl rənglə rəngləndi.
Artıq bağ da təmizlənmişdi. Ev, həyət sanki adamın üzünə gülürdü, amma Əlixan isə sevindiyindən bir söz deməmiş kövrəlirdi. Əlbəttə, onu başa düşmək olardı , qırx ilin həsrətindən sonra ata yurduna qayıtmaq, yaşamaq üçün onu yenidən bərpa etmək, çırağını yandırmaq heç də təsirsiz ötüşə bilməzdi. Başqa bir məqama da fikir verəndə gördüm ki, orada işləyən işçilər heç bir mənfəət güdmədən ürəklə, can-başla işləyirdilər, bir növ “çayda boğulan adamı xilas edirdilər”.
Beləliklə, iş tamamlandı, axşam olan zaman evin , həyətin işıqları yandırıldı. Elə bil hər tərəf nura boyanmışdı. Yeni rənglənmiş divarlar, pəncərələrin yeni silinmiş şüsələri, yeni rənglənmiş döşəmə və tavan işığın parıltısından bərq vururdu. Bütün qonşular orada zəhmət çəkən adamlar öz zəhmətlərini halal etdilər. Can sağlığı ilə yaşamasını arzuladılar.
Çox keçmədiki Əlixan yeni həyata başlayan bir adam kimi sevinə-sevinə ailəsi ilə birlikdə şəhərdən ev əşyalarını maşına yükləyib gətirdi. Bakı kəndindəki evini tamamilə ona görə boşaltdıki, böyük oğlunu evləndirəndə evi yeni cehiz əşyaları ilə doldursun və ailənin qalan üzvləri isə kənddə, geniş məkanda, sərin və sakit bağ-bağatın içərisində üç otaqlı, qarşısı eyvanlı evdə yaşasın.
Əlixanın kəndə köçməsi bir ay olardı. Mən adətim üzrə kəndə– öz ev- eşiyimə baxmaq üçün getmişdim. Mənə maraqlı idiki görəsən o, necə yaşayır və axşamüstü ona baş çəkmək üçün onlara tərəf getdim. Onların darvazasına çatanda nə görsəm yaxşıdır, gördüm Əlixan usaq vaxtında olduğu kimi üstünə şor, yağ yaxaraq para təndir çörəyini əlinə götürüb ləzzətlə yeyir. Məni görən kimi dərhal üstümə yüyürüb bağrına basdı və heyrətlənmiş şəkildə deyib- gülüb zarafatlaşandan sonra soruşdu:
—Ay mənim gözəl qardaşım, nə vaxt gəlmisən, nə var nə yox?! Gəl gedək çay içək, çörək yeyək….
—Gedək…çay içərəm, amma ac deyiləm. Mən yaxşıyam, sən necəsən, necə yaşayırsan, uyğunlaşa bilirsənmi buralara?
—Şükür, min dəfə şükür! İndi çox raziyam həyatımdan. Bunun üçün sənə borcluyam, qardaşım!
—Qətiyyən özünü borclu hesab eləmə, əsas məsələ budur ki, sənin əyər-əskiklərin düzəlsin. Çatışmayan nə problemlərin var? Qaz , işıq, su gəlirmi?
— Gəlir, qardaş, narahat olma, hər şey yaxşıdır, şükür Allahın böyüklüyünə…
Bu zaman Əlixan çay hazır olunca bağı gəzməyimizi xahiş etdi. Böyük məmnuniyyətlə bağa baxmağı istəyirdim, elə bil ürəyimdən xəbər verdi və bağda nəyin olub-olmadığını göstərə-göstərə dedi:
—Həə, burda innab ağacı var idi, indi quruyub, qonşu deyir sənə bir innab ağacının tingini verərəm əkərsən elə yerindən və bir-iki ilə böyüyər meyvəsini dərərsən. Bunlar ağ əncirdilər , qiraqdakı o hündür olan isə qara əncirdi. Üzüm ağacların görürsən, bu ağaclarda o qədər üzüm olur ki, hətta o vaxt yarısın satırdıq, yəqin indi də satarıq insallah. Qoz ağacları quruyub, deyilənə görə hamıda nədənsə quruyub.
—Hə, düzdür. Bizdəkilər də quruyub, indi yeniləri bitməyə başlayıb. Sizdə də yeniləri bitəcək, narahat olma…
Biz birlikdə bağın sağ küncünə çatanda Əlixan nədənsə dərindən nəfəs aldı və elə bil nə isə həmişəlik itirdiyini və heç vaxt tapa bilməyəcəyi bir ağacı demək istəyəndə, boğazını artlaya-artlaya sözünə davam etdərək dedi:
—Heyf ki, burada “xatuni qavalı” olub, ən çox sevdiyim meyvə ağacı və mən onu itirdim, onun xoş ətrini, qoxusunu, dadını itirdim, elə bilirəm keçmişimi itirmişəm, xatirələrimi itirmişəm, çox heyf!
Biz bağı gəzib qurtarandan sonra həyətdə qoyulmuş qədimi stolun arxasında oturub pürrəngi çay içdik. Yaz vaxtı olduğundan bülbüllər kölgəsində oturduğumuz böyük tut ağacının budağına qonaraq öz şirin mahnılarını oxuyub bizi feyziyab edirdi. Yenə də olanlardan keçənlərdən söhbət edirdik. Amma mənim fikrimdən “xatuni gavalı” çıxmırdıki-çıxmırdı. O, unutmuşdu ki, o vaxt kənddə yeganə adam idim ki, onun tingindən birini mənə çixarıb vermişdi. Mən də əkərək sayını artırmışam və odur ki, urəyim rahat idi , bilirdim ki, onun bu arzusunu da reallaşdıracam, sadəcə sürpriz etmək istəyirdim.
Əlixanla sağollaşıb evə qayıdanda artıq qaranlıq düşmüşdü. Bağın uzaq küncündə əkdiyim xatuni gavalıların birini kökündən çıxarıb aparacaqdım, amma səhərin açılmasını səbirsizliklə gözləyəsi oldum. Eləki səhər açıldı, tez bir zamanda beli götürüb gavalılar olan yerə getdim və yaxşı kökü olan gavalılardan birini çıxarıb Əlixangilə getdim. Darvazaya çatanda çaşıb “Hüseyn” deyə çağırdım. Demə elə darvazaya yaxınlarda yer belləyirmiş və çağırışıma cəld surətdə cavab verərək mənim tərəfə gəldi. Əlimdəki xatuni gavalı tingini görcək həyəcandan rəngi qızararaq tükləri biz-biz oldu və salamlaşdıqdan sonra soruşdu:
-Xatuni gavalı, bunu hardan tapdın, qardaşım?!
– Deyəsən sənin yadından çıxıb. Usaq vaxtı mən səndən bu gavalı ağacından birini istəmişdim və sən mənə bir ting vermişdin. İndi o gavalı böyüyüb və deyim ki, hər dəfə onun meyvəsindən yedikcə sənə “sag ol” deyirdim. Həmin ağac böyüyüb və çoxalıb, indi də dibində bitən tinglərdən birini çixardıb gətirmişəm. Gəl birlikdə əkək, məncə tez bitəcək, çünki onun köklərini torpaqlı şəkildə gətirmişəm. Birdəki məni bağışla, səni çaşıb “Hüseyn” deyə çağırdım…
-Narahat olma, onsuzda burdakı qonşular hamısı mənim əvvəlki adımı çağırırlar…deyəsən məndə hər şey sıfırdan başlayır. İndi də gavalını gətirmisən…
Bu sözləri deyib cəldliklə xatuni gavalıların əvvəlki yerinə getdi, mən də onun ardınca həmin yerə getdim. O, gavalını əkmək üçün geniş quyu qazdı və oraya münbit torpaq gətirdi. Birlikdə ağacı əkəndən sonra onun dibinə bir vedrə su tökdü və “ gərək tez-tez sulayam” sözlərini söylədi.
Çox sevindirici hal idiki, mən onun hərəkətlərində gələcəyə böyük inam , böyük həvəs görürdüm. Onun simasında qəm –kədərdən əsər əlamət qalmamışdı. Öz evində vaxtında yatıb, vaxtında dururdu. Həyat yoldaşının və özünün pensiya yaşı tamam olmuşdu və pensiyaya çıxmağa hazırlaşırdılar. Daha sonra fikirləşirdilər ki, həddi –buluğa çatmış iki oğlan və bir qız övladlarının xeyir işlərini etsinlər. İnsallah onun da vaxtı çatanda uğurla həyata keçəcəyinə inanıram, ona görə inanıram ki, Allahdan sonra onu yaradanlarının- valideynlərinin ocağını nəhayət ki, abadlaşdıraraq çırağını yandirıblar…
Hərdən özüm-özümə deyirəm, görəsən dövlət əhəmiyyəli işi olmaya-olmaya ata-baba yurdunu ataraq şəhərdə kirayələrdə yaşamağın nə mənası var, elə sənin torpağın, həyətyanı sahən iş yerin deyimi?!
Müəllif: Mirsadiq Cəfərov
İyun, 2021