Kanalizasiya suyunun içində yaşayan Yevlax sakinləri-VİDEO

Çirkab və  kanalizasiya sularının küçəyə axması  Avropa şəhərlərinin həsəd apardığı Yevlaxın Nizami küçəsi 36 ünvanında yaşayan insanların həyatını cəhənnəmə döndərib.

Kanal32.az xəbər verir ki, sözügedən ünvanda 10 ailə yaşayır. Sakinlər, məktəbyaşlı uşaqlar üçün buradan gedib-gəlməyin mümkünsüz olduğunu bildiriblər. Onların sözlərinə görə, ətrafa yayılan pis qoxu isə həm böyüklərin, həm də kiçiklərin səhhətinə mənfi təsir edir.

Sakinlərdən Nazxanım Səfərəliyeva, Məzahir Məmmədov, Qəhraman Hacıyev, Qarayeva Bəsti və  Tehran  Hüseynovnın sözlərinə görə, yaşadıqları ərazi çökəkdə olduğundan və kanalizasiya boruları düzgün işləmədiyi üçün şəhərin digər küçələrinin çirkab suları da buraya axır. Bunun qarşısını almaq üçün isə Yevlaxın müvafiq qurumları yox, küçə sakinləri özləri tədbir görməli olub.

Nizami küçəsində yaranan mövcud vəziyyətlə bağlı “Azərsu” ASC-nin nəzdində fəaliyyət göstərən Yevlax Su-kanal İdarəsinə müraciət etsək də, qurumdan hər hansı məlumat verilmədi. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin də sanki bu problemlərdən xəbəri yoxdur. Hazırda həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun atasına rəhmət oxutduran Anar müəllim isə quşlara yuva tikməklə məşğuldur…

Yevlax Kommunal Təsərüffat müəssəsindən isə bildirildi ki, küçəyə yığılan suyun çəkilməsi üçün ora texnikalar cəlb edilir. Müəssisə rəhbəri qeyd edib ki, artıq Yevlaxda su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. İşlər yekunlaşdıqdan sonra həmin küçədə problem qalmayacaq(inanan daşa dönsün).

Xatırladaq ki,Prezident İlham Əliyevin 2019-cu il noyabrın 13-də “Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.Sərəncama əsasən Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.

P.S. Elmar Vəliyevin Yevlaxdakı hakimiyyət illərində də (2004-2011) Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi təsdiqlənmişdi və milyonlarala vəsait ayrılmışdı.Amma nədənsə bu günə kimi nə su-kanalizasiya sisteminin yenidən qurulmasından, nə də həmin milyonlaradan xəbər yoxdur…

Kanal32.az