“Milli Qurtuluş Günü” mövzusunda onlayn görüş keçirildi

 Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Zoom platformasında “Milli Qurtuluş Günü” mövzusunda online görüş keçirilib.

KANAL32.az xəbər verir ki, görüşdə ilk olaraq dosent, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı çıxış edərək, “Ümumilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikasının xarici və daxili siyasəti (1993-2003-cü illər)” mövzusunda əhatəli bir məruzə edib.

Daha sonra Ümummilli Liderimizin hakimiyyəti illərində uzun illər təhsil sahəsində çalışmış, gənc nəslin təlim-tərbiyəsində böyük xidmətləri olmuş əməkdar müəllim Əzizağa Cəfərov, Neftçala rayon Təhsil şöbəsinin müdiri Vüqar Dadaşov, YAP Neftçala rayon Təşkilatının sədr müavini Şəfəq Balaşova və Neftçala rayonunda aktiv fəaliyyəti ilə seçilən gənc Sona Haxıyeva çıxış etmiş, Azərbaycan xalqını və dövlətini sevən, onu bəlalardan xilas edən uzaqgörən siyasətçi, müdrik dövlət xadimi Ümummilli Liderimiz Heydər Əliyev haqqında, onun Azərbaycanın bu günü üçün vaxtı ilə atdığı addımlardan, həyata keçirdiyi layihələrdən, dünya arenasında, beynəlxalq tədbirlərdə xalqını layiqincə təmsil etməsindən və xüsusən də Milli Qurtuluş Gününün yaranma əsaslarından söz açaraq, hər kəsi bu gün münasibəti ilə təbrik ediblər.

Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar.