Deputat nazirlikləri sərt tənqid etdi:“Elə haqsız addımlar atılır ki…”

Son zamanlar pensiyalar və xüsusilə əlillik təyinatı ilə bağlı yaranan acınacaqlı durum, bununla bağlı əhalinin aztəminatlı hissəsinin narazılıqları tez-tez mətbu orqanlar və ayrı-ayrı ekspertlər tərəfindən gündəmə gətirilir. Milli Məclisin son iclasında deputatlar da bu mövzuya toxunaraq, Səhiyyə Nazirliyi, TƏBİB və xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini tənqid ediblər.

Kanal32.az xəbər verir ki, iclasda bu mövzuda danışan deputat Qənirə Paşayeva seçicilərindən birinin qarşılaşdığı problemin məhkəmə qərarına rəğmən həll edilmədiyini, süründürməçiliyə, özbaşınalığa yol verildiyini qeyd edib.

Deputat Zahid Orucun çıxışı isə daha sərt və hərtərəfli olmasıyla diqət cəlb edib. Millət vəkili əlillik dərəcəsinin təyin olunması meyarları barədə danışarkən deyib: “İndi biz istəyirik ki, qabaqcıl Qərb modelinə-yeni meyarlara, yəni orqanizmin funksiyalarının pozulmasının faiz dərəcələri ilə ölçülməsinə keçək. Əlbəttə, mütərəqqi və uğur qazanmış təcrübənin tətbiqinin böyük üstünlükləri var. Görünür, Nazirlik 2019-cu ildə 7 meyar, 14 patologiya və 2500 xəstəlikdən ibarət yeni Əsasnaməni hazırlayaraq Hökumətə məhz bu məqsədlə təqdim etmişdi, amma onun qəbulunun gecikdiyi üçün nəticələri gözləmədən əvvəlki illərdə təyinat alan şəxslərin işlərinin yenidən qiymətləndirməsinə tələsik qərar verilib.

Hörmətli nazir Sahil Babayevin açıq mənbədə verdiyi məlumata görə, indiyədək 90 min insanın pensiyası, 17 min nəfərin əlillik təyinatı ləğv edilib. Elə buradaca sual olunur-nəticədə bu qədər vətəndaş ordusunun harada – əmək bazarında, özünəməşğul əhalinin sırasında, yoxsa işsizlərin siyahısında, ya da ictimai işlər və özəl sektorda özünə yer etməsinə dair məlumatı da təqdim etmək yaxşı olardı. O cümlədən, 2016-cı ildə Nazirlər Kabinetinin təkrar müayinə qarşısında olan 250 min şəxsin 2021-ci ilədək müddətinin uzadılması və cari ildə onların yenidən tibbi baxışa qayıtması, nazirin sözlərinə görə, həmin şəxslərin də yekunda 60-70 mininin artıq əlillik reyestrindən çıxarılacağının anonsu bizi qayğılandırmaya bilməz. 

Bir daha xüsusi vurğulayırıq ki, Nazirlik indi müzakirəmizə çxıarılan, lakin hökumətin təsdiqləmədiyi 2019-cu ildəki Əsasnamədə qeyd edib və biz vətəndaşlarımızın sağlamlıq durumuna diaqnoz qoyarkən 2022-ci ildən qüvvəyə minəcək indiki daha humanist və çoxçeşidli qaydalarla deyil, haqsız olaraq tam əksəriyyətinə “saxta” deyib vətəndaşımızı yarğıladığımız, birtərəfli qaydada onu günahkar çıxardığımız, beləliklə ciddi gərginlik mənbəyinə çevirdiyimiz və insanları sosial qəyyumluq, müftəxorluqda suçlandırmağa səbəb olan hazırki ləğv qərarları ilə üzə-üzə qoymuşuq.

Üstəlik, 200 minə qədər insanın hüquqi sənədləri qanun pozuntuları ilə tərtib edilibsə və orada ən azı 4 hökumət qurumu iştirak edibsə, bizim illərlə burada qəbul etdiyimiz hesabat iclasları, yüksək təqdimatlar da zərbə altına alınır və açıq-aşkar uğur hekayələrimizə mənfi təsir edir”.

“Kasıb və aztəminatlı təbəqə haqda verilən ləğv qərarlarını dayandırmaq gərəkdir”

Zahid Oruc deyib ki, hansısa məmurun, yaxud həkimin saxta hesab olunan sənəd verməsinə görə məsuliyyəti yalnız vətəndaşın boynuna qoymaq doğru deyil. Həmçinin, bu sənədin saxta hesab edilməsi onu verənlərdə hüquqi məsuliyyət yaradır: “Halbuki indiki təqdimatda üstünlüklərini öydüyümüz yeni qaydalarla müqayisədə artıq pislədiyimiz qüvvədə olan indiki təlimat və normativ sənədlərin yarıtmaz olduğunun günahını vətəndaş daşımalı deyil və hətta bir neçə milyon manat büdcədən yüksək pensiya almış adamlar haqda verilən bəyanat bütövlükdə mövcud mənzərəni dəyişdirmir: Azərbaycanda əlilliyə çıxan şəxslərin əksər hissəsi kasıb və aztəminatlı təbəqədir və onlar haqda verilən ləğv qərarlarını dayandırmaq gərəkdir.

Mürəkkəblik yaradan digər hal, 2015-ci il Əsasnaməsində dəyişiklik aparılaraq əvvəlki müddəaların xeyli azaldılması və bir çox xəstəlik kodlarının siyahıdan çıxarılmasıdır. Nəticədə xəstələrin yenidən şəhadətləndirilməsi zamanı, yalnız sənədlər və formalar əsasında qərar verilir.

Digər yandan, 6-12 ay müddətinə müalicə sənədləri tələb olunur və sağala bilməyən xəstəliklərin yenidən müalicəyə göndərilməsi, o cümlədən imtinanın səbəblərinin izahlı qeyd edilməməsi səbəbindən müalicə həkimlərinə geri qaytarılan formaları həmin tibbi personal yenidən doldura bilmir. Xüsusilə də genetik xəstəliklər, məsələn, Bexterev və Marfan sindromu kimi, belə pasientləri bir ilə yaxın xəstəxana rejiminə bağlamaqla bütün tibbi müəssislərə insan axınını təşkil etməklə həm dövlətin, həm də fərdlərin xərc yükünün çəkilməz bir səviyyəyə çatmasını göstərə bilərik. Nazirlik bəyan edir ki, ötən il 80 minə yaxın göndərişin 31%-i təmin olunub, yəni 25 min əlillik təyinatı verilib ki, onların da yalnız yarısı ilkin əlillik statusu alanlardır. Nazirlik haqlı olaraq bildirir ki, bir ildə artım 12-14 faiz ola bilməz. Doğrudur, hətta müraciət edənlərin hamısına müsbət cavab verilsəydi belə artım tendensiyası söylənildiyi kimi ola bilməzdi. Çünki 12 min təyinat 10 milyonluq əhalinin cəmisi 0.12 faizini təşkil edir. Ötən ilin pandemiya və Vətən müharibəsinin nəticələrini nəzərə aldıqda rəqəmlərin vahimələndirici, yaxud büdcə yükünün çəkilməz səviyyəsi kimi təqdim oluna bilməz.

TSEK-lərin praktiki yükü çəkməsi imkanları baxımından bir gündə ən yaxşı halda 150-200 adamı əyani müayinə etməyin mümkün olduğu bildirilir. Tibbi sistemimizin düzgün diaqnoz qoymaq kompetensiyalarını bir kənara qoysaq, Komissiyaların sadəcə bu yükü çəkməsi nəinki insanların məmnunluğunu əldə etməyə imkan vermir, eləcə də nazirliklər arasında qarşılıqlı inamsızlıq və narazılıqları dərinləşdirir, vahid dövlət siyasətinin həyata keçiirlməsinə mənfi təsir edir. Bir də unutmaq olmaz ki, TSEK-lər təkcə tibbi yox, həm də Sosial komissiyadır və vətəndaşın ağır durumu qarşısında müsbət qərar qəbul etməlidir! Bəzən elə haqsız addım atılır ki, hətta nitq məhdudiyyətli adamlar da dilə gəlir!”

“Həkimlərin “forma 88-i” dolğun tərtib etməməsi həqiqi əlil olan insana imtina qərarının verilməsi ilə nəticələnir”

Zahid Oruc hərbi əlilliklə də bağlı danışıb və qazilərimizin bir neçə qurumun arasında get-gələ salınmasını pisləyib. Millət vəkili xatırladıb ki, birinci qrupa 8800 manat sosial sığorta ödənilir, ikinci qrupa 6600 manat, üçüncü qrupa 4400 manat: “Qrup dəyişəndə 2200 manat birdəfəlik ödəniş əldə edilir, təqaüddə 50 manat fərq edir, pensiyada daha yüksək faiz hesablanır. Lakin qazilərin əlilliyinin təyinatına 5 qurumun qərar verməsinin operativliyə mənfi təsiri, bürokratiya və müalicə tədbirlərində yaşanan pərakəndəlik informasiya vasitələrinə çıxan məlum səhnələrə səbəb olur. Halbuki, çözüm yolu kimi, Silahlı Qüvvələr üzrə vahid Komissiya təşkil edərək, bir ünvanda qazilərin qəbulu və vahid meyarlar əsasında onların sosial statusunun və sağlamlıq imkanlarının diaqnozu aparıla bilərdi. Çünki Hərbi-tibbi komissiyalardan keçən şəxslərin daha sonra TƏBİB müəssəsilərində, İcbari Sığorta Аgentliyi, Səhiyyə Nazirliyi arasında qalması və həkimlərin mühüm bir qisminin forma 88-i dolğun tərtib etməməsi bir çox həqiqi əlil olan insana imtina qərarının verilməsi ilə nəticələnir.

Parlament dinləmələrində İcbari Tibbi Sığorta Agentliyinin yüksək rəsmisi səhiyyə müəssisələrində kompüterləşmə səviyyəsinin aşağı olmasını və səhvlərin bir çoxunun qeydiyyat, sənədləşmə, məlumat bankının yaradılması sahəsində peşəkar kadrların azlığı ilə əlaqələndirdi. Digər mühüm məlumat, Həkim Məsləhət komissiyalarının sayının 200-dən 163-ə, gələcəkdə isə 100-ə endirmək istəyirlər ki, bəlkə bu yolla səhv sənəd tərtibinin qarşısını alsınlar. Lakin ən maraqlı açıqlama həkimlərin “bizim işimiz müalicə etməkdir, sənəd doldurmaq deyil” bəyanatıdır. Göründüyü kimi, nazirliklər arasında işin təşkilində yaşanan etimadsızlıq mühiti nəticə etibarilə həsass kateqoriya vətəndaşların hüquqlarını zərbə altında qoyur.

Xatırladaq ki, Səhiyyə Nazirliyində vaxtilə problemi köklü araşdırmaq üçün xüsusi komissiya yaradıblar və tibbi dillə desək, kənar müdaxilənin ağır nəticələr verəcəyini görüb 8-10 aylıq çalışmadan sonra Komissiyanı ləğv ediblər. Nazirliyin mövqeyinə görə instrumental, yəni aparat müayinəsinin nəticəsi ilə xəstənin klinik vəziyyəti üst-üstə düşməyə bilər. Belə ki, bir diaqnozla xəstə 50 il yaşayıb əlil olmaya bilər, lakin fərqli sosial-psixoloji və fizioloji şəraitdə bir il ərzində həmin xəstəlikdən əlil ola bilər. Yəni pasientin instrumental müayinəsinə üstünlük verib xəstəni görməmiş, onun sənədlərinə uyğun ekspertiza aparmaq düzgün deyil. 2 dəfə forma-88 qaytarılandan sonra vətəndaş məmnunluğunun sıfra düşməsi, süründürməçiliyin artması və təkrar stasionar müalicə üçün 12 nömrəli qərara uyğun olaraq, yataq rejimindəki pasientin müayinə olunması, paytaxta nəqliyyatla gəlməsi və geri qaytarılması mövcud qarşılıqlı günahlandırmaların səbəbi kimi çıxış edir. Nazirlik haqlı olaraq, əllillik müddətinin başlanma tarixini 1-ci göndərişin verilməsi günündən hesablanmağı təklif edir. Əgər xəstəyə 10 dəfə göndəriş verilibsə, hal-hazırki qanunvericilik ədalətli hesablamaya imkan vermir və onun dəyişdirilməsi vacibdir”.

/azpolitika.az/