Kəşfiyyat polkovniki: “Azərbaycan balıq tutmağı öyrəndi və regionda…”

Türkiyənin Fələstinlə 3 il əvvəl imzaladığı təhlükəsizlik və əməkdaşlıq anlaşması ötən gün rəsmən qüvvəyə minib. Bu, İsraillə Fələstinin Qəzza sektoruna nəzarət edən “HƏMAS” qruplaşması arasında növbəti müharibənin başa çatmasından bir neçə həftə sonraya təsadüf edir. Və Türkiyənin Fələstinə hərbi dəstəyi məsələsini yenidən gündəmə gətirir.

İstefada olan kəşfiyyat polkovniki Coşkun Başbuğ “Sabah” qəzetinə açıqlamasında deyib ki, bu ikitərəfli anlaşma digər region ölkələrinin də qatılması ilə üçtərəfli, dördtərəfli anlaşmaya çevrilməlidir və “Qüds ordusu” adlanan silahlı qüvvənin formalaşdırılmasının yolları axtarılmalıdır.

Başbuğ qeyd edib ki, Türkiyə bölgədə son illərdə fəal xarici siyasət yürütməklə çox ciddi siyasi və iqtisadi dividendlər əldə edib. “Azərbaycanla hərbi sahədə tarixi keçmişə uzanan əməkdaşlıq anlaşması əldə etdik. Azərbaycan hazırda balıq tutmağı öyrəndi və bölgəsində önəmli gücə çevrildi. Liviyada da buna bənzər vəziyyət var. Bu ölkə ilə də təhlükəsizlik sahəsində əməkdaşlıq anlaşması əldə edilib. Eyni yanaşma Fələstinə niyə tətbiq edilməsin? Əlimizdə bir çox haqlı səbəblər var”,-ekspert bildirib.