Şəhidlərin əmanətlərinə necə qayğı göstəririk?-VİDEO

Bu gün ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam böyüməsi, təhsil alması və gələcəkdə müstəqil Azərbaycanın layiqli vətəndaşları kimi formalaşması üçün yaradılan hərtərəfli şərait dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir.

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Gününün ölkəmizdə hər il geniş qeyd edilməsi də məhz bu siyasətdən qaynaqlanır. Əsas fəaliyyət istiqaməti uşaq hüquqlarının təmin edilməsi işinə dəstək göstərilməsi olan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi hər il olduğu kimi, bu il də öz ənənəsinə sadiq qalaraq, uşaqların sosial müdafiəsi və mənəvi inkişafına yardımçı olmaq məqsədilə bu əlamətdar gün ərəfəsində xeyriyyə aksiyası keçirmişdir.

Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə təşkil olunan “Şəhid yadigarları” aksiyası çərçivəsində QHT sədri və nümayəndələri əzəl torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin paytaxtda və ətraf qəsəbələrdə yaşayan ailələrinə baş çəkmiş, onların əziz xatirəsini yad edərək 70-dən çox şəhid övladını bayram hədiyyələri ilə sevindirmişlər.

Azyaşlıların həssas qrupuna aid olan uşaqlara rəngarəng oyuncaqlar, müxtəlif növ inkişafetdirici oyunlar hədiyyə edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qanlı savaşda şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının yadigarı olan övladlara diqqət və qayğı göstərmək, onlara həssas yanaşmaq, ən ülvi hisslərimizi onlarla bölüşmək hər birimizin borcudur. Şəhid yadigarlarına sevgimizlə xalqımıza Zəfər bəxş etmiş hər bir igidin ruhunu şad etmiş, ailəsini sevindirmiş oluruq.

Könül Quliyeva,

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri