UŞAQLAR-Millətin nurlu sabahı,dövlətin gələcək qüdrəti

“Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”-İlham Əliyev

 

Uşaq – həm cismən, həm də ruhən ən saf, ən zərif bəşər övladı, dəyəri heç nə ilə ölçülməyən əvəzsiz varlıqdır. Hər bir xalqın, hər bir dövlətin ən qiymətli sərvəti uşaqlardır. Tərəqqipərvər bəşəriyyət gələcəyini bu kövrək varlıqlarda görür. Millət nurlu sabahını, dövlət gələcək qüdrətini uşaqlarda tapır. Məhz bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmağı, onların fiziki və mənəvi sağlamlığını təmin etməyi özünün ən mühüm vəzifələrindən biri hesab edir.

 

Gələcəyimiz olan uşaqlara qayğıkeş münasibət, onların problemlərinə həssas yanaşma xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, dövlətimizin uşaq siyasətinin təməl daşıdır. Onların müdafiəsi, davamlı olaraq böyüklərin diqqəti və qayğısı ilə əhatə olunması məsələsi bütün dövrlərdə istər dövlətimizin, istərsə də cəmiyyətimizin başlıca vəzifələrindən biri olmuş, onların sağlam və gümrah, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılmışdır.

 

Bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət uşaq siyasəti Azərbaycanın milli strategiyasının ayrılmaz tərkib hissəsidir ki, onun da başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Son illərdə uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, pulsuz səhiyyə xidmətinin tətbiqi, uşaq ölümü hallarının kəskin şəkildə azaldılması, uşaqlar arasında tez yayılan xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, pulsuz ümumi orta təhsilin tətbiqi ümumilikdə dövlət uşaq siyasətinin başlıca nailiyyətləri kimi qiymətləndirilməlidir.

 

Uşaq hüquqlarının müdafiəsi sahəsində atılan addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər, Respublika Uşaq Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, eləcə də ayrı-ayrı qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən maraqlı tədbirlər ölkəmizdə uşaqlara diqqət və qayğının bariz nümunəsidir. Ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin daha böyük uğurlar əldə etməsində Fondun xidmətləri əvəzsizdir. Valideyn himayəsindən məhrum olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara, şəhid və qazı, aztəminatlı və məcburi köçkün ailələrinin övladlarına daim qayğı və köməklik göstərilməsi, onların sosiallaşmasına, layiqli vətəndaş kimi formalaşmasına hərtərəfli dəstək göstərilməsi Fondun fəaliyyətində xüsusi yer tutur. Heydər Əliyev Fondunun bu istiqamətdə atdığı addımlar, uşaq evlərinə, internat məktəblərinə göstərilən böyük diqqət və qayğı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək vətəndaşlıq mövqeyinin, nümunəvi vətənpərvərliyinin və hər bir vətən övladına bir ana kimi məhəbbətinin danılmaz sübutudur.

 

Gələcəyimiz olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, onların hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin sosial siyasətinin mühüm tərkib hissəsidir. Son illər bu istiqamətdə davamlı addımlar atılır. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Uşaq hüquqlarının müdafiəsi sektorunun yaradılması da bu istiqamətdə atılan mühüm addımlardandır. Dövlət uşaq siyasətinin başlıca prinsiplərini, həmçinin BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər müvafiq beynəlxalq təşkilatların tövsiyyələrini nəzərə alaraq yaradılmış sektor uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin və idarəetmənin təkmilləşdirilməsinə xidmət göstərəcəkdir.

 

Əsas fəaliyyət istiqaməti uşaq hüquqlarının təmin olunması ilə bağlı olan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi bu sahədə mövcud olan problemlərin sistemləşdirilməsinə, əhalinin maarifləndirilməsinə, uşaqların pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi ilə bağlı müraciətlərin operativ qaydada həllinə, bu sahədə ixtisaslaşmış dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək Uşaq hüquqlarının müdafiəsi sektorunun yaradılmasını yüksək dəyərləndirməklə yanaşı, onun fəaliyyətinə hərtərəfli dəstək göstərməyə hazırdır.
Uşaqların hüquqlarının müdafiəsində dövlət qurumları ilə sıx əməkdaşlıq etmək, həmrəy olub birgə çalışmaq demokratik və hüquqi dövlətdə müvafiq sahədə fəliyyət göstərən hər bir qeyri-hökumət təşkilatının borcudur və vətəndaş cəmiyyətinin davamlı inkişafını təmin edə biləcək amildir.

 

Azərbaycan dövlətinin yeritdiyi siyasətin ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olacaq bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəldilməsi hər bir ölkə vətəndaşında xalqımızın xoşbəxt gələcəyinə böyük ümid yaradır. Əminik ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin həssas və kövrək təbəqəsi olan uşaqlara diqqət və qayğı daha da yüksələcək, onlara tükənməz sevgimizi daha dolğun şəkildə ifadə etmək imkanı əldə ediləcəkdir.

Uşaqlar həyatda ən böyük ümid bəslədiyimiz, ən çox sevdiyimiz varlıqlardır. Onların azad və müstəqil ölkədə xoşbəxt gələcəyini təmin etmək, sağlam və ağıllı, nəcib və ləyaqətli övlad, xalqına və dövlətinə sadiq vətəndaş kimi yetişdirmək hər birimizin borcudur. Uşaqlara diqqət və qayğımız gələcəyə ümidimiz qədər böyük, onlara sevgimiz qədər tükənməz olmalıdır.

 

Könül Quliyeva,
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri