Prezident İlham Əliyev İranın Xarici İşlər nazirini niyə Qəbələdə qəbul etdi?

Mayın 25-də Prezident İlham Əliyev İranın Xarici İşlər naziri Cavad Zərifi qəbul edib. Maraqlıdır ki, Prezident İlham Əliyev İranın Xarici İşlər naziri ilə Qəbələdə görüşüb.

 

Görüşdə dövlətimizin başçısı Prezident Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razı olduğunu bildirib.

 

Sitat: “Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir. Əlbəttə ki, regionda yeni vəziyyətin – münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var və sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır”.
Dövlətimizin başçısı münaqişədən sonrakı dövrdə yeni çağırışlardan danışaraq və İran hökumətinin eyni yanaşmanı paylaşdığına əminliyi ifadə edərək üstüörtülü şəkildə qonşu ölkədən narazılığını bildirib.
Cavad Zərif isə deyib ki, “Biz administrasiyamızın dövründə Azərbaycanla münasibətlərin ən yaxşı dövrünü yaşadığımız üçün xoşbəxtik. Hakimiyyətdə olduğumuz dövr başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoyaraq getdiyimizə görə çox şadıq”.
İranın Xarici İşlər naziri Azərbaycana, bu regiona gətirməyə müvəffəq olduğumuz inkişafa dərindən heyran olduqlarını ifadə edib.
Sitat: “Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq”.
İranın Xarici İşlər nazirinin Prezident İlham Əliyevin qəbulunda səsləndirdiyi fikirlər son vaxtlar qonşu ölkənin sərgilədiyi münasibətdən sonra yaranan gərginliyin aradan qaldırılmasına hesablanıb. İran generallarının İrəvana səfərindən sonra Cavad Zərifin Azərbaycanda Prezident İlham Əlıiyevi torpaqların işğaldan azad edilməsinə görə təbrik etməsi İranın regionda balansı qorumaq istəyinin nəticəsidir. Ancaq bu, Azərabaycanı heç cür qane də bilməz. Bizim İrana göstərdiyimiz diqqətin müqabilində İranın sərgilədiyi münasibət dost münasibəti deyil. İranın Ermənistanla yaxınlaşması, təcavüzakar ölkəyə dəstək verməsi İslam həmrəyliyi baxımından da məqsədəuyğun sayıla bilməz.
Azərbaycan İran İslam Respublikası ilə əlaqələrinə görə illərdir ki, dost ölkə olan və bizi bütün istiqamətlərdə dəstəkləyən İsraildə səfirlik açmır. İran isə Ermənistanla əlaqələrini günü-gündən genişləndirir. Bu da rəsmi Bakını ciddi narahat edir və narazılığımız müxtəlif vasitələrlə İran hakimiyyətinin diqqətinə çatdırılır.

 

Prezident İlham Əliyevin İranın Xarici İşlər nazirini Qəbələdə qəbul etməsi təsadüfi hesab edilə bilməz. Çünki siyasətdə təsadüfi heç nə olmur. Cavad Zərif dövlət başçımızın Bakıda olduğu vaxt Azərbaycana səfər edə, yaxud Prezident Cavad Zərifi qəbul edəndən sonra Qəbələyə gedə bilərdi. Bu, rəsmi Bakının İranın son vaxtlar ölkəmizə qarşı sərgilədiyi münasibətə cavab reaksiyasıdır. Nəzərə alaq ki, Qəbələ Azərbaycanın regionları arasında Müqəddəs Məryəm Ana kilsəsinin olduğu yeganə rayondur. Bu baxımdan Cavad Zərifin Qəbələdə qəbul edilməsi İrana ciddi siqnal sayıla bilər. Yəni Azərbaycan demək istəyir ki, qardaşlıq münasibəti göstərdiyimiz ölkədən ən azı dost münasibəti görməliyik. Əks təqdirdə bizim İranın düşmənləri ilə münasibətimiz İranın Ermənistanla əlaqələrindən qat-qat güclüdür. İran regional siyasətinə düzəliş etməli, bu reallıqları və bizim ölkəmizin maraqlarını nəzərə almalıdır. İran bir də onu nəzərə almalıdır ki, ərazisində 30 milyondan çox Azərbaycan türkü yaşayır. Öz vətəndaşlarının tarixinə, mədəniyyətinə, dəyərlərinə və hislərinə hörmətlə yanaşmaq dövlətə başucalığı gətirər, hakimiyyətlərin uzunömürlülüyünü təmin edər.

 

/moderator/