İlham Əliyev Ermənistan rəhbərliyinə müraciət etdi

“Mən tamamilə əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. Bundan əlavə, sizə deyə bilərəm ki, nisbətən qısa müddətdə buna nail olmaq da mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır”.

KANAL32.az bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.

“Mən dəfələrlə açıq şəkildə demişəm ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır və əlbəttə, bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq. Nə etmək lazımdır? Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri keçirilənədək gözləmək lazımdır və biz bu dövrün Ermənistanda həssas bir dövr olduğunu anlayırıq. Hesab edirəm ki, əgər bu gün kimsə Ermənistanda Azərbaycanla sülh sazişi haqqında danışsa, bu, həmin şəxsə populyarlıq qazandırmaz. Lakin yenə də ölkənin rəhbərləri siyasi karyeraları haqqında yox, öz dövlətləri haqqında düşünməlidirlər. Bu baxımdan, biz ümid edirik ki, seçkilərdən sonra bizdə bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq. Sülh sazişi, əlbəttə ki, hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq. Biz açıq şəkildə Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Sizin də bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və bununla bağlı heç bir şübhə yoxdur. Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil. İndi bizdə olan məlumata görə, rus sülhməramlılarının nəzarəti altındakı ərazidə otuz min insan yaşayır. Orada yaşayan insanlar bizim vətəndaşlarımızdır. Biz onları erməni təbliğatı tərəfindən beyinləri yuyulmuş vətəndaşlarımız hesab edirik. Əgər sülh sazişinə nail olunarsa, onda, əlbəttə ki, sizin dediyiniz kimi, ikinci mərhələ olan üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür. Beləliklə, biz buna hazırıq. Biz Ermənistan tərəfindən müsbət cavab gözləyəcəyik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.