Milli lider Heydər Əliyevin QARABAĞ SEVGİSİ

Azərbaycan xalqı bəşər tarixinə görkəmli dövlət xadimləri, böyük alimlər, memarlar sənətkarlar bəxş etmişdir. Belə dahi şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyev olmuşdur. Heydər Əliyevin Azərbaycan xalqına olan xidmətləri misilsizdir, ölçüyəgəlməzdir. Bu baxımdan Heydər Əliyevin digər dahilərlə müqayisə edilməsi mümkünsüzdür.

Ümummili lider Heydər Əliyev vətəninin hər bir qarışını sevirdi. Lakin Qarabağa olan sevgisi tam başqa cür idi. Çünki içində Azərbaycanın ən gözəl güşələrindən biri olan Qarabağ görə naratlıq keçirirdi. Bu, təbii ki, səbəbsiz deyildi. Azərbaycan xalqının torpaqlarına zaman-zaman göz dikən mənfur qonşularımızı Heydər Əliyev çox yaşı tanıyırdı. Hələ ötən əsrin ikinci yarısında erməni separatistləri Xankəndidə fəallaşmağa başlamışdılar. Onlar 1967-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı vərəqələr yayırdılar. Heydər Əliyev bundan xəbər tutduqdan sonra dərhal həmin şəxsləri ciddi cəzalandırdı. Separatizm meyillərininin artıdığını görən Heydər Əliyev Dağlıq Qarabağ məsələsində daha qətiyyətli olmağa başladı. 1969-ci ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə mübarizəsini daha da dərinləşdirdi. Ermənilər bir neçə dəfə Dağlıq Qarabağı Ermənistana birləşdirməyə cəhd göstərmək üçün keçmiş Sovet rəhbərliyinin qarşısına qaldırsalar da, Heydər Əliyev dərhal qabağını alırdı. Hətta həmin dövrdə çıxışlarının birində cəsarətlə belə bir fikir bildirmişdir: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır, kim burada yaşamaq istəmirsə, çıxıb gedə bilər.”

Aydın məsələ idi ki, problemin kökü daha dərində idi və ermənilər keçmiş DQMV-da əhali sayına görə üstünlüyü ilə təhdidlər yaradırdılar. Öncə ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 280 və 360 nömrəli qərarları qəbul olundu və bunun nəticəsində Şuşa şəhəri inkişaf etməyə başladı. Qərarlardan biri Şuşanın kurort şəhəri kimi inkişafı, digəri isə “qoruq şəhər” elan edilməsi ilə bağlı idi. Həmin dövrdə çoxlu mədəni, sosial obyektlər tikilib istifadəyə verildi. Ümumilikdə, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərində sürətli inkişaf dövrü başladı. Təkcə Şuşa şəhərində 187 tarixi abidə qeydə alındı. BDU-nun Tarix fakültəsinin tələbləri Azıx mağarasında arxeoloji tədqiqatlar aparmaq üçün təcrübə keçməyə başladılar. Bütün bu işlərin görülməsində bir məqsəd var idi, Dağlıq Qarabağın Azərbaycanla olan bağları inkişaf etsin.

Dağlıq Qarabağda təhsil və mədəniyyət sahəsinin inkişafına Heydər Əliyev xüsusi önəm verirdi. Xandəndi Pedaqoji İnstitunda Azərbaycan bölməsi açıldı. Bu da milli kadrların yetişməsi üçün müstəsna əhəmiyyətə malik idi. Onun digər xidmətlərindən biri Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması ilə bağlı idi. Çünki həmin dövrdə bütün rəsmi yazışmalar, tədbirlər keçmiş DQMV-da rus və erməni dillərində aparılırdı.

Beləliklə, bütün görülən işlər azərbaycanlıların vilayətə axını üçün münbit şərait yaratmışdı. Ən əsas məsələlərdən biri keçmiş vilayətdə azərbaycanlıların say tərkibinin1970-ci ildə cəmi 18% təşkil etdiyi halda, görülən işlərdən sonra bu sayın 1989-cü ildə 30%-i keçməsi oldu.

Ermənilər həmişə ən böyük təhlükəni Heydər Əliyevdən görürdülər. Ulu öndər hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra separatçılar dərhal fəaliyyətə keçdilər və fürsətdən istifadə edərək Dağlıq Qarabağın “müstəqilliyini” elan etdilər. Beləliklə, torpaqlarımızın 20%-i işğal altına düşdü.

Ulu öndər həmişə Qarabağ haqqında ağrı ilə danışırdı. O, Azərbaycanı Qarabağsız, Şuşasız təsəvvür etmirdi. Bu barədə deyirdi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur.” Həmişə çıxışlarında Azərbaycan xalqını əmin edirdi ki, bir gün mütləq Şuşaya, Qarabağa qayıdacaqlar. Bugün o arzu artıq reallaşıb, ulu öndərin ruhu şaddır. Oğlu, müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqını bir yumruğa çevirərək ordusu ilə birgə torpaqlarımızı qaytardı və ata vəsiyyətini yerinə yetirdi.

Azərbaycan xalqının XİLASKARI olan 98 yaşının qeyd etdiyimiz dahi lider Heydər Əliyev xalqımızın qəlbində əbədi iz qoymuşdur və nə qədər Azərbaycan xalqı vardır, Heydər Əliyev də yaşayacaqdır.

Anar FƏRƏCOV,

Bakı Dövlət Universiteti Filologiya fakültəsinin dekan müavini