Azərbaycan elminin çəpəki xətləri-Professor Aida Qasımova

Yəqin ki, alim həmkarlarım gənc tədqiqatçılarla söhbətdə “daha dəyişə  bilmərəm, kodlaşdırmışam”, “əlavə kitab sala bimərəm, artıq dissertasiyam kodlaşıb” kimi sözləri tez-tez eşidirlər.

Bundan əvvəlki yazılarımın birində bu məsələyə artıq toxunmuşdum. (“Humanitar dissertasiyalarda «humanistlik»: kodlaşdırmadan üzgörənliyədək”, 525-ci qəzet, 27 avqust 2019). Həmin yazımı oxuyanlar, təəssüf ki, nəticə çıxarmadılar.

Kodlaşdırma nədir?

Kodlaşdırma həqiqi alimin əl-qolunu bağlayan, amma plagiatçılara meydan açan bir vasitədir. Min bir zəhmətlə dissertasiyasını kodlaşdıran, yeni mənbə və məxəzlərə rast gəldikcə bir daha kodlaşdırma aparan tədqiqatçı günün birində bu üzücü prosesdən bezir və yeni məlumatları dissertasiyaya əlavə etmir. Yadımdadır, mən öz doktorluq dissertasiyamda (söhbət 1998-2000-ci illərdən gedir) yeni əldə etdiyim kitab və məqalələri işə əlavə edib a, b, c və s kimi sıralama aparmışdım. Məsələn, əlifba sırasında  20-ci sayda olan kitabdan sonra əlavəm olduqda, 20a şəklində yazmışdım. Azad Mirzəcanzadənin vaxtında bu normal qarşılandı. Amma indi buna da icazə verilmir. İcazə verilsə belə, kodlaşdırma kimi səviyyəsiz bir üsul aradan qalxmalıdır.

İndi gələk saxta, plagiatçı alimlərə.

Dissertasiya boyu mötərizə içərisində rast gəlinən rəqəmlər, yəni mənbənin ədəbiyyat siyahısındakı sıra sayı oxucunu daim oxu prosesini qıraraq əsərin sonundakı siyahını vərəqləməyə, həmin əsəri tapmağa məcbur edir. Bəzən də oxucu, oxu prosesini qırmasın deyə, sadəcə oxuyub keçir, sitatların nə dərəcədə düzgün olmasına fikir vermir. Hətta bir neçə səhifə ardıcıl olaraq eyni mənbədən köçürmələr də nəzərə çarpmır. Yəni bu üsul, sözün əsl mənasında, saxtakarların karına gəlir. Onu da qeyd edək ki, indi bəzi “alimlər”, hətta “akademiklər” iqtibası bəzək-düzək hesab edirlər. İnternetdən tələbə referatı və ya vikipedia materialı kimi bir yazı endirib ona görkəmli alimlərin əsərlərindən sitat bəzəyi vururlar. Qafaları “əşi, kimdi bunu yoxlayan…” düşüncəsi ilə dolanlar edir bunu.

Akademik tədqiqatda mənim istifadə etdiyim və üstünlük verdiyim üslub Çikaqo üslubudur. Səhifələrin aşağısındakı alt yazılarda (footnote) göstərilən mənbədə hər şey gün kimi aydın olur. Amma kodlaşdırmaya alışmış Azərbaycan elmi üçün hal-hazırda ən münasibi MLA (Modern Language Assosiation) üslubudur. Əlbəttə, söhbət humanitar elmlərdən gedir. Yaxşı olar ki, universitetlərin elm və innovasiya (vallah, kodlaşdırma istifadə edilən müəssisələrdə bu “innovasiya” sözünü yazanda gülməyim gəldi) işləri ilə məşğul olan şəxslər MLA üslubu ilə tanış olsunlar və “Xəbərlər”in Humanitar seriyasında məhz bu üslubu tətbiq etsinlər. Burada çətin bir iş yoxdur. Sadəcə azacıq, lap çüzi vaxt ayırıb əziyyət çəkmək lazımdır.

Gələk qaydalara:

  1. Burada mötərizədə istinad edilən ədəbiyyatın sıra nömrəsi deyil, müəllifin soyadı ondan sonra səhifə verilir. Məs. (Qasımova 155) Belə olduqda, tədqiqatçı daha kodlaşdırma əsiri olmur, axıradək əsərinə yeni mənbələr əlavə edə bilir.
  2. Əgər istinad edilən müəllifin Ədəbiyyat siyahısında bir-neçə əsəri varsa, onda müəllifin soyadının önündə istifadə edilən kitabın nəşr ili göstərilir. Məs. (Qasımova 1998, 155)
  3. İstinad edilən əsər həmmüəlliflidirsə, bu cür yazılır: (Qasımova və Həsənova 155)
  4. Əgər eyni zamanda bir yox, bir-neçə müəllifə istinad edilirsə, onda istinadlar nöqtə-vergüllə ayrılır. Məs. (Qasımova 155; Əliyev 14)
  5. Əgər artıq cümlədə müəllifin adı gedibsə, (Əliyev qeyd edir ki, … və s) onda mötərisədə yalnız səhifə göstərilə bilər. Məs. (14)
  6. Birbaşa istinadlar, yəni müəllifin fikrini olduğu kimi təkrarlama dırnaq içərisində verilməlidir. Məs. “ Abbasilər dövründə ərəb ədəbiyyatının qızıl dövrü başlayır.” (Mahmudov 120)
  7. Əgər birbaşa istinad 3 və ya 4 sətirdən artıqdırsa, o, mətndən ayrılır, yeni abzasla, soldan mətn daxilində 1 sm irəli çəkilməklə, yuxarıdan və aşağıdan bir sətir boş qalmaqla verilir. Beləliklə, istinad edilən böyük parça daha aydın şəkildə gözə çarpır.

Ümumiyyətlə, bu cür dırnaq içərsinə almağa və böyük həcmli istinadların mətndən fərqli verilməsinə riayət olunması çox vacib məsələdir. Bu qayda plagiatın qarşısının alınmasında mühüm addım ola bilər. Belə ki, burada mətnin görkəmi dəyişir və əxzetmələr aydın nəzərə çarpır. Qeyd edim ki, normal elmi mühitdə müəlliflər başqasının əsərindən böyük bir hissəni misal çəkəndə oxucudan üzr istəyirlər.

Elm aləmində ümumi qəbul olunmuş bir prinsip də var. Mətn daxilində və ədəbiyyat siyahısında kitab və jurnal, məqalə toplusu adları həmişə kursivlə verilir. Məqalə adları isə dırnaq içərisində yazılır. Biz kitab adlarını da dırnaq içərisində yazırıq, çünki bir də görürsən, nəşr zamanı bütün kursivlər ləğv edilir. Bu məsələyə də alışıb  dünya elminə inteqrasiya etmək, kitab adlarını kursiv, məqalə adlarını dırnaqla vermək lazımdır lazımdır.

İndi gələk çəpəki xətlərə.

Bu yerdə Qəribi, həqiqətən də, ağlamaq tutur. AAK-ın dissertasiyaların tərtib qaydalarında oxuyuruq: Dissertasiyada istifadə olunan mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti işarələrdən istifadə edilir:

Nöqtə

Vergül

Defis

Tire

Qoşa nöqtə

Çəpəki xətt

Qoşa çəpəki xətt

Mötərizə

Kvadrat mötərizə

Bilmirsən güləsən, yoxsa ağlayasan. Klaviaturadakı bütün işarələri ədəbiyyat siyahısına salmaqdan məqsəd nədir? İndiki belədir, gəlin bura ulduz, ət, faiz, üstəgəl, çərçivə və dollar işarələrini də əlavə edək, tam bir mənzərə yaransın. Ağalar, ayıbdir! Hansı əsrdə yaşayırsız? Məqsədiniz nədir? Dissertantı bu qədər incitməkmi olar? İnteqrasiya etmək istədiyiniz dünyada biblioqrafiyada nöqtə və vergüldən başqa heç bir işarə işlənmir. Çox olsa, nadir hallarda kitab və jurnalın nəşr ili mötərizədə verilə bilər, indi artıq o da aradan qaldırılıb. Sizi nə maraqlandırır? Dissertasiyanın elmi yeniliyi, məzmunu, yoxsa lazımsız qaydalarla gözə kül üfürüb total savadsızlıq yaratmaqmı?

Aida QASIMOVA,

BDU-nun “Ərəb filologiyası” kafedrasının professoru

Kanal32.az