Paşa Talıblı: “Elə həmənkiyəm dərdi-sərimlə…”
Ağzıgöyçəklər…
Elə həmənkiyəm dərdi-sərimlə…
…ömrümdə-günümdə həmənkiyəm mən!
…arxamı boş görüb gözünüz gülür,
diliniz dalımca danışır yaman!
= = = = = = =
…yenə ağzınıza gücünüz çatmır,
deməkdən çənəniz yenə lax düşüb.
…mənə susmaq düşüb dərdin önündə,
eh, sizə də laf-laf danışmaq düşüb.
= = = = = =
…yenə ağzınızda sözünüz durmur
—bilirəm, deməyə yoxdu yeriniz.
…ay ağzıgöyçəklər, nə göyçəksiniz!
Mən də bu görkəmdə sizin biriniz…
***
(Emil Rasimoğluna bir neçə sual)
…yenəmi köçür durnalar,
yenəmi çiçəklər qalır?
…yahu, yenəmi bir rüzgar?
Tökülür atların nalı…
= = = = = =
…yenə dilsizdimi sükut?
…şahə qalxmaqdamı umud?
…göy üzü yenəmi bulud?
Necədi quşların halı?
= = = = = =
…düz gəldik, düz getdik —həmən!
…bir gəldik, yüz getdik — həmən!
…biz gəldik, biz getdik —həmən!
Nə oldu dünyanın dalı?..
****
Bir gül olmalı…
Havadı, nə bilmək olur…
…bükülsə — bürkü olmalı.
…ən acı, nə varsa —adı
qürbət ya sürgün olmalı.
= = = = = =
…açıl, açıl, baxaq —nədir
tellərində duvaq…nədir?
…yaşıl-yaşıl, ağ-ağ —nədir,
deyəsən, bir gül olmalı.
= = = = = =
…eşik qar, içəri darmı?
…Yaradan hamıya yarmı?!
…olacağa çarə varmı? —
olmalı, bir gün olmalı!
*****
Bu fani belə şirinmi…
…dilimiz duaya çatmır,
əlimiz göyəmi yoxsa?
…yurdamı bənzər tənhalıq,
qurdamı, nəyəmi…yoxsa?
= = = = = =
…bir yuxarı bir aşağı!
…günorta günün işığı.
…bir-birinin yaraşığı—
qılıncmı, tiyəmi…yoxsa?
= = = = = =
…bu dad—sözünmü, şerinmi,
xeyirinmi ya şərinmi?
…bu fani belə şirinmi? —
ölürük deyəmi, yoxsa?
= = = = = =
…göz yaşından keçib getdim,
bir buğda dənindən keçdim.
…eşqi olanın könlündən,
bir fəthin günündən keçdim.
= = = = = = =
…dünyanın duzuna getdim,
üç arşın bezinə getdim!
…bir yolu düzünə getdim,
bir yolu enindən keçdim.
= = = = = = =
…başımı dərdə qaldırdım,
qaldırdım, bir də qaldırdım!
…duanı yerdən qaldırdım,
Allahın önündən keçdim.
****
Çöl…
…yanıldı, deyənlər—gücün yox daha!
…yanıldı,görənlər —ağrımı üzdə!
…öz ağlım həmişə əlimin altda;
mən əl götürmədim ağlımın üstdən!
= = = = = = =
…nə çoxdu ağlıma dil uzadanlar!
…eh, məni gözünnən yeyənlər nə çox!
Beləcə, min ildi döyüş günümə
hələ “balacadı” deyənlər nə çox!
= = = = = = =
…yazılı daşlardı yazı masam da!
Nə yazdım, daşların dilində yazdım…
…çölləmə deyiləm, çöl adamıyam!
…şeri də bir qıpçaq çölündə yazdım!
= = = = = = =
…mən ÇÖLdən gəlmişəm, çöl adamıyam!
…yanıldı, deyənlər —köçün yox daha!
…şerimi bir qıpçaq çölündə yazdım!
…yanıldı, deyənlər —gücün yox daha!
Paşa Talıblı
Rusiya Federasiyası