Aqil Şirinov:”Dini abidələrimizi qısa zaman kəsiyində bərpa edəcəyik”

Azərbaycanda mövcud olan dini abidələrin, mədəniyyət obyektlərinin xeyli hissəsinin yerləşdiyi Qarabağ artıq işğaldan azad edilib. Bu zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Ordumuzun birgə səyi ilə baş tutdu. Dövlətimizin başçısının işğaldan azad edilən torpaqlarımıza səfərləri zamanı əldə edilən görüntülərdən ermənilər tərəfindən işğal dövründə mədəniyyətimizə qarşı düşündüyümüzdən də artıq vandalizm aktlarının törədildiyinin şahidi oluruq. Məscidlərimiz dağıdılıb, məhv edilib, təhqirlərə məruz qalıb. Alban məbədlərimizin “qriqorian kilsəsi” adı altında təqdim olunduğunu təəssüf hissi ilə qarşılayırıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov söyləyib.

O deyib: “Mən Kəlbəcər rayonunda dünyaya gəlmişəm, orada böyümüşəm. Həmin məkanda mövcud olan dini abidələrin hər biri haqqında məlumatlara sahib insan kimi bildirmək istəyirəm ki, Kəlbəcərdə heç zaman erməni yaşamayıb. Orada yaşayan ermənilər işğaldan sonra yerləşdirilib. Kəlbəcərin hazırkı vəziyyətini ürəkağrısı ilə izləyirəm. Yaşadığımız ev dağıdılıb, işğaldan əvvəlki Qarabağdan əsər-əlamət qalmayıb. Təsəllimiz budur ki, torpaqların həqiqi sahibləri artıq öz yurdlarındadır.

Azərbaycan əsrlərdir tolerant, multikultural ölkə olaraq bütün dinlərin, etnik xalqların nümayəndələrinin birlikdə yaşadığı nadir torpaqlardan biridir. Xüsusi vurğulamaq istəyirəm ki, bütün səmavi dinlər insanları sülhə, əmin-amanlığa, qardaşlığa səsləyir. Bu vandallığı törədənlərin hansısa bir dinə məxsusluğu isə şübhə altındadır.

Lakin bütün dünyaya bəllidir ki, Azərbaycan nəinki xristianlığa, xristian abidələrinə qarşı, ümumilikdə bütün dinlərə, mədəni, tarixi, dini abidələrə hörmətlə yanaşır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı dövlətimizin başçısının Zəngilanda dağıdılmış məscidin bərpasına xüsusi diqqət yetirməsi də buna bariz nümunədir.

Prezident İlham Əliyev çıxışı zamanı vurğulayıb: “Ermənilər tərəfindən dağıdılmış və təhqir edilmiş bütün dini məbədlərimizin əvvəlki görüntüləri və işğaldan sonrakı görüntüləri tərtib edilir və dünya birliyinin diqqətinə çatdırılır. Bu gün ermənilərin mədəni irsi ilə əlaqədar öz narahatlığını ifadə edən bəzi xarici nümayəndələr, bax, bunu görsünlər, Zəngilan məscidinin qalıqlarını görsünlər, Şuşa məscidlərinin qalıqlarını görsünlər və görsünlər ki, Ermənistan dövləti bizə qarşı mədəni soyqırımı da törədib.

Biz isə bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik. Şuşa şəhərində artıq məscidlərin bərpasına start verilib. Ağdam Cümə məscidinin bərpası ilə əlaqədar hazırlıq işləri gedir. Bu gün Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası, konservasiyası işlərinə start verilir”.

Dövlətimizin başçısı Zəngilanda bərpa olunacaq məsciddə, Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin bərpasına başlanıldığını, bölgədəki ziyarətgahlarımızın yenidən inşasının, konservasiyasının və bərpasının həyata keçirildiyini, işğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin dirçəldilməsi üzrə müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb.

“Prezidentimiz hər dəfə işğaldan azad olunmuş torpaqlarımızı ziyarət etdikdə dini abidələrə baş çəkir. Ermənilərin bizə və mədəniyyətimizə qarşı törətdiyi soyqırımını dünya ictimaiyyətinə çatdırır. Biz də çalışmalı və əlimizdən gələni əsirgəməməliyik ki, bütün dünya bu vəhşilik aktının şahidi olsun. Bu təkcə bizə qarşı edilən vandallıq hadisəsi deyildir, bu həm də islam dünyasına qarşı edilmiş cinayətdir.

Məscidlərimizdən müxtəlif məqsədlər üçün istifadə olunması insanlığa sığmayan addımdır. Müzəffər Prezidentimizin rəhbərliyi ilə dini abidələrimizi qısa zaman kəsiyində bərpa edəcəyik. Biz torpaqlarımıza Böyük Qayıdışın astanasındayıq”, – deyə A.Şirinov vurğulayıb.