Akademik Zərifə xanım Əliyeva bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş xoşbəxt insanlardan olmuşdur. O, geniş və parlaq ürək sahibi, yüksək mənəviyyat və daxili zənginlik simvolu idi. Zərifə xanım qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı.
Ölkəmizdə oftalmologiya elminin inkişafında Zərifə xanımın misilsiz xidmətləri danılmazdır. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır.
Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
Zərifə xanım Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmologii” (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuşdur. 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əziz qızı Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın olmuşdur.
Apardığı elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR EA-nın akademiki seçilmişdir. Görkəmli alim, fəal ictimai xadim Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunmuş, Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülmüşdür.
Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi
şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi idi. O, nə edirdisə böyük sevgi ilə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında daha çox duyulurdu.
…Tale mənə həyatda nəcib və kübar missiya daşıyan bu böyük qəlb sahibi ilə təmasda, ünsiyyyətdə olmaq xoşbəxtliyi nəsib etmişdir. Ona qarşı hələ uşaq və yeniyetmə yaşlarımdan qəlbimin ən dərin guşələrində yer alan dərin minnətdarlıq duyğularımı çoxdan qələmə almaq istəyirdim. Zərifə xanım barədə səmimi düşüncələrimi bu gün hörmətli oxucularla bölüşməyi özümə mənəvi borc bildim.
1959-cu il idi. Qazaxıstana sürgün olunan ailəmiz, nəhayət ki, bəraət alıb Vətənə qayıtdı. Uzun illərin ayrılığı öz işini görmüşdü. “Vətən xaini”nin övladları kimi bizi Bakıda nə gözləyirdi? Əvvəlcə bizi Pirşağı qəsəbəsinə gətirdilər.
Atam Dövlət Təhlükəsizlik Komitəsinə gedib qeydiyyatdan keçəndə Qazaxıstandan sürgündən gələnlərin yerləşdirilməsi ilə məşğul olan gənc zabit Heydər Əliyev ilə görüşmüşdü. Həmin gündən bizim üçün yeni həyat başlandı. Hər an biz onun qayğısını hiss edirdik.
Pirşağıya gələndə yay idi. Tikanlı məftillərin o biri üzündə dustaqlar ev tikirdilər, əks tərəfdə isə kənd adamları məhsul toplayırdılar. Atam istəyirdi ki, biz oxuyaq, savadlı olaq, buna görə də yenə Heydər Əliyevin yanına getdi.
Günlərin bir günü bizim yaşadığımız yerdə əsl təntənə vardı. Heydər Əliyev Zərifə xanımla görüşümüzə gəlmişdi. Zərifə xanımın maşından düşüb toplaşanlara tərəf getməyi indi də yadımdadır. Güllü paltarda idi. Asta addımlarla yaxınlaşıb üzündə təbəssüm, mehriban baxışlarla bir-bir onu qarşılayanlarla görüşdü. Bizə “Vətən xaini” kimi baxanlar da vardı. Ona görə də onların bizə baş çəkmələri qəlbimizdə ümid çırağı yandırmışdı. Sevinirdik ki, əzizlərimiz bizə baş çəkiblər. Zərifə xanım hamı ilə görüşüb atama yaxınlaşdı. Mehribanlıqla salamlaşıb hal-əhval tutdu. Sonra mənzilimizə keçdi. Atamın icazəsi ilə biz onlarla salamlaşdıq. Zərifə xanım bizə əl uzatdı. Biz ona əl verib sonra əlindən öpdük. Güldü, heyrətini gizlətmədi: “Bunlar adət-ənənə ilə görüşürlər ki…”Sonra rusca danışdığımızı görüb “Rus dilində nə yaxşı danışırlar”, – dedi.
Mən Azərbaycanca dilləndim: “Biz rusların içində yaşamışıq, axı”. Azərbaycanca danışdığımızı biləndə təəccübünü gizlətmədi. Başımıza sığal çəkib “Hələ azərbaycanca da bilirlər ki, nə yaxşı uşaqlarsınız, mən sizə kömək edəcəyəm, oxuyub savadlı olacaqsınız”,–deyib bizə arxa-dayaq olacağını bildirdi.
Sevincimizin həddi-hüdudu yox idi. Sonra onlar içəri otağa keçdilər. Biz böyüklərin olduğu yerə keçmədiyimizdən söhbətlərini eşitmədik. Amma nədən söhbət getdiyini bilirdik. Onlar bu görüşdə bizim gələcəkdə hansı peşəyə yiyələnəcəyimizlə də maraqlandılar. Qardaşım təyyarəçi, mən isə müəllim olmaq arzumuzu bildirdik. Həmin gün yeni həyatımızın başlanğıcı oldu. Heydər Əliyev atamı qardaşı Həsən Əliyevlə tanış etdi, kömək etməsini tapşırdı.
Bir gün Həsən Əliyev atamı götürüb Bakının rayonlarını gəzməyə çıxdılar. Bütün sürgündən qayıdan azərbaycanlıların arzularını nəzərə alıb yeni yaşayış məskəni üçün yer axtarırdılar. Razin (indiki Bakıxanov) qəsəbəsini seçdilər. Qəsəbənin mərkəzində kirayə ev tutmuşduq. Zərifə xanım bizim o evimizə də tez-tez gəlirdi. Çay süfrəsi arxasında onun o qədər məsləhətlərini dinləmiş, maraqlı söhbətlərinə qulaq asmışıq ki…Hər sözünü, hərəkətini yaddaşıma hopdururdum.
Bir gün məsləhət gördü ki, kişilər ilə birgə bacarıqlı cavanlar da işə getsinlər. Zərifə xanım bunu o qədər qayğıkeşliklə, mülayimcəsinə məsləhət edirdi ki, onun sözündən çıxmağı bir kimsə ağlına gətirmirdi. O çətin illərdə hamının işə düzəlməsində onun böyük rolu oldu. Maşınqayırma, şin, çörək zavodları sürgündən gələnlərin üzünə bu xeyirxah insanın köməyi ilə açıldı. Neçə ailənin sevincinin ünvanı oldu Zərifə xanım!
Hədsiz dərəcədə səmimiliyini, qayğıkeşliyini hiss edirdik. O, bəzən zavodlara gedir, oradakı kimyəvi maddələrin işçilərin görmə qabiliyyətinə mənfi təsirinin olub-olmaması ilə maraqlanırdı. Tək biz yox, bütün Qazaxıstandan gəlib özlərinə yeni yuva quranlar onun ana qayğısını hiss edirdilər. Qardaşım onların köməyi ilə Saratov şəhərinə ali təyyarəçilik məktəbinə oxumağa göndərildi. Mən özüm Zərifə xanımın məsləhəti ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldum. Bir sözlə, həyatda qazandığımız hər bir nailiyyət bu böyük şəxsiyyətlərin adları ilə bağlı idi.
İnstituta qəbul olunduğumu bilən gün atam dedi: “Gedin, Zərifə xanıma təşəkkür edin”. Zərifə xanım qardaşıma və mənə istədiyimiz gün onlara gəlməyimizi tapşırmışdı. Qardaşımla həyətdə əkdiyimiz qızılgüllərdən böyük bir dəstə bağladıq, elektrik qatarına minib şəhərə gəldik.
Mənzilə daxil olanda Zərifə xanımın bizi necə mehribanlıqla qarşıladığını kaş görəydiniz. Bağrına basıb öpdü. Bizə süfrə açdırdı. Süfrəyə çörək, müxtəlif şirniyyatlar düzdürdü. Uşaqlarını çağırıb bizimlə söhbətə başladı. Heydər Əliyev elə bu zaman gəldi. Bizi görüb “Bizim Leyla instituta daxil olub, təbrik etmisinizmi?” – dedi. Zərifə xanım gülləri göstərdi: “Gör nə gözəl güllər gətiriblər”.
O söhbət yadıma düşəndə indi də düşünürəm ki, insanda nə qədər mədəniyyət, alicənablıq, ən xırda şeyə də müsbət reaksiya və qiymətləndirmək bacarığı olmalıdır ki, qarşısındakını ucaltsın. Zərifə xanımın dahiliyi bunda idi.
O, ana idi, qayğıkeş, mehriban ana! Başqalarına da öz övladlarına yanaşan kimi yanaşırdı. Mən onun qızı ilə necə mehriban söhbət etməsini, yaşamağımızla bağlı ən xırda detalları öyrənmək istəməsini indi də unutmuram.
Onunla bir dəfə 6 nömrəli məktəbdə görüşdüm. Zərifə xanım uşaqlarını aparmağa gəlmişdi. Mən isə həmin məktəbdə təcrübə keçirdim. Məni görən kimi qucaqlayıb, bağrına basdı, “Siz Leylanı tanımırsınız, o çox yaxşı qızdır, onların ailəsi o qədər əzab-əziyyət çəkib ki…” – deyə bizim həyatımız barədə oradakı müəllimlərlə söhbət etdi. Zərifə xanım haqqımda elə xoş, dəyərli sözlər söyləyirdi ki, mən onun verdiyi qiymətə layiq olmağa çalışırdım, Allaha yalvarırdım ki, ondakı keyfiyyətlərin bir hissəsi də məndə olaydı. Geyimimdə, davranışımda ona bənzəməyə çalışırdım.
Qazaxıstanda mən gənc yaşında həyatını dəyişən əziz anamın məzarını və ağır, dözülməz, hətta təhqiramiz sürgünlük illərinin olduqca acı xatirələrini qoyub gəlmişdim. Bu gün Bakı Dövlət Universitetinin professoruyam, filologiya elmləri doktoruyam. Auditoriyalarda sevimli tələbələrimə A.S.Puşkin, M.Y.Lermontov, L.N.Tolstoy, F.M.Dostoyevski və başqa böyük ədiblərin həyat və yaradıcılığı barədə mühazirələr oxuyuram. Övladlarım, nəticələrim var. Əldə etdiyim uğurlara görə həyatda mənə, qardaş və bacıma arxa, dayaq, pasiban olan Heydər Əliyevin ailəsinə, Zərifə xanım kimi nəcib insanlara borcluyam.
Bu məqamda hər bir azərbaycanlının qəlbini riqqətə gətirən bir məqamı qeyd etməmək ədalətsizlik olardı. O da budur ki, Heydər Əliyevin və Zərifə xanımın xoşbəxt ailəsində dünyaya göz açaraq yüksək savad, bilik və əxlaqi dəyərlər əxz edən, illər keçdikcə isə böyük siyasətçi və görkəmli tarixi şəxsiyyət kimi yetişən Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyev xalqımıza Qarabağda şanlı zəfər tarixini yaşatmışdır.
Mən bu gün o keçmiş günlərə qayıdanda, ötənləri yada salanda gözlərim dolur. “Kaş bu müstəqil Azərbaycanımızı görəydiniz, Zərifə xanım!”, – deyirəm. Akademik, həkim, müəllim, nə olursa-olsun, elmdə, cəmiyyətdə hansı mərhələyə yüksəlirsə yüksəlsin – mən Zərifə xanım Əliyevanın adını böyük hərflərlə yazılmağa layiq insan adlandırıram. Xalq qarasında deyilən yaxşı adam ifadəsi, məhz Zərifə xanımın boyuna biçilib. O, xeyirxahlıq mücəssəməsi, təmizlik simvolu, qeyrət nümunəsi kimi ürəyimdə özünə əbədi yer tutub. Onun qəlbindən payladığı nurdan insanların gözləri işıqlanırdı.
Leyla GƏRAYZADƏ,
Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru