Ədalətli müharibədə qalib ölkənin vətəndaşı olmaq böyük fəxarətdir. Azərbaycan xalqı doğma Qarabağı yağı düşmən işğalından azad etmişdir. Bu, böyük, möhtəşəm tarixi qələbədir.
Biz bu şanlı günü böyük səbirsizliklə gözləyirdik. İndi hər birimiz çox xoşbəxtik. Allah bu günü görməyi bizə qismət elədi. Bundan böyük səadət ola bilərmi? Əlbəttə, yox! Bu an qəlbimdən dilimə axan bu sözləri böyük qürurla səsləndirmək istəyirəm: Qarabağda Zəfər tarixi yazan Azərbaycan xalqına, Ali Baş Komandan İlham Əliyevə, xalqımızın bütün igid əsgər və zabitlərinə eşq olsun!
Milli mədəniyyətimizin beşiyi olan Şuşanı sevməyən azərbaycanlı tapılmaz. Bu, qeyri-mümkündür. Şuşa bizim hər birimiz üçün dərin məna və doğmalıq kəsb edir. Lakin mənə elə gəlir ki, möhtərəm Prezidentimiz Şuşanı xüsusi, əlahiddə bir sevgi ilə sevir və hər dəfə bura gəlməkdən sonsuz zövq alır.
Şuşada görülən bütün işlər cənab İlham Əliyevin birbaşa nəzarəti altındadır və atılan hər bir addım onu çox sevindirir. Dövlətimizin başçısı səfər zamanı bir daha fəxrlə qeyd etdi ki, Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri Şuşaya qaytarılıb. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verilib.
Fikrimcə, səfərin ən təsirli məqamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırmaları olub. Dövlətimizin başçısı bu zaman xalqa müraciət edərək deyib:
“Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi”.
Prezident sonra vurğulayıb ki, Şuşada olarkən insan Azərbaycan xalqının böyüklüyünü bir daha dərk edir. Bəli, Azərbaycan xalqı dərin mənəviyyata və zəngin mədəniyyətə sahib olan böyük və qüdrətli xalqdır. Xalqımızın Qarabağın azad edilməsi zamanı nümayiş etdirdiyi sarsılmaz birlik və qətiyyət, yüksək rəşadət və fədakarlıq bütün dünyanı heyrətə gətirib. Azərbaycanın adı-şanı, şöhrəti bundan sonra da artacaq! Biz qeyrətimizlə, hünərimizlə, intellektimizlə bundan sonra da tarix yazacağıq.
Bir məqamı da xüsusi qeyd etmək lazımdır. Dövlətimizin başçısı Şuşada tonqal qarşısında çıxış edərkən qeyd edib ki, müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma əsas missiyanı Prezident İlham Əliyevin iqtidarı dövründə yetişən gənclər yerinə yetiriblər.
Bəli, cənab İlham Əliyev Azərbaycan gəncliyinə dərin inam və etimad bəsləyir. Düşünürəm ki, Azərbaycan gənclərinin indiki və gələcək nəsilləri bu yüksək qiyməti layiqincə dəyərləndirəcək və öz parlaq uğurları, gözəl əməlləri ilə xalqımızın və dövlətimizin başını uca edəcək!
Leyla GƏRAYZADƏ,
Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru