Əgər sudan düzgün istifadə olunsa…

Ən böyük problem suyun idarə olunmasındadır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Ekoloji İnformasiya İçtimai Birliyinin sədr müavini Xosrov Musayev Kür çayında suyun səviyyəsinin düşməsinə münasibət bildirərkən deyib.

O deyib ki, Kürün quruması hər il təkrar olunan problemdir:

“Dünyada baş verən iqlim dəyişikliyi nəticəsində yağıntının miqdarının azalması suyun mənbələrinə də təsir göstərir. Suyun mənbələrinin azalması sonda çayda suyun azalmasına gətirir. Son nəticə budur: yağıntı az olur, dağlarda qidalandırıcı su mənbələrimiz azalır. İkincisi, bu gün hər şey sürətlə, o cümlədən sənaye də inkişaf edir. İnkişaf olanda əkin sahələri də artırılır. Buna da təlabat var. Amma bunlar artanda sular artmır, əksinə, azalma prosesi gedir. Bunu tənzimləməyin bircə yolu var, o da su ehtiyatlarından səmərəli istifadə etmək”. 

Xosrov Musayev qeyd edib ki, su mənbələrindən səmərəli istifadə olunmur:

“Biri balıq saxlayır, biri başqa məqsəd üçün istifadə edir. Kənd təsərrüfatında selləmə suvarma sistemi var, ondan imtina edib damcı suvarma sisteminə keçməliyik. Əgər düzgün istifadə olunsa, qıtlıq olmaz. Ən çox qidalandıran Kür və Araz caylarıdır. Su ehtiyatları bu cayların hesabınadır. Suyun azalması suvarmada problem yaradır. Suvarma olmadan heç bir məhsul əldə etmək mümkün deyil. Bu, böyük və bizdən asılı olmayan problemdir”.