“BUTA” körpələr evi Şəhid övladlarına ödənişsiz təhsil kartı verib-FOTO

“BUTA” körpələr evi – uşaq bağçasının rəhbəri Günay Ağamalı öz facebook səhifəsində “BUTA” körpələr evi uşaq bağçasında Şəhid övladlarının ödənişsiz təhsil alma kartını təqdim etdikləri barədə məlumat paylaşıb:

“İstər I, istərsə də II Qarabağ Müharibəsində şəhid olanların ailələri hər birimiz üçün əzizdir. Onların övladları da bizim üçün doğmadır.

Xüsusilə qeyd etmək istərdim ki, II Qarabağ Müharibəsində, 44 Günlük Zəfər Savaşında şəhidlərimizin xeyli hissəsi ailəli idilər, özlərindən sonra körpə uşaqları bizə əmanət edib Vətən uğrunda canlarını fəda etdilər. Təbii ki, qazi qardaşlarımızda çox böyük sayqıya layiqdirlər. Bütövlükdə Vətən Savaşında iştrak edən bütün qardaşlarımız bizim üçün əzizdirlər. Qazi ailərinə, Şəhid ailələrinə Cənab prezidentimiz İlham Əliyevin, birinci vitse – prezidentimiz Mehriban Xanım Əliyevanın çox böyük diqqəti və qayğısı var. Biz cəmiyyət olaraq hər birimiz imkanlarımız daxilində həm də bu yerdə dövlətimizlə bərabər olmalıyıq. Hər bir Azərbaycan vətəndaşı öz imkanları daxilində şəhid ailələri ilə, qazilərlə və onların övladları ilə bərabər olmalı, onlara dəstək olmalıdırlar. Məhz onda bizim cəmiyyətimiz və dövlətimiz güclü olur, həmrəy olur. Mən birmənalı şəkildə onun tərəfində deyiləm ki, biz bütün işləri ancaq dövlətin üzərinə yükləyək.

Bu gün Cəbrayıl döyüşləri zamanı Şəhid olan Vüsal Qüdrət oğlu Məmmədovun övladı Hüseyni, Şuşa döyüşləri zamanı Şəhid olan Babək Bəxtiyar oğlu Allahverdiyevin övladı Çingizi, Murovdağ döyüşləri zamanı Şəhid olan Tofiq Etibar oğlu Həsənovun övladı Tunarı ziyarət edib, onlara “BUTA” körpələr evi – uşaq bağçasında Şəhid övladlarının ödənişsiz təhsil alma kartını təqdim etdik. Şəhid övladları “BUTA” körpələr evi – uşaq bağçasında 6 yaşınadək ödənişsiz təhsil ala biləcəklər.”

Kanal32.az