Vəhy, idrak və gerçəkləşən dua haqqında…
Bəzən gecənin səssizliyində insan özünə elə bir sual verir ki, cavabı gündüzün səs-küyündə eşidilmir: bu dünyanı kim aparır? Çoxluqmu, güclülərmi, səsi uca çıxanlarmı? Yoxsa heç kimin tanımadığı, adını heç bir divara yazmadığımız, sükutla görən bir ovuc insan?
Görünməyən bölgü
Necə ki insanlar cinsə, irqə bölünür, düşüncə, vəhy və idrak cəhətdən də bölünür. Birinci bölgünü göz görür: dərinin rəngini, üzün cizgisini, səsin tonunu. İkincisini isə heç bir güzgü göstərmir. O, insanın içində, baxışın arxasında, sözün dibində gizlənir. Amma dünyanın taleyini həll edən məhz o görünməyən bölgüdür.
Bunu deyəndə Tanrını ittiham etmirəm. Günəş hamının pəncərəsinə eyni düşür. Sadəcə hər kəs pərdəsini öz idrakı qədər açır. Biri otağını işıqla doldurur, o biri pərdənin arxasında oturub qaranlıqdan şikayət edir. Bölən Tanrı deyil, insanın idrakıdır.
Dənizi daşıyanın tənhalığı
Vəhyi olan insanların əksəriyyəti özünü vəsf etmək imkanından məhrum qalır. Çünki gördüyü şey sözə sığmır. İçində bir dəniz daşıyır, amma ovcunda göstərə bildiyi yalnız bir damladır. Sözə sığmayanı isə heç kimə sübut edə bilmirsən. Lao Tszı bunu iki min beş yüz il əvvəl demişdi: «Bilən danışmaz, danışan bilməz.»
Ona görə vəhy sahibi çox vaxt tək qalır. Süfrədə hamı ilə oturur, hamı kimi gülür, amma gecə evə dönəndə özü ilə apardığı yükü heç kim görmür. Çöldən adi adamdır, içində isə bütöv bir aləm var. Bu tənhalıq cəza deyil, görməyin haqqıdır.
Dünyanı aparanlar
Bununla belə, dünya vəhy və kəşf imkanları olan insanların idrakı ilə mövcuddur və idarə edilir. Dünyanı çoxluğun səsi yox, kəşf edənlərin sükutu irəli aparır. Odu ilk dəfə əlinə alan bir nəfər idi. Ulduzlara baxıb yol tapan bir nəfər idi. Heraklit deyirdi: «Biri mənim üçün on min nəfərə bərabərdir, əgər o, ən yaxşıdırsa.» Kimsə görməsəydi, qalanlarımız nəyə baxacağımızı bilməzdik.
Dünyanı cins idarə etmir, irq idarə etmir.
Dünyanı vəhy, idrak və kəşf idarə edir.
Üç mərtəbə
Bu vəhyi və kəşfi idrak edənlər isə həmin sistemin nizamında iştirak edir. Özləri kəşf etməsələr də, kəşf olunanı anlayır, daşıyır, yerinə qoyurlar. Memar binanı xəyalında görür, usta onu daşla hörür. Biri olmasa bina doğulmaz, o biri olmasa ayaqda durmaz.
Geri qalanlar dua edir, arzu edir, imdad diləyir. Birincilər görür. İkincilər görənin gördüyünü anlayır. Üçüncülər isə nə baş verdiyini bilmədən onun nəticəsini gözləyir. Seneka məktublarının birində qədim bir misranı xatırladır: «Tale istəyəni aparır, istəməyəni sürüyür.» Nizamı anlayan onunla birgə addımlayır, anlamayan isə arxasınca sürünür.
Dua pis deyil
Bu sözlərimdə duaya qarşı heç nə yoxdur. Dua insanın öz acizliyini etiraf etməsidir və bu etirafda bir gözəllik var. Ana övladının başı üstündə pıçıldayanda, qoca əkinçi quru torpağa baxıb göyə üz tutanda insanın ən təmiz halını görürük. Amma tək dua ilə nizam qurulmur. Əlini göyə açan adam o əli işə də uzatmalıdır.
İdrak və əmək alətlərini doğru idarə edənlərin duaları gerçəkləşir. Çünki belə insanın duası boş əllə edilmir. O, əvvəlcə düşünür, sonra işləyir, yalnız bundan sonra əlini göyə açır. Əkinçi toxumu səpib, sonra yağış diləyir. Toxum səpməyənin tarlasına yağan yağış isə yalnız palçıq gətirir.
Köhnə rahiblərin iki sözlük qaydası vardı: «Ora et labora», yəni dua et və çalış. Bizim xalq bunu daha sadə deyib: “Səndən hərəkət, məndən bərəkət.” Hədisdə də eyni fikir var: “Əvvəl dəvəni bağla, sonra təvəkkül et”.
Pilləkən
İdrak yolu göstərir, əmək o yolu gedir, dua isə yolçuya güc verir. Üçü bir yerdə olanda insan bir gün baxıb görür ki, dilədiyi şey artıq öz əlləri ilə qurduğu şeydir. Və o an üçüncü mərtəbədən ikinciyə qalxmış olur. Çünki bu mərtəbələrin arasında divar yox, pilləkən var. Hər kəs o pilləkənin başında doğulmur, amma hər kəs ilk pilləyə ayağını qoya bilər.
Gecənin o sualına indi belə cavab verirəm: dünyanı görənlər aparır, anlayanlar qurur, dua edənlər isə əllərini işə uzatdıqları gün bu karvana qoşulur.
Kəşf edən yol açır, idrak edən qurur. Dua edənin duası isə ağlı və əli işə düşəndə gerçəkləşir.
Müəllif: Namiq Tofiqoğlu