Mingəçevirdə mərkəzləşdirilmiş sınaq qiymətləndirməsi keçirilib-FOTOLAR

25 noyabr 2026-cı il tarixdə Mingəçevir şəhərinin bütün ümumi təhsil müəssisələrində Mingəçevir şəhəri üzrə Təhsil sektorunun təşkilatçılığı ilə VI siniflər üzrə tədrisin keyfiyyətinin öyrənilməsi məqsədilə mərkəzləşdirilmiş qaydada sınaq qiymətləndirmə təşkil olunub.

KANAL32.az xəbər verir ki,qiymətləndirmə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə keçirilib. Ümumilikdə 1782 şagirdin iştirak etdiyi qiymətləndirmənin əsas məqsədi şagirdlərin bilik və bacarıq səviyyəsini müəyyənləşdirmək, təlim prosesində mövcud olan çətinlikləri və çatışmazlıqları aşkar etmək, əldə ediləcək nəticələr əsasında tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər planlaşdırmaqdır. Sınaq qiymətləndirmənin təşkili və keçirilməsi prosesi təhsil sektoru tərəfindən yerində izlənilb,həmçinin imtahanın müəyyən edilmiş qaydalara və təlimatlara uyğun aparılmasına da nəzarət edilib.

Qiymətləndirmənin nəticələri təhlil olunaraq şagirdlərin fənlər üzrə mənimsəmə səviyyəsinin, bilik və bacarıqlarında mövcud olan boşluqların, eləcə də inkişaf etdirilməli istiqamətlərin müəyyənləşdirilməsinə imkan yaradacaq. Əsas məqsəd qiymətləndirməni yalnız nəticələrin ölçülməsi vasitəsi kimi deyil, həm də tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm diaqnostik mexanizm kimi tətbiq etməkdir.

Qeyd edək ki, noyabrın 24-də şəhərin ümumi təhsil müəssisələrinin IV sinif şagirdləri üçün də eyni formatda sınaq qiymətləndirmə keçirilib. Qiymətləndirmənin yüksək səviyyədə təşkilində iştirak edən ümumi təhsil müəssisələrinin rəhbərlərinə, müəllimlərə və prosesə cəlb olunmuş digər əməkdaşlara minnətdarlıq bildirilib. Təhsil sektorunun müdiri Rüstəm Aslanov bildirib ki, tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması və təhsil müəssisələrinin real ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində sistemli fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər.

Esmira Hidayətova,

Mingəçevir