Heydər Əliyev Mərkəzində Mingəçevir Gənclər Evi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mingəçevir Gənclər Evinin İKT dərnəyi çərçivəsində gənclər üçün “Rəqəmsal və informasiya təhlükəsizliyi” mövzusunda maarifləndirici görüş təşkil olunub.
KANAL32.az-a verilən məlumata görə,görüşdə Mingəçevir Gənclər Evinin İKT üzrə dərnək rəhbəri Ləman Bəylərova, Beynəlxalq Jurnalistlər Federasiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, politoloq İnqilab Şirinli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Konsensus Vəkil Bürosunun vəkili Fəzail Hacıyev və Heydər Əliyev Mərkəzinin məsul əməkdaşı Tutu Xanlarova çıxış ediblər.

Çıxışlar zamanı rəqəmsal və informasiya təhlükəsizliyinin əhəmiyyəti, müasir dövrün əsas rəqəmsal təhdidləri, fişinq hücumları, zərərli proqram təminatları, şəxsi məlumatların oğurlanması, dezinformasiya və manipulyasiya, eləcə də deepfake texnologiyaları və süni intellektlə bağlı təhlükələr haqqında ətraflı məlumat verilib.
O da bildirilib ki, informasiya təhlükəsizliyi yalnız texniki müdafiədən ibarət deyil. Burada vətəndaşın informasiya savadlılığı və məsuliyyətli davranışı da mühüm rol oynayır. İnformasiya müharibəsi şəraitində saxta xəbərlər cəmiyyətin birliyinə, dövlət institutlarına olan etimada və ictimai sabitliyə zərər vura bilər.
Qeyd olunub ki, qlobal problemlər kontekstində rəqəmsal dünyada təhlükəsizliyin qorunması, informasiya mədəniyyəti və kibertəhdidlərə qarşı mübarizə dövrün ən aktual məsələlərindəndir. Risk qrupuna daxil olan yeniyetmə və gənclər informasiya seçimində həss davranmalı və hər zaman öz dövlətinin milli təhlükəsizliyini düşünməlidir.






