Azərbaycan–Çin əlaqələrinində strateji tərəfdaşlıq münasibətləri-TƏHLİL

Azərbaycan–Çin Əlaqələrinin Müasir Mərhələsi: Strateji Tərəfdaşlıq Münasibətlərinin Yeni Perspektivləri

XXI əsrin birinci rübündə qlobal sistemdə və regional tarazlıqlarda köklü dəyişikliyə səbəb olan Çin Xalq Respublikası (ÇXR) təkcə dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi deyil, həm də hərtərəfli bir vizyon və strategiya hazırlayaraq beynəlxalq siyasət qaydalarını yenidən müəyyənləşdirməyə çalışan bir güc kimi seçilir.  Tarix boyu Çin hökmdarlarının əsas prioriteti birliyi qorumaq və parçalanmanın qarşısını almaq olub. Dövlət adları (xanlıq adları) bu məqsədə paralel olaraq dəyişsə də, mədəni homogenlik və ideoloji ənənəçilik hakimiyyətə nəzarət edən hökmdarlar üçün ən vacib elementlər olaraq qalıb. Yumşaq güc dünya dövlətləri tərəfindən istifadə edilən ən çox yayılmış güc növüdür. Çin üçün, bir çox dövlətlər kimi, yumşaq güc də xarici siyasətində mühüm strategiya kimi qəbul edilmişdir. Çin son illərdə beynəlxalq arenada əhəmiyyətli iqtisadi yüksəliş yaşayıb. ÇXR-in milli strategiyası 2049-cu ilə qədər “Böyük Milli Dirçəliş”, “Çin Arzusu” və “Çinin Modernləşməsi” məqsədlərinə çatmağı hədəfləyir. Bu strategiya ÇXR-in milli gücünü artırmaq və ÇXR-in idarəetmə sistemini və milli maraqlarını dəstəkləmək üçün beynəlxalq nizamı yenidən formalaşdırmaq məqsədilə siyasi, sosial, iqtisadi, texnoloji və hərbi inkişafı qətiyyətlə davam etdirir. Soyuq müharibədən sonra Çin qarşılıqlı etimada, bərabərliyə və əməkdaşlığa əsaslanan daha praqmatik siyasət yürütmüşdür. Dünyanın ən çox əhalisi olan Çinin 5000 illik mədəni tarixi var.Bu yeni siyasətin əsasları Çinin iqtisadi inkişafı və ordusunun qonşularına və ya dünyaya təhlükə yaratmamasıdır. Çinin son illərdə artan iqtisadi gücü ona xarici siyasətində fəal hərəkət etməyə imkan verib. Çinin güclü iqtisadi mövqeyi onun strateji məqsədlərinə çatmaq üçün hərbi gücdən daha çox iqtisadi gücdən istifadə edəcəyini göstərir. 1978-ci ildən bəri beynəlxalq iqtisadiyyata inteqrasiyanı asanlaşdıran iqtisadi struktur yaradılmışdır. Bu proses zamanı dövlət faktiki olaraq özəl kapitalın bütün rollarını və məsuliyyətlərini öz üzərinə götürmüşdür. Bu, Çində investisiya mühitini gücləndirmiş, birbaşa xarici investisiyaları artırmış, xarici ticarətin sürətli artımına səbəb olmuş və Ümumdünya Ticarət Təşkilatına üzvlüklə nəticələnmişdir.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əməkdaşlığınsəmərəliliyi siyasi dialoqun davamlılığı, qarşılıqlı iqtisadi maraqlarınmövcudluğu və ortaq təhlükəsizlik prioritetlərinin müəyyən edilməsi vacib şərtlərdən biridir. Azərbaycan ilə Çin arasında münasibətlər durmadan inkişaf edir və strateji xarakter daşıyır. Prezident cənab İlham Əliyevin Çinə son səfəri zamanı “Hərtərəfli Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyanat”ın imzalanması iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişdir. Son illərdə Çin Cənubi Qafqaz və Xəzər hövzəsində nəqliyyat, enerji və investisiya mövzularında daha tez-tez adı çəkilən tərəfdaşlardan biridir. Azərbaycan üçün də Çinlə əlaqələr xarici siyasətin əsas istiqamətlərindən sayılır; Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ildə Çin nümayəndəsi ilə görüşündə də vurğulamışdı. Mövzunun bu gün aktual olmasının iki konkret səbəbi var. 2026-cı ilin sentyabrında  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Çin Araşdırmalar Mərkəzi açıldı və tədbirdə ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Haising iştirak etdi. Üç həftədən bir qədər sonra, 1 oktyabrda Prezident İlham Əliyev Si Cinpinə göndərdiyi məktubda münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını yazdı.  Münasibətlərin siyasi əsası bir neçə il ərzində yüksək səviyyəli görüşlərlə formalaşıb. 2016-cı ildə Çin sədrinin xüsusi nümayəndəsini qəbul edən Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycana dialoq tərəfdaşı statusu verilməsində Çinin göstərdiyi dəstəyə görə minnətdarlıq bildirmişdi.   2019-cu ilin mayında Vanq Yinin başçılıq etdiyi heyətlə görüşdə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə son səfəri zamanı Çin rəhbərliyi ilə aparılan danışıqların əlaqələrin strateji xarakterini təsdiqlədiyini demişdi.

Dəstək qarşılıqlıdır. 2023-cü ildə Vahid Çin siyasətinə və Çinin ərazi bütövlüyünə dəstək bir daha təsdiqlənib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev pandemiya dövründə Çinin Azərbaycana vaksin ayırmasını da xatırladıb. 2024-cü ildə də Azərbaycanın bu mövqeyi dəyişmədiyi, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində artım olduğu vurğulanıb. Qarşılıqlı suverenlik prinsipinin bütün bu mətnlərdə ön planda olması təsadüfi görünmür: tərəfdaşlıq ideoloji bloklara deyil, praqmatik maraqlara əsaslanır.

14 oktyabr 2026-cı ildə Prezident ÇKP MK Siyasi Bürosunun üzvü, xarici işlər naziri Vanq Yini qəbul edib. Görüşdə Prezidentin Çinə dövlət səfəri, Si Cinpinlə söhbətləri və strateji tərəfdaşlığa dair Birgə Bəyanatın qəbulu münasibətlərin yeni səviyyəyə qalxması kimi xatırlanıb. Vanq Yi Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha bildirib, Azərbaycanı AQEM-də sədrliyinə görə təbrik edib.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevisə Vahid Çin siyasətinə dəstəyi və “Bir Kəmər, Bir Yol” təşəbbüsünün əhəmiyyətini vurğulayıb. Gündəmdə iqtisadi-ticari əlaqələr, Orta Dəhliz, bərpaolunan enerji, habelə separatizm və ekstremizmlə mübarizə də olub.

 Hərtərəfli strateji tərəfdaşlıq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2026-cı il tarixli məktubu münasibətlərin hazırkı statusunu rəsmi dildə ifadə edir. Çin burada “dost ölkə və etibarlı strateji tərəfdaş” adlandırılır; yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və bir-birinin suverenliyinə, ərazi bütövlüyünə davamlı dəstək münasibətlərin səciyyəvi cəhətləri kimi göstərilir. Məktubda əlaqələrin “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəlməsi qəti siyasi iradənin və birgə səylərin nəticəsi sayılır. Əməkdaşlıq sahələri sırasında iqtisadi-ticari əlaqələr, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahə sadalanır. Yəni tərəfdaşlıq bir-iki layihəyə söykənmir, kifayət qədər geniş sahəni əhatə edir.Mətnin diqqəti çəkən cəhəti odur ki, burada iki fikir yan-yana dayanır: Çinin qlobal güc mərkəzi kimi tanınması və Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünə dəstəyi.

İqtisadi, nəqliyyat və enerji ölçüsü

Nəqliyyat bu tərəfdaşlığın ən görünən hissəsidir. Məktubda “Kəmər və Yol” layihəsi, Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə birgə bağlantı layihələri qlobal əməkdaşlığın mühüm amilləri kimi göstərilir. Liu Haising də DİA-dakı çıxışında Orta Dəhlizin və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Azərbaycan və Çini daha da yaxınlaşdırdığını deyib. Bunun əməli başlanğıcı kimi 2019-cu ildə Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsi xatırlanır. Enerji sahəsində isə əməkdaşlığın “yeni müstəviyə keçdiyi” bildirilir. Prezident Çinin “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsindəki fəaliyyətini təqdir edir, şirkətin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının açılışını isə iqtisadi əlaqələrin şaxələndirilməsinin növbəti nümunəsi adlandırır. Deməli, əlaqələr tranzit və ticarətdən kənara çıxaraq birbaşa investisiyaya və texnologiyaya yönəlir.

Liu Haising Çindən Azərbaycana investisiyaların artdığını və iqtisadi əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə inandığını söyləyib.

Elmi-təhsil və humanitar ölçü: DİA-da Çin Araşdırmalar Mərkəzi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Çin Araşdırmalar Mərkəzinin rəsmi açılışı 8 sentyabr 2026-cı ildə keçirilib. Mərasimdə ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Haising, Yeni Azərbaycan Partiyası sədrinin müavini Tahir Budaqov, akademiyanın rektoru akademik Urxan Ələkbərov və  millət vəkilləri iştirak edib. Rektorun sözlərinə görə, mərkəzdə Çin dilinin öyrənilməsi, Çin mədəniyyəti, tarixi, iqtisadiyyatı və dövlət idarəçiliyi təcrübəsinin araşdırılması, elmi seminar, konfrans və birgə layihələr nəzərdə tutulur . Əməkdaşlığın hüquqi əsasını bu ilin mayında ÇKP MK-nın Partiya Məktəbi ilə DİA arasında imzalanmış memorandum təşkil edir; Liu Haisinqə görə, sənəd dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır.

Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəriTahir Budaqov isə əməkdaşlığın kadr hazırlığını, elmi tədqiqatları, təcrübə mübadiləsini və birgə layihələri əhatə etdiyini deyib. Onun sözlərinə görə, cari ildən dövlət idarəçiliyi üzrə əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət planının hazırlanması istiqamətində konkret addımlar atılacaq. Yəni əlaqələr yalnız liderlərin görüşləri ilə deyil, təhsil və tədqiqat qurumları səviyyəsində də davam etməyə başlayır. Humanitar əlaqələrdə Heydər Əliyev Fondunun rolu da nəzərə çarpır. 2024-cü ildə Azərbaycana gələn Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin səfərin Fondun dəvəti ilə olduğunu deyib və Fondu Çinin çox etibar etdiyi, sıx əməkdaşlıq apardığı qurum adlandırıb. 2016-cı ildə daha çox diplomatik dəstək səviyyəsində görünən münasibətlər 2026-cı ilə qədər çoxsahəli tərəfdaşlığa çevrilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik akademiyasında Çin Araşdırmalar Mərkəzinin yaradılması bu prosesin yeni mərhələsi sayıla bilər: əməkdaşlıq nəqliyyat xətləri və investisiya layihələri ilə yanaşı, qarşılıqlı bilik, kadr hazırlığı və idarəçilik təcrübəsinin öyrənilməsi hesabına da dərinləşir. Uzunmüddətli dayanıqlıq üçün məhz bu sonuncu sahə həlledici ola bilər.

 

s.e.f.d., dos. Murtəza Həsənov,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

Siyasi İdarəetmə fakültəsinin dekanı